AZ

Qərar verdilər: “Haylar ölkəsi...” kimi qalırlar

XİN başçısının açıqlaması göstərir ki, Ermənistan monoetnik dövlət siyasətindən əl çəkmir, əks halda...

“Hesab edirəm ki, Ermənistanda Ermənistan vətəndaşları,  Azərbaycanda Azərbaycan vətəndaşları yaşamalıdır”. Xarici işlər naziri Ararat Mirzoyan noyabrın 5-də azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Bu yerdə bir xatırlatma yerinə düşür: Ermənistanın sabiq prezidenti Serjik Sərkisyan də hakimiyyətdə olanda irqi ayrı-seçkilik xarakterli bəyanat verərək demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu səbəbdən də Ermənistan dünyada bəlkə yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Orada heç bir milli azlıq yaşaya bilməz. Onlar ölkə ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar.

Bakıda minlərlə erməni yaşayır. Ermənistan isə qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına əngəl olur. Bəs proses nə vəd edir? Qarabağa gəlmiş və könüllü getmiş haylarla Qərbi Azərbaycanın yerli sakinləri - hansı ki, deportasiya olunublar - onlar arasında bərabərlik işarəsi qoymaq olarmı? Beynəlxalq hüquq və konvensiyalar nə deyir?

Pərvanə

Deputat, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, qaçqınların geri qayıdış hüququ beynəlxalq hüquqi nizamın tərkib hissəsidir: “BMT-nin İnsan Hüquqları Komitəsi bu hüququ belə şərh edir: Dövlətlər vətəndaşlarını ölkəyə buraxmamaq üçün çox güclü əsaslara malik olmalıdır. Hətta ölkədən məcburi çıxarılan və ya girişinə qadağa qoyulan şəxslər belə, müəyyən hallarda qayıtmaq hüququna malik ola bilərlər. Geri qayıdış hüququ BMT-nin bir sıra vacib konvensiyalarında öz əksini tapıb. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunur: "Hər kəs istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və ona qayıtmaq hüququna malikdir". Bu, beynəlxalq hüquqda qayıtmaq hüququnun əsas ifadəsidir. Hüquqi baxımdan beynəlxalq norma və standartların formalaşmasına əsas yaradır". Xanım deputat həmçinin bildirdi ki, 1966-cı ildə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda” qeyd olunur ki, "Heç kim öz ölkəsinə daxil olmaq hüququndan əsassız olaraq məhrum edilə bilməz". P.Vəliyeva ardınca qeyd etdi ki, “öz ölkəsi” ifadəsi yalnız vətəndaşlıqla məhdudlaşmır: “BMT İnsan Hüquqları Komitəsi bildirir ki, bu, həmçinin daimi sakinləri, qaçqın statusunda olanları, doğulduğu ölkəyə güclü mədəni, ailəvi və hüquqi bağları olan şəxsləri də əhatə edə bilər. "Əsassız məhrumetmə" - Dövlət bu hüququ yalnız çox spesifik hallarda - məsələn, təhlükəsizlik və ya cinayət səbəbiylə - və qanuni əsaslarla məhdudlaşdıra bilər. Bu pakt insanların doğma vətəninə qayıtmaq hüququnu beynəlxalq səviyyədə tanıyan ən güclü hüquqi alətlərdən biridir. Bu hüquq vətəndaşların sərhədlər və siyasi rejimlər dəyişsə belə, vətənlərinə geri dönə bilmələrini təmin etmək üçün nəzərdə tutulub. 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının 49-cu maddəsində (deportasiya ilə bağlı) qeyd olunur: “Fərdi və ya kütləvi məcburi köçürmələr, eləcə də deportasiyalar qadağandır...” Burada birbaşa qayıtmaq hüququndan bəhs edilməsə də, bu hüquq zorakı köçürmənin qanunsuz olmasını dəstəkləyir".

Milli Məclis üzvü digər beynəlxalq sənədlərə də istinad edərək qərbi azərbaycanlıların qayıdışının əngəllənməsini mümkün saymadı: “BMT Baş Assambleyasının 1948-ci il, 194 saylı Qərarı xüsusilə fələstinli qaçqınlarla bağlı olsa da, beynəlxalq qaçqınlarla bağlı müzakirələrdə tez-tez istinad olunur. Burada deyilir: "Qaçqınlar evlərinə qayıtmaq və qonşuları ilə sülh içində yaşamaq istəyirlərsə, bu onlara ən qısa zamanda təmin edilməlidir". Qaçqınların Statusu haqqında 1951-ci il BMT Konvensiyasında isə birbaşa “qayıtmaq hüququ”ndan bəhs edilmir, lakin qaçqınlar üçün dayanıqlı həll yolları dəstəklənir. Burada könüllü repatriasiya (qayıdış), yerli inteqrasiya və üçüncü ölkəyə köçürülmə kimi müddəalar yer alır".

Deputat əminliklə qeyd etdi ki, qərbi azərbaycanlıların da qayıdışı iki dövlət arasında münasibətlərin normallaşması çərçivəsində və beynəlxalq mexanizmlərlə həyata keçirilə bilər: “Bu, həm də bölgədə dayanıqlı sülhün və qarşılıqlı etimadın qurulması üçün mühüm addım ola bilər. Bu insanlar öz torpaqlarından zorla çıxarılıblar və tarixi-mədəni kökləri həmin bölgələrdədir. Ermənistan rəhbərliyi bu qayıdışdan qorxmamalıdır. Əksinə, bu, Ermənistanın hüquqi və humanitar öhdəliklərindən biridir, Ermənistanın sülh prosesi çərçivəsində məsuliyyətli davranış nümayiş etdirməsi üçün vacibdir, siyasi və diplomatik etimadın formalaşmasına xidmət edir”. 

P.Vəliyeva xatırlatdı ki, bir müddət öncə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ermənistanlı həmkarları ilə görüşmək üçün İrəvana səfər ediblər: “Görüşün məqsədi sülh prosesinin perspektivləri kontekstində vətəndaş cəmiyyətlərinin fikir mübadiləsi olub. Sülh prosesi ərəfəsində bu cür görüşlərin keçirilməsi sülhün öz praktiki nəticələrini göstərdiyinin daha bir nümunəsidir. Etimad-quruculuq tədbirləri çərçivəsində artıq tərəflər bundan öncə də irəliyə doğru bir neçə addım atıb. Vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi ekspertlərin dəyirmi masa müzakirəsi əslində həm də sülhdə ictimai fonun yaranmasına xidmət edir. Yəni dövlətlərin siyasi danışıqları ilə yanaşı, ictimaiyyət təmsilçilərinin də real vəziyyəti qiymətləndirməsi və əməkdaşlıq imkanlarını dəyərləndirməsi iki ölkə arasında etimad-quruculuğuna dəstək baxımından çox əhəmiyyətlidir. Vətəndaş cəmiyyətini təmsil edən Qərbi Azərbaycan icması ilə də bu cür görüşün keçirilməsi, onların arzu və istəklərinin dinlənilməsi etimad-quruculuğuna dəstək ola bilər. Nəticədə bu da regionda davamlı və dayanıqlı sülhə nail olunmasına xidmət edər”.

Deputat dövlət başçımızın digər fikrinə də diqqət çəkdi: “Cənab Prezident bir müsahibəsində qeyd edir ki, "Sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur". Bu ifadə ilə o, sülhün təkcə rəsmi sənədlər və ya siyasi razılaşmalarla məhdudlaşmadığını göstərir. Sülh yalnız sənədlərdə yox, insanların düşüncə və davranışlarında, cəmiyyətlər arasındakı münasibətlərdə olmalıdır. İctimai konsensus dedikdə, cəmiyyətin böyük əksəriyyətinin sülhə dəstək verməsi, qərəzli düşüncələrdən uzaqlaşması nəzərdə tutulur. Prezident qeyd edir ki, bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır. Azərbaycan çoxmillətli dövlətdir və əsrlər boyu müxtəlif xalqların nümayəndələri birlikdə, sülh şəraitində yaşayırlar və biz bundan qürur duyuruq. Biz müxtəlif xalqların ənənələrinin qorunub saxlanılmasını təşviq edirik".

P.Vəliyeva bildirdi ki, Prezidentin AMEA-dakı çıxışında diqqət çəkdiyi mühüm məqamlardan biri də tarixi xəritələrin əhəmiyyətidir: “O qeyd edir ki, çar Rusiyası dövründə tərtib edilmiş xəritələrdə bu gün Ermənistan adlanan ərazilərdəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Bu, həmin torpaqlarda azərbaycanlıların tarixi varlığını və mədəni izlərini sübut edən faktlardandır. Düşünürəm ki, Azərbaycan gənclərinin də bu istiqamətdə üzərinə məsuliyyət düşür. Onların öz köklərini daha yaxşı tanıması həm də beynəlxalq ictimaiyyətin ölkəmizin tarixi reallıqlarını doğru anlaması üçün vacibdir”.

Beləliklə, beynəlxalq konvensiyalar da Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın qayıdışına “yaşıl işıq” yandırır. Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin “ev tapşırıqları”nı icra etməlidir, o cümlədən Qərbi Azərbaycanın əsl sahiblərinin ləyaqətli qayıdışı ilə bağlı. Əks haldaE

E.PAŞASOY,
“Yeni Müsavat”





Seçilən
36
musavat.com

1Mənbələr