AZ

Sülhə töhfə: Azərbaycanın tranzit qərarı, Ermənistan üçün tarixi şans

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycan regionda sülhə, inkişafa, əməkdaşlığa yönəlmiş siyasətini davam etdirir, bu istiqamətdə praktiki addımlar atır. Bu yaxınlarda Bakının Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması qeyd edilən istiqamətdə mühüm bir qərar oldu. Prezident İlham Əliyev Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Azərbaycanın bu qərarı Ermənistan üçün nəzərəçarpacaq nəticələr verməyə başlayıb. Bu, həm Ermənistanın bir sıra vacib məhsullarla təminatının asanlaşması, eyni zamanda, etimad quruculuğu baxımından müsbət addımdır. Digər tərəfdən isə seçkiyə gedən yolda Baş nazir Nikol Paşinyanın imkanlarını gücləndirir.

Qərar Ermənistanda müsbət qiymətləndirilir, amma nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə can atan, Azərbaycanla düşmənçiliyin davam etməsini istəyən pozucu qüvvələr və onların tərəfdarları bu xoşniyyətdə mənfi çalarlar axtarmağa çalışırlar. İstənilən halda, anlaşılan odur ki, tərəflər sülh prosesinin irəliləməsinə, onun yeni praktiki addımlarla möhkəmlənməsinə sadiqdirlər.

Onu da qeyd edək ki, böyük fasilədən sonra Azərbaycan üzərindən həm Rusiyadan, həm də Qazaxıstandan taxıl qatar vasitəsilə Ermənistana çatdırılır. Azərbaycandan dəmir yolu ilə daşınan ilk Rusiya buğda partiyasının Ermənistana çatması ilə bağlı danışan bu ölkənin iqtisadiyat naziri Gevorq Papoyan bunu tarixi gün adlandırıb: "Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb. İlk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gəlir".

Papoyan söyləyib ki, bundan sonra Ermənistanın həm Qazaxıstan, həm də Rusiyadan yalnız dəmir yolu ilə buğda idxal edəcəyinə ümid edir. Onun sözlərinə görə, bu, iqtisadi cəhətdən olduqca əlverişlidir: "Qazaxıstan və Rusiya buğdası Ermənistana dəmir yolu ilə çatdırıldıqda qiymət xeyli azalır".

Rusiyadan göndərilən 15 vaqondan ibarət taxılın ümumi çəkisi 1048 ton 800 kiloqram, Qazaxıstan taxılının ümumi çəkisi isə 1000 ton və 15 vaqondan ibarətdir.

Yaxın günlərdə həm Rusiyadan, həm də Qazaxıstandan Ermənistana tranzit yüklərin daha bir neçə partiyasının göndərilməsi gözlənilir. Yüklər əvvəlcə Gürcüstana, oradan isə Ermənistana daşınır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycandan keçməklə Rusiyadan Ermənistana əlavə 132 vaqon buğda göndərilməsi planlaşdırılır. Nazirlik bəyan edib ki, Azərbaycandan Ermənistana yük tranzitinin bərpası nəticəsində yeni logistika marşrutunun fəaliyyəti mümkün olub. Bu, 1990-cı illərdən bəri ilk belə dəmir yolu daşınmasıdır. Hazırda digər kateqoriyadan olan yüklərin də bu marşrutla daşınması istiqamətində işlər aparılır.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan azərbaycanlı və rusiyalı həmkarlarının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib: "Qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından bu hadisə böyük əhəmiyyət kəsb edir".

"Cənubi Qafqaz Dəmir Yolları"nın (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) baş direktoru Aleksey Melnikov İrəvanda keçirilən mətbuat konfransında bildirib ki, bu tranzit imkanı regionun dəmir yolu sistemi üçün tarixi əhəmiyyət kəsb edir: "Bu, bizim üçün çox vacib hadisədir, çünki indi Qazaxıstandan, digər dövlətlərdən və Rusiya Federasiyasından Ermənistana yük çatdırmağa, hətta Çindən konteyner daşımalarını təşkil etməyə imkan yaranır. Yeni marşrut "Verxniy Lars" sərhəd-keçid məntəqəsindəki tıxacları aradan qaldırmağa və Qara dəniz üzərindən yükdaşıma xərclərini azaltmağa imkan verəcək".

O, dəmir yolu dəhlizinin təkcə taxıl deyil, həm də neft məhsulları da daxil olmaqla digər malların daşınması baxımından işlək olacağına əminliyini bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bir daha Azərbaycan Prezidentinə kommunikasiyaların açılmasına görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşmalar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün yeni perspektivlər yaradır: "Bir çoxları iddia edir ki, bu proseslər Aİİ-nin maraqlarına ziddir. Amma fakt odur ki, bu razılaşmalardan əvvəl Avrasiya İttifaqının iki ölkəsi arasında mümkün olmayan şeylər Vaşinqton razılaşmalarından sonra mümkün oldu. Bu, razılaşmaların verdiyi üstünlüklərin əyani nümunəsidir".

Paşinyan bildirib ki, oxşar imkanlar Özbəkistan üçün də yarana bilər: "Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışır, lakin bu yolda logistik çətinliklər qalmaqdadır. Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi bu problemlərin həllinə kömək edir. Bu, Ermənistan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə aparan yoldur - bu, bir faktdır".

N.Paşinyan xatırladıb ki, Ermənistan artıq Marqara - Xndzoresk marşrutu üzrə Türkiyə və Azərbaycan arasında avtomobil daşımaları üçün imkan yaratmağa hazır olduğunu bildirib.

Görünən odur ki, İrəvan sülh gündəliyinin, onun reallaşması istiqamətində atılan addımların, ilk növbədə kommunikasiyaların açılmasının ölkəsi üçün əhəmiyyətini dərk edir. Bakının Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması qərarı bu ölkə üçün önəmli bir qərardır. Ermənistanın işğal siyasəti uzun illər blokada şəraitində yaşamasına, iqtisadi imkanlarının məhdudlaşmasına səbəb olub. Bu gün isə Azərbaycanla sülh Ermənistanın inkişafı, regional əməkdaşlığı, dünyaya çıxışı deməkdir.

Milli Məclisin deputatı Rasim Musabəyov "525"ə şərhində ümumilikdə sülh prosesinin gedişatını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Bakının tranzitlə bağlı qərarı Paşinyana imkan verir ki, öz əhalisini Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın xeyrinə işləyən bir amil olduğuna inandırsın: "Çünki Azərbaycan yolu bağlı saxlasaydı, bu həcmdə buğdanı Larsdan yük maşınları ilə daşımaq təbii ki, çox çətin olacaqdı. Hər qatarın əvəzinə 20 tonluq 20 yük maşını Larsdan keçməli idi. Halbuki indi qış gəlir və o yol kifayət qədər çətin keçilir. Azərbaycanın icazəsi Ermənistanı bu çətinliklərdən xilas edir. Ermənistan tərəfi Mehridən keçən Zəngəzur dəhlizi ilə bağlı nəhayət ki, konkret işləməyə başladı. Biz də bunun müqabilində tranzitə icazə verdik. Söhbət təkcə buğdadan getmir, gübrənin gətirilməsi, bu da böyük həcmdə olan yükdür. Yaxud kömür, taxta-şalban, o cümlədən yanacağın daşınması məsələsi. Bunları avtomobillə dağ yolları ilə daşımaq çox çətindir. Bir var ki, Larsdan keçəsən, bir də var ki, bir qatar qəbul elə, sənə bir-iki aya kifayət etsin. Ona görə də Azərbaycanın icazəsi Ermənistan üçün təbii ki, çox əhəmiyyətlidir".

O ki qaldı Ermənistanda bunun əleyhinə olan qüvvələrə, R.Musabəyov deyib ki, Paşinyanın əleyhdarları bütün müsbət addımları onun əleyhinə yönəltməyə çalışır, qarayaxma ilə məşğul olurlar: "Amma biz onları düşünməməliyik. Sadəcə olaraq sülh prosesi irəli aparılırsa, Azərbaycan müharibəni də udub, sülhü də udmalıdır. Bu istiqamətdə ardıcıl və düşünülmüş addımlar atırıq".

Sülh prosesi hazırda müsbət istiqamətdə davam edir, hansısa mərhələdə mümkün qırılma ehtimalına gəlincə, R.Musabəyov hesab edir ki, bu, baş verməyəcək:

"İndi davam edən müsbət prosesin əksi ermənilərə nə verəcək?! Bizim təşəbbüsümüzlə prosesdə hər hansı qırılma baş verməyəcək. Əgər Ermənistan tərəfindən hansısa əks addım olarsa, Azərbaycanın təzyiqləri öz yerində qalacaq. Onların Azərbaycana qarşı güc nümayiş etmək imkanları yoxdur. Nə indi, nə hansısa bir zamanda. İndi dədələri Rusiyanın da başı öz işlərinə qarışıb. Kimdir gəlib burada ermənilərin əvəzinə Azərbaycanla güc dili ilə danışan? Təbii ki, heç kim. Paşinyanın əleyhdarları da bunu anlayırlar, sadəcə olaraq orada yorğan davası gedir. Onlara Paşinyanı bütün bu məğlubiyyətin günahkarı kimi hakimiyyətdən uzaqlaşdırmaq və hakimiyyətə gəlmək lazımdır. Çox şeyə deyə bilərlər, amma hamı çox gözəl anlayır ki, onların heç bir şansları yoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr