ABŞ Maliyyə Nazirliyi Ukraynadakı münaqişə həll olunana qədər Gunvor şirkətinə biznes aparmaq və mənfəət əldə etmək üçün lisenziya vermək niyyətində deyil.
Musavat.com xəbər verir ki, açıqlama nazirliyin X hesabında dərc olunub.
ABŞ Maliyyə Nazirliyi xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə tez bir zamanda son qoyulmasının vacibliyini bildirib. Bu baş verənə qədər Gunvor "heç vaxt fəaliyyət göstərmək və mənfəət əldə etmək üçün lisenziya almayacaq". Nazirlik əmindir ki, Gunvor Rusiya tərəfindən idarə olunur.
Qeyd edək ki, Gunvor Vladimir Putinin yaxın adamı olan Gennadi Timçenko tərəfindən yaradılıb. 2014-cü ildə Krımın işğalından sonra Timçenko sanksiya siyahısına salınıb, formal olaraq şirkətdən uzaqlaşıb. Lakin şirkətə nəzarəti özündə saxlayıb.
Oktyabr ayında ABŞ və Böyük Britaniya Rusiyanın Lukoyl şirkətini sanksiya siyahılarına əlavə ediblər. ABŞ-ın məhdudiyyətləri Xəzər Boru Kəməri Konsorsiumu və Tengizchevroil ilə əməliyyatlara şamil edilmir, Böyük Britaniyanın məhdudiyyətləri isə əlavə olaraq Qazaxıstandakı Qaraçaqanak yatağına və Xəzər dənizindəki Şahdəniz yatağına da şamil edilmir.
Bunun ardınca Lukoyl şirkətə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb. Tezliklə elan edib ki, aktivlərlə bağlı Gunvor-dan “vazkeçilməz” təklif alıb. Lakin alqı-satqının baş tutması üçün ABŞ-ın icazəsi lazımdır.
Musavat.com