AZ

“Partiya sədrləri siyasi məhbuslardan alət kimi istifadə edir” Natiq Cəfərli ilə müsahibə

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Müsahibimiz “Real Alternativ Respublikaçı” partiyasının sədri, iqtisadçı Natiq Cəfərlidir.

Onunla bu müsahibədə iqtisadi durumlardan siyasi ab-havaya qədər müzakirə etdik.

Gununsesi.info  Natiq Cəfərli ilə müsahibəni təqdim edir:

-Natiq bəy, istəyərdim ki, müsahibəyə iqtisadiyyatla başlayaq. Ümumiyyətlə, hazırda ölkəmizin iqtisadi vəziyyətini necə qiymətləndirirsiniz?

-Əslində, ölkədə iqtisadi durumlarda olan problemlər 2020-ci ildən sonra artmağa başladı. Birinci səbəb obyektiv idi. Yəni bütün dünyada pandemiya başladı, qapanmalar oldu. Bununla da logistika zəiflədi, inflyasiya artdı. Hətta ikirəqəmli infliyasiyaya qədər gördük. Pandemiya bitəndən sonra Azərbaycanda başqa problemlər üzə çıxdı. Qonşularımıza nisbətdə də zəif olduq, onlarda artım daha sürətli oldu. İlk səkkiz ayda cəmi 0.9 faiz ÜDM artımı olub. İlin sonuna 1.2 faiz olması gözlənilir ki, şəxsən bu, mənim üçün artım deyil, çox aşağıdır. Bir sözlə, ümumilikdə götürsək, iqtisadiyyatımız böyümür, yaxşı deyil.

-Konkret desək, bunların siyasi idarəetmə ilə əlaqəsi var?

-Bir neçə səbəb var. Əsas səbəblərdən biri də neft məsələsidir. Neftin hasilatı düşür. Təbii ki, biz istəyərdik, neft yüz dollardan yuxarı olsun. Son illərə baxanda isə vəziyyət daha da pis görünür. Bilirsiniz ki, “OPEK+” anlaşması var. Yəni neft hasilatı edən ölkələrin bəlli kvotaları olur. Biz isə bizə ayrılan kvotanı doldura bilmirik. Başqa ölkələr bunun üçün mübarizə aparır. Məsələn, Qazaxıstan çalışır ki, ona ayrılan kvotanı tam versin. Bizdə potensial tükənir, nefti çıxarda bilmirik, çünki azalma var. Bu da fundamental makroiqtisadi problemlər yaradır. Əlbəttə, idarəetmə ilə də birbaşa əlaqəsi var. Belə deyək, indiki idarəetmə sistemi iqtisadi islahatların qarşısı kəsən əsas maneədir. Xüsusilə də regional maneələr var.

-Necə yəni regional maneələr?

-Uzun illərdir ki, Azərbaycanda regionların inkişafı ilə bağlı proqramlar qəbul olunur. Hətta iqtisadiyyat naziri də açıqlama vermişdi ki, son 20 ildə regionların inkişafı ilə bağlı 120 milyard manat ayrılıb. Dolların əvvəlki kursunu da nəzərə alsaq, təxminən 135 milyard manat edir. Əslində, regionların da iqtisadi payı yüksəlməli idi, sahibkarlıq inkişaf etməli idi. Ancaq bunun heç birini görmədik.

-Belə başa düşdüm ki, icra hakimiyyətlərinin ləğv olunmağını istəyirsiniz…

-Bu məsələni ilk dəfə 2016-cı ildə elə ofisimizdə mühazirə zamanı Erkin Qədirli ilə birlikdə demişdik. Demişdik ki, regionlarda inkişafın qarşısını alan əsas məneə icra institutlarıdır. Bu söhbətlər hətta parlamentdə də səslənsə belə, hələlik real addım yoxdur.

-Natiq bəy, pandemiyadan danışdıq, ancaq bir məsələ də var. Sərhədlərin bağlı qalması əvvəllər pandemiyaya görə idi, ancaq sonra belə deyildi ki, bu, təhlükəsizliklə bağlıdır. Siz necə düşünürsünüz?

-Pandemiyanın bitməsi ilə bağlı ilk qərarlar 2022-ci ildə verildi. 2023-cü ildə, demək olar ki, bütün dünya sərhədləri açdı. Ən axırıncı Çin idi ki, o da 2024-cü ilin dekabrında açdı. Bir sözlə, bu, artıq pandemiya ilə bağlı deyil. Nazirlər Kabineti bunu israrla pandemiyaya bağlayır ki, bu da əhali arasında qıcıq yaradır. Əvvəla, bunun adı dəyişdirilməlidir. Sərhədlərin bağlı qalması ilə razı deyiləm, açılmalıdır.

-Prezident də dedi ki, təhlükəsizliklə bağlı məsələlər var…

-Ola bilər, biz dövlətin içini, təhlükələri tam bilmirik axı. Amma bir şeyi dəqiq bilirik ki, Azərbaycanın kifayət qədər güclü ordusu, hüquq-mühafizə orqanları var. Üstümüzdən quş da uça bilmir, istənilən şəxsi həbs də edirlər. Bir sözlə, təhlükəsizlik üçün bütün fiziki və texniki imkanlar var. Bu mənada Azərbaycandan qat-qat zəif olan Gürcüstan və Ermənistan belə sərhədləri açıbsa, bizim təhlükəsizliyə görə sərhədləri açmamağımız ölkəmizin imicinə zərbə vurur. Azərbaycan güclü dövlətdirsə, quru sərhədləri açıq olduğu halda da özünü qoruya bilər. Hər yanda olan prosedurlarımız da eynidir.

-Hətta bir ara sərhədlərin bağlı qalmasını “AZAL”-a bağlayırdılar…

-Düz deyil. Açıq olanda AZAL neçə istiqamət itirir ki? Rusiya və Gürcüstan. Türkiyə də yarı-yarıdı. Ancaq indiyə qədər açıq idi də, nə olurdu? İşləyə bilmirdi?

-Siz özünüz konkret necə görürsünüz, dəqiq səbəb nədir?

-Dırnaq arasında yeganə məntiqli gələ biləcək məsələ budur ki, Azərbaycandan valyuta çıxışına qısqanclıqla yanaşırlar. Bəzi məmurların da bizimlə özəl söhbətlərdə dediyi bu olub elə bizə. Onların dediyinə görə, təqribən 2.5-3 milyard pulun çıxmasının qarşısı alınıb.

-Bu pullar bizə qalanda hansısa dəyişiklik olub ki?

-Elə məsələ də budur. Bundan ölkə nə qazanır, nə itirir? İtirdiklərimiz göz qabağındadır. Turizmə qədər çöküb. Pandemiyadan əvvəl turist sayı 3.5 milyona qalxmışdı. Keçən il nə qədər olsa yaxşıdır?

-Nə qədər?

-1.6 milyon.

-İki dəfə azalma var…

-Bəli. Bəs bu turistlərin gəlib xərclədikləri necə olsun? Digər tərəfdən, məsələn, başqa cür izah edək. Bir vətəndaş gedib Gürcüstandan pampers alıb gətirirdi. 100 dollar verirdi, 3-4 qutu alırdı. Onu da ya satır, ya da özü istifadə edirdi. Axı yenə lazımdı pampers. Bu dəfə Gürcüstandan almır, gedir Qazaxdakı marketlər şəbəkəsindən alır. Ancaq daha baha. O marketlər özü də yığdığı manatı dollara çevirib yenə pampers alır axı. Bir sözlə, o 3 milyard ölkədən istənilən halda çıxır. Bütün bunlardan əlavə, quru sərhədlər təkcə iqtisadiyyata yox, insanların psixologiyasına da ziyan vurur. Ölkənin böyük, qapalı bir müəssisə olduğu təsəvvürü yaranır.

-Məsələnin konstitusion tərəfləri varmı?

-Bəli, var. Naxçıvan qeydiyyatı olanlar üçün sərhəd açıqdır. Naxçıvan qeydiyyatın varsa, Türkiyəyə də, İrana da sərhəddən rahat keçirsən. Xarici vətəndaşların da ölkədən çıxması rahatdır. Təyyarə ilə gəlir, qayıdan da quru yolla gedirlər. Çünki Azərbaycan onları buraxmaya bilməz.

-Niyə buraxmaya bilməz ki?

-Dövlətləri tələb edər ki, sən mənim vətəndaşımı niyə saxlamısan orda? Azərbaycan vətəndaşı təyyarə ilə Tiflisə uçursa, geri qayıdanda quru yolla öz vətəndaşını necə qəbul etməmək olar? Bir sözlə, bu qərarlar absurddur. Həm özümüzə ziyandı, həm də ölkənin imicinə. Keçən ay Çexiyada böyük bir konfransda idim, orda da dəfələrlə məndən sərhədlərin niyə bağlı olmasını soruşdular.

-Onlara da belə deyirdiniz?

-Əlbəttə. Sizə necə danışıramsa, onlara da elə. Deyirdim ki, Azərbaycan güclü dövlətdir, sərhədlərimiz açıq olsa belə təhlükə ola bilməz. Onlarda belə fikir yaranıb ki, İran və Rusiya bir-birinə hücum edəcək. Bu da elə investisiya axınının qarşısını alır. Bu fikri dağıtmaq lazımdır.

-Natiq bəy, siz partiyanın sədri olandan sonra səssizlik hökm sürür. Daha dəqiq desək, məsələn, partiyanın sədri İlqar Məmmədov olanda mübahisə və müzakirələr daha çox olurdu, canlanma var idi.

-Dəqiqləşdirək. Siz kimlə müzakirə və mübahisələri nəzərdə tutursunuz?

-Konkret bir şəxs və ya məsələ yoxdur. Ümumi olaraq mənzərəni nəzərdə tuturam…

-Ümumi götürsək, mən hamı ilə yola getməyi xoşlayıram, yola da gedən adamam. Bu, bir az xarakter məsələsidir.

-Natiq bəy, amma bu məsələni pis qarşılayırlar axı. Sizcə, hamının xoşuna gəlmək, hamı ilə yaxşı keçinmək normaldır?

-Siyasət bunu tələb edir. Mən seçici qazanmaq istəyirəm. Seçici də müxtəlif olur. Elə bilirsiniz, bəyənmədiyim seçici və ya jurnalist yoxdur? Amma jurnalistlərə ən açıq adam elə mənəm. Digər tərəfdən, aktivlik həm də seçkilərdə olur. Mənim hələ sədr dövrümdə seçki olmayıb. Siyasi partiya və sədri özünü başqa harda göstərməlidir?

-Ölkədə siyasi məhbuslar məsələsi var, məsələn. Siz burda da susursunuz.

-Bu, bundan əvvəldə belə olub, bundan sonra da belə olacaq.

-Səbəb nədir?

-Çünki siyasi partiya QHT deyil. Bizdə bəzi partiya sədrləri özlərini QHT kimi aparır. Ay mən məhkəməyə gedirəm filan. Özlərini konkret hüquq müdafiəçisi kimi aparırlar. Axı sənin işin deyil.

-Kim getsin, bəs nədir onların işi?

-Onların işi odur ki, ölkədə siyasi məhbusun olmamağı üçün çalışsınlar, yaranan eybəcər vəziyyəti düzəltsinlər. Orada QHT, jurnalist, hüquq müdafiəçiləri var da. Yaxud da, vətəndaş olaraq gedə bilərlər. Daha partiya sədri kimi özünü bununla göstərmək lazım deyil. İkinci məsələ isə odur ki, Azərbaycanda siyasi məhbus məsələsi 30 ilin məsələsidir və bunun ən böyük günahı elə bəzi müxalif partiyalardır.

-Necə yəni? Bir az da aydın danışaq…

-Danışaq da. Bəzi müxalifət partiyaları özünün siyasətdə ayaqda qalmağın yeganə üsulu kimi siyasi məhbus problemindən istifadə etməyə çalışır.

-Deyirsiniz, öz partiyasının üzvlərini qurbana çevirirlər?

-Bəli.

-Onda konkret danışaq. AXCP bura aiddir?

-Belə keyslər var. Bəli, onlardan biri də AXCP-dir. İndi qarşı tərəf deyə bilər ki, ölkədə repressiya var, insanları həbs edirlər. Bəli, belədir. Amma partiya liderini ordu komandiri kimi düşünək. Axı sən bilirsən ki, qarşıda tank var. Əsgərini qorumalısan da. Əsgərə üç güllə verib tankın üstünə göndərərlər? Deməli, komandirdə də məsuliyyət var. Hazırda mənzərə belədir ki, kimin siyasi məhbusu varsa, o, daha yaxşı müxalifətdir. Bu da çox mənasız düşüncədir. Biz bundan imtina etmişik.

-Nə vaxt imtina etdiniz?

-İlqar Məmmədovun həbsindən bir qədər sonra. Biz də yaşamışıq məhbus həyatı. İdarə heyətimizin 7 nəfərindən 4-ü həbsdə olub. Fəxr edək? Axı fəxr olunası nəsə yoxdur. Realın elə sürətlə böyüməsinin qarşısını alan bir məsələ də İlqar Məmmədovun həbsi olub. 5 il 7 ay heç nəyə boyun əymədən içəridə yatması partiyaya xal qazandırsa da, ümumi olaraq mənfi təsir etdi.

-Heç İlqar Məmmədova təkliflər gəlirdimi içəridə olanda?

-O qədər gəlib ki. Hətta özü bu barədə danışmağı sevmir. Amma fiziki təzyiqlər də olub. Dişini, qabırğasını qırıblar. Ancaq mərdi-mərdanə dözdü. İndi onu tənqid edənlərin çoxu əfv ərizəsi yazıb çıxan adamlardır.

-İlqar Məmmədovun həbsdən çıxması da birmənalı qarşılanmadı. Dedilər, dialoqa gedərək təzminat alıb…

-Hər şeyi qarışdırırlar. Təzminat dialoqdan əvvəl olub. Onda 18-ci maddə var idi. Yəni o sübut edib ki, konkret olaraq həbsi siyasidir. Siyasi əqidəsinə görə tutulub.

-Bu məntiqlə, siyasi məhbusların çoxu siyasi məhbus sayılmır?

-Bəli, sayılmır. Məndə də olub. Ən az yatan mənəm hələ. Həmin maddə idi. Nidaçılarda da olub. Onlar da alıb təzminat. Niyə demirlər?

-Hamıdan çox İlqar Məmmədov təzminat aldı.

-Çünki həbs müddəti çox idi, hamıdan çox yatmışdı.

-Dedilər, 244 minə satılıb.

-Onu bəzi köhnə müxalifət nümayəndələri daha çox deyir. Axmaq insanlardır. Deyirlər ki, 244 minə satılıb. Niyə 244 ? Yuvarlaqlaşdır da. Satılan 244-ə yox, 250, 300-ə satılar da elə. Məhz 244 oldu? Özü də, bu rəqəm belə səhvdir. 244 min 401 manatdır təzminat. Bir sözlə, bunların hamısı qarayaxma kampaniyasıdır.

-Konkret desək, kimlər aparırdı bu kampaniyanı?

-Hakimiyyətlə bəzi müxalifət sayılan adamlar.

-Yəni müxalifətlə iqtidar İlqar Məmmədova qarşı birləşmişdi?

-Bəli, bəli. Çünki nüfuzu çox yüksək idi və bunu dağıtmaq lazım idi. Sonra da başladı dialoq məsələləri.

-Bunu da sizlər başlatdınız?

-Bəli, Real başladıb. Azərbaycan siyasətində həmişə dialoq olub. Sadəcə, indiyədək bağlı qapılar arxasında idi. Özü də, düz 30 ildir. Yavaş-yavaş üzə çıxır, mən də ləzzətlə baxıram. Elə sonuncu Ramiz Mehdiyev məsələsi də aydın göstərir. Alverlə məşğul idi çoxu. Bizə də eyni qayda da təklif etdilər, dedik, yox. Biz dövlətlə danışırıq, hazırıq, dövlət hamımızındır. Amma bunun siyasi üsulla olmağını istəyirik. 2019-cu ildə siyasi şöbə yaradıldı. İlk dəfə idi bu. 2020-ci ilin əvvəlində isə siyasi dialoq başladı. Bu da onları yandırıb tökdü.

-Niyə?

-Alverlərini pozduq axı.

-Ramiz Mehdiyev məsələsində adı çıxan şəxslərin dialoqda olduğunu qəbul edirsiniz?

-Məhkəmə sübut edəcək. 2007-ci ildən aktiv siyasi fəaliyyətlə məşğulam. Bu ehtimalları da eşidirdik və deyirdim. Söyürdülər bizi. Ancaq bəlli elementar siyasi analiz də var axı. 2019-cu ildən etibarən Ramiz Mehdiyev vəzifədən gedib və bu günə qədər bir dənə də olsun mitinq, aksiya keçirilməyib. Niyə?

-Niyə, Natiq bəy?

-Sualdı da, verirəm. Bilmirəm.

-Natiq bəy, bəlkə, müxalifətlə də dialoqa getmək lazımdır? Müxalifət müxalifətlə dalaşır…

-Yaxşı sualdır. Amma bu da mifdir. Hakimiyyətin istədiyi budur ki, müxalifət birləşsin. Niyə? Müxalifət müxalifətlə niyə birləşsin ki?

-Gücləri birləşdirmək pisdir?

-Nəyinsə uğrunda olmaz. İlham Əliyevin hakimiyyətin əleyhinə birləşirlərsə, uğur mümkün deyil. Uğurlu birlik modeli əleyhinə yox, lehinə olur. Nəhin lehinəsən sən? Məsələn, Ağ Partiya, sən nə istəyirsən? Vergini necə görürsən, xarici siyasəti necə görürsən? Gömrüyü, təhsili, səhiyyəni necə görürsən? Burada birləşmək lazımdır da. Bir sözlə, birlik modeli mifdir. Biri sağdı, biri soldu. Olmaz tənqid etmək? Gənclər də bilsin. Azərbaycanda 11 birlik modeli olub. Ən yaxşı halda 3-5 aydan sonra bir-biriləri söyüb dağılıblar. Sonra yenə birləşiblər. Neçə dəfə partiyalarla görüşmüşük.

-AXCP-dən başqa…Ulduzlarınız barışmır.

-Onlarla danışmaq mümkün deyil. Seçki-boykot məsələsində də birləşməməşik. Onlar israrla boykot deyil, biz seçki.

-Onlar deyir ki, seçkilərə nəzarət mümkün deyil, saxtalaşdırılır. Ona görə də salamatı boykotdur.

-Biz nə gözləyirik ki? Bir gün səhər oyanacayıq, görəcəyik ki, hər şey gözəldir? Qəfil hər şeyi demokratik edəcəklər? Seçkiləri demokratik edən seçicidir də. Biz boykotçu tayfaya illərlə heç nəyi anlada bilmədik. Dünyada son 50-60 ildə 118 boykot siyasəti olub. Onlardan cəmi 4-ü uğurlu olub. Bunların arqumenti nə idi? Boykot edəcəyik, ya parlamentin, ya da İlham Əliyevin legitimliyi olmayacaq. Nəticə nə idi bəs? Hər seçkidən sonra İlham Əliyevin ayağının altına qırmızı xalça saldılar. Hər yerdə. Bir sözlə, qəbul edildi. Hanı bu boykotun nəticəsi?

-Belə çıxır ki, boykotu da tapşırıq veriblər?

-Bilmirəm. Bildiyim odur ki, boykot hakimiyyətə xeyirdir. Hakimiyyətə də elə bu lazımdır. Seçkilərə gələn olmasın. Olmayanda, bülletenlər lazım olduğu kimi istifadə olunur.

-AXCP demiş, Əli Kərimli haqqında müxtəlif fikirlər var. Deyirlər ki, partiya sədrliyindən getmir, amma demokratiya istəyir. Ancaq buna da cavab verilib. Məsələn, bu yaxınlarda yazırdılar ki, müxalif siyasi partiya lideri vəzifə deyil, statusdur, təzyiqlər var, başqasını tez sıradan çıxardarlar deyə getmir…

-Mənasız arqumentdir axı. Nə bilirlər? Bəlkə, ondan güclüsü olacaq? Gedə bilmək siyasi mədəniyyətdir. Problem çoxdur, amma bu da o demək deyil ki, sənin siyasi məsuliyyətin yoxdur. Ən azı sonuncu dəfə boykot strategiyasının səhv olduğunu deyərək istefa vermək olardı. Hətta orada da səmimi dostıarımız var, şəxsi söhbətlərdə deyirlər ki, boykot səhv qərardır.

-Natiq bəy, seçkilərdən danışanda yada düşən bir məsələ də var. Sizin atanızla bağlı məsələ…

-Onu deyənlər, yazanlar başını daşa döyür. Atamı təzə itirmişəm. Ona da pis təsir edirdi. Mən sizə bir söz deyim. Həmin videonu çəkən Realın müşahidəçi olub. Həmin məsələ olub “Torpaq komitəsi”ndə. Qulaqları yaxşı eşitmirdi atamın. Qardaşım qeydiyyatdan keçirtmişdi ki, mənim müşahidəçim olsun. Özü də istəyir, fəxr edirdi. Amma razı olmadım. Dedim, mənə qarşı istifadə edəcəklər səndən. Qardaşımla atam Erkinin müşahidəçisi olub. Bundan isə onda yox idi heç. Həmin gün zəng vurdular ki, atanla bağlı video çıxıb. Dedim, mümkün deyil, atam evdədir. Sonradan göstərdilər videonu. Mümkün deyil sözünü bayraq etdilər. Söhbət nədən gedir? Orada gəlib deyirlər ki, iştirakçı azdır. Erkin onsuz da qalib gəlib. İstəyirdilər ki, hərəsinə 200-300 səs ataraq iştirakçı sayını artırsınlar. Axı MSK-ya deməlidilər ki, 30 faiz seçici var. Yox idi, 10 faiz idi. Atam da başa düşməyib. Qulağı pis eşidir. Elə bilib, deyirlər ki, gəlin, Erkini qalib elan edək. Bundan isə cəbhəçi tör-töküntülər cındır şəkildə istifadə etdilər. Atamın o qədər gücü olsaydı, elə qoyardım məni qalib edərdi də.

-Bütün hallarda siz hazırda Milli Məclisdə təmsil olunursunuz. Daha dəqiq, Erkin Qədirli deputatdır. Ancaq özü deyir ki, mən seçilməmişəm. Bəs kim seçib?

-Erkin Qədirlinin seçilməsini tanıyıblar.

-Gəlin, konkret danışaq. Erkin Qədirli seçilib, yoxsa seçiblər?

-Tanımaya bilərdilər? Bəli. Amma tanıdılar. Cəmi 3-4 min səslə seçilib Erkin. Məni tanımadılar amma. Erkinin deputatlığının tanınması bizim üçün də uğurdur.

-Uğur deyək, yoxsa razılaşma?

-Uğur. Heç bir kampaniya aparmadan etmişik. Elə partiyalar, müxalifət nümayəndələri var ki, danışıb gedib oturublar. Bizə irad bildirən adam var ki, parlamentdə 10 il oturub.

-Ad çəkək. Kim?

-Cəmil Həsənli. Sən nətər oturmusan bəs 10 il?

-Razı olublar ona da?

-Kampaniya aparmışdı o? Nə böyük təbliğatı var idi ki? Erkin Qədirli sonradan təbliğat etdi, tanıdılar onu. 16-cı dairədən seçilib. Bizim ofis də burdadır. Deputat olana qədər 11 il gəlib-gedib bura. BDU-da müəllim olub 16 il. Onun tələbələri bu dəqiqə hər yerdədir. Hara gediriksə, rast gəlirik. Aralarında nazir də var, polis rəisi də, deputat da. Hakimiyyət də tanıyır Erkini. Digər tərəfdən, Erkin Qədirli yaxşı mənada nümunədir. Avropa Şurasına müxalifət göstərmək lazımdır? Buyur, Erkin Qədirli. Azərbaycan nümayəndə heyətindən bir məsələyə beş nəfər lehinə səs verirdi, Erkin də əleyhinə.

-Bu məsələ Erkin Qədirlinin şəxsi təşəbbüsü idi, yoxsa tapşırıq?

-Partiyamızın qərarıdır. Özünün də şəxsi təşəbbüsləri var. Hakimiyyət də bundan yaxşı mənada istidadə edir.

-Natiq bəy, heç prezident olmaq istəyirsiniz? Yoxsa Milli Məclisdə təmsil olunmaq kifayət edər?

-Partiyamızın məqsədi hakimiyyətə gəlməkdir. Bu barədə də deyim. Şəxsən mən prezident respublikasının əleyhinəyəm. Ancaq partiyamızda da fikirlər fərqlidir. Yarı parlament, yarı prezident respublikasının tərəfdarıyam.

-Siz hakimiyyətə gəlsəniz, belə edəcəksiniz?

-Bəli, Fransa modeli kimi. Düşüncəmə görə, prezident olmalıdı dövlət başçısı. Bizdə aləm bir-birinə dəyib. Prezident həm dövlət başçısıdır, həm də hökumət. Məncə, bu, işlək model deyil. Hökumət parlamentdən çıxmalı, sosial-iqtisadi məsələlərə cavabdeh olmalıdır. Prezidentin hökuməti tənqid etmək, istefaya göndərmək, güvənsizlik seçkisinə çıxartmaq hüququ olmalıdır. Nazirlər kabinetinin heç bir səlahiyyəti yoxdur. Prezident özü onların iclasını keçirdir. Azərbaycan artıq köhnə konstitusiyaya sığmır.

-Natiq bəy, aydındır ki, sizi xeyli tənqid edənlər var. Bəzən sizə “Mala Natiq” deyirlər. Heç narahat olmursunuz?

-Qətiyyən narahat olmuram. Hətta özüm də bu sözlə zarafat edirəm, şəkil paylaşıram. Azərbaycanda siyasi dil, üslub pis vəziyyətdədir, primitivdir. Hansısa arqumentlə bir məsələni bağlamağı mala kimi qəbul edirlərsə, eşq olsun.

-Bir çox siyasətçilər kimi ədəbiyytla da aranız yaxşı deyil deyəsən. Elə siyasətçilər var, onlar çıxışlarında şeir belə deyir, kitab paylaşır.

-Onu kim piar üçün edirsə, özü bilər.

-İqbal Ağazadə belə edir.

-Özü bilər. Böyük hörmətim var ona. Mən bu məsələlərə bir az fərqli yanaşıram. Siyasət adamları ədəbiyyat adamlarına özəl münasibət göstərməlidir. Məsələn, dalaşmamalıdırlar.

-Amma İlqar Məmmədov ara-sıra dalaşır. Sonuncu dəfə Kəramət Böyükçöl ilə dalaşırdı.

-Mən onun əleyhinəyəm və özünə də demişəm. Hesab edirəm ki, ədəbiyyata münasibəti fetişləşdirmək olmaz. Hansısa siyasətçi üç kitab oxuyub deyə dahidir ayamasını yapışdırmaq yanlışdır. O qədər var ki, oxuyurlar, başa düşmürlər. Məndə problem zaman darlığıdır həm də. Ancaq səsli kitablara üstünlük verirəm. Yolda həmişə kitabları dinləyirəm. Sonuncu dəfə Yapon hekayələrini dinləyirdim. Müasir yazıçılardan Seymur Baycanı oxuyuram, oxumuşam. Şəxsi əlaqələrimiz də olub. Kəramət Böyükçöldən də oxumuşam. Düşünürəm ki, yazıçılar üçün azadlıq mühiti təmin edilməlidir. Ədəbiyyat, ədib azadlıq hiss etməsə, qələmini istədiyi kimi tuta bilmir. Siyasətçinin vəzifəsi bunu təmin etməkdir. Bəlkə də, xoşunuza gəlməz bu sözüm. Amma köhnə ədəbiyyat nümayəndələrini tənqid-təhqir edirsiniz.

-Axı o da azadlıqdır…

-Bəli, eşq olsun. Razıyam. Amma olmaz ki, mətn üzərindən olsun? AYB sədri Anara münasibət fərqli ola bilər də. Sovet vaxtı kommunizmi tərifləyib, müstəqillikdə də indiki hakimiyyəti. Amma yadda qalan əsərləri var da. Anarın siyasi iddiası var?

-Əlbəttə, var. Deputat olub, sonuncu dəfə də olma istəyirdi, qoymadılar.

-Yox, indi yoxdur ki? Seçki vaxtı yıxıb-sürüyün. Amma “Tələsmə, Zaur” kimi insanların beynində qalan ifadələr də olsun. Küçədə soruşun ki, Kəramət Böyükçölün yadda qalan ədəbi ifadəsi var? Statusları əla, amma ədəbi ifadə? Məsələ ədəbi təsirdir. Xatırlayıram, bir tanışım var idi Zaur adında. 90-cı illərdə Anarın əsəri ona elə təsir etmişdi ki, tanış olduğu qızın adı Təhminə olmurdusa, davam etmirdi. Anarın konyunturşik olmağını hamı bilir. İrad bildirməyin mənası yoxdur.

Söhbətləşdi: Orxan Saffari

Gununsesi.info  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
1
icma.az

2Mənbələr