AZ

Vətənpərvər alim, dəyərli tədqiqatçı

Yüksək tədqiqatçılıq qabiliyyəti, güclü zəkası, möhkəm iradəsi, dəst-xəti ilə seçilən alimlərimizdən biri də AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Azərbaycanın XV-XVIII əsrlər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəflidir. Tofiq müəllimin elmi potensialının yüksək olmasını bu gün hamı etiraf edir - adi ziyalılar da, akademiklər də, elm ictimaiyyəti də. Alimin fəaliyyəti geniş və zəngindir. O, tədqiqatçılıq bacarığına, gözlənilməz proqnozlarına görə minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmışdır. Bütün bunlardan öncə isə T.Nəcəfli əsl ziyalıdır. 

...1960-cı ilin noyabrında Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində dünyaya göz açmışdır. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirərək 3 ilə yaxın İsmayıllı rayonunun Buynuz kəndində tarix müəllimi işləmişdir.

1990-1993-cü illərdə AMEA Tarix İnstitutunun (hazırda Tarix və Etnologiya İnstitutu) aspiranturasında təhsil almış, 1994-cü ilin iyununda "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında" mövzusunda namizədlik mövzusunu müdafiə edərək bu tədqiqatının nəticəsi olaraq bir sıra mühüm əsərlərə imza atmışdır. Onun zəngin qaynaqlar və çeşidli ədəbiyyat əsasında ərsəyə gətirdiyi "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında" (2000), "Qaraqoyunlular və Ağqoyunlular" (2011, fars dilində) və "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri" (2012) adlı monoqrafiyaları buna misaldır. 

Tofiq Nəcəfli 2016-cı ilin sentyabrında "Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti müasir Türkiyə tarixşünaslığında" mövzusunda doktorluq işini uğurla müdafiə etmiş və tarix elmləri doktoru adını almışdır. Ağır zəhmət, zəngin elmi qaynaqlar əsasında meydana gəlmiş "Səfəvi Osmanlı münasibətləri" (2014), "Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti" (2020), "Azərbaycan Səfəvi imperiyasının Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri" (2020) və "Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları ilə siyasi əlaqələri" (2021) adlı monoqrafiyaları onun tədqiqatlarında Səfəvi dövləti və onun beynəlxalq əlaqələri istiqamətinin mühüm ağırlıq mərkəzi olduğunu sübut edir. 

1993-cü ildən institutun "Azərbaycanın Orta əsrlər tarixi" (hazırda "Azərbaycanın XV-XVIII əsrlər tarixi") şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayan T.Nəcəfli burada böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifəsinədək yol keçmişdir. O, 2011-2021-ci illərdə institutun elmi işlər üzrə direktor müavini vəzifəsini də icra etmişdir.

Eyni şöbədə 35 il onunla birgə çalışan tarix elməri doktoru, dosent Xeyirbəy Qasımov deyir ki, Tofiq müəllim ömrünü Orta əsrlər Azərbaycan dövlətlərinin tarixinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini öyrənməyə həsr edən tarixçi-alimdir. O həm də həmkarlarına çox diqqətlə yanaşan, işgüzar, zəhmətkeş bir insandır.

Tarix elmləri doktoru, dosent Ramil Ağayev isə alim haqqında bildirir ki, şöbəyə gəldiyi ilk dövrdən bu günə kimi Tofiq Nəcəfli həm ona, həm də şöbənin digər əməkdaşlarına həmişə xeyirxah münasibət bəsləmiş, dissertasiya və məqalələrin müzakirəsində verdiyi məsləhətlərlə yardımçı olmuşdur. 

Tofiq müəllim həm də Azərbaycanın Orta əsrlər tarixi üzrə aparıcı mütəxəssislərindən biridir. Onun Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərlə bağlı yazdığı monoqrafiya və məqalələr böyük elmi dəyərə malikdir. O, Azərbaycan tarixinin Türkiyə tarixşünaslığı əsasında araşdırılmasında başlıca mütəxəssisdir. Təsadüfi deyildir ki, Türkiyə tarixşünaslığı ilə bağlı hər hansı bir problem olanda hamı T.Nəcəfliyə müraciət edir. 

Tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyn həmkarı haqqında söyləyir ki, həyatının böyük hissəsini həsr etdiyi müəssisə elm sahəsində ilk qədəm qoyduğu Tarix İnstitutunun məhz Orta əsrlər tarixi şöbəsi olmuşdur. 

Tofiq müəllimin çalışdığı və rəhbərlik etdiyi şöbə Azərbaycan tarixşünaslığının inkişafında müstəsna xidmətləri olmuş elm ocağıdır - bir sıra fundamental tədqiqatlar və əsərlər məhz bu şöbənin fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir. Azərbaycan səfəvişünaslıq məktəbinin banisi AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev, korifey alimlərimiz professorlar Sara Aşurbəyli, Şahin Fərzəliyev, Vaqif Piriyev, akademiklər Nailə Vəlixanlı, Yaqub Mahmudov, Nərgiz Axundova, AMEA-nın müxbir üzvü albanşünas Fəridə Məmmədova və digər dəyərli alimlərimiz həmin şöbənin yetirmələri olmuş, burada bilavasitə fəaliyyət göstərmiş və sıx əməkdaşlıq etmişdilər. Azərbaycan tarixinin Orta əsrlər dövrünün mühüm problemləri ilə məşğul olan bir şöbədə yazılan qiymətli əsərlər isə Vətən tarixi elmimizin söykəndiyi təməl sütunlarını təşkil edir. Əlbəttə ki, belə şərəfli və zəngin bir dövrü tədqiq edən şöbəyə rəhbərlik etmək böyük məsuliyyət tələb edir. Həm elmi potensialı və geniş erudisiyası, həm də şəxsi keyfiyyətləri ilə Tofiq müəllim bu işin öhdəsindən uğurla gəlməyi bacarır. 

Tofiq müəllimin bir tədqiqatçı alim kimi Azərbaycan tarixşünaslığına verdiyi töhfələr çox dəyərlidir. Orta əsrlər Azərbaycan dövlətçilik tarixinin əhatə etdiyi geniş problematikaya dair dərin və olduqca təfərrüatlı məlumatlara sahib olan alim bu bilgiləri müxtəlif formatlarda - nəşr etdiyi çoxsaylı elmi monoqrafiyalar və məqalələrində, yerli və beynəlxalq konfrans və simpoziumlarda, təhsil sahəsində, ictimai tədbirlərdə və KİV-dəki müsahibələrində reallaşdırır, elmi və populyar müstəvidə təbliğinə çalışır.  Tofiq müəllimin Vətənə qəlbən bağlılığı ona Azərbaycan tarixi həqiqətlərinin araşdırılıması və təbliğində milli mənafeləri hər şeydən uca tutmaqda, tarixi keçmişimizə yönələn qərəzli iddialara qarşı inam və cəsarətlə sinə gərməkdə güc və istiqamət verən başlıca amildir. 

"Tarix elmi yalnız keçmişi öyrətmir, o həm də bu günümüzə milli kimlik, düşüncə və mənəvi dayaqlar bəxş edir" - bu sözləri Tofiq Nəcəflinin digər həmkarı, 20 ildən artıq birgə elmi fəaliyyət dövründə onu təkcə alim, tarixçi kimi deyil, həm də vətənini, millətini, elmini sevən bir ziyalı kimi xarakterini yaxından müşahidə edən tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı söyləyir. 

Tofiq Nəcəfli elmi axtarışlarında xüsusilə, Azərbaycanın Orta əsrlər dövrü, o cümlədən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin siyasi və mədəni tarixi ilə bağlı mühüm istiqamətlər formalaşdırmışdır. Tofiq müəllim təkcə tədqiqatçı deyil, həm də uzun illər təhsil sahəsində çalışan pedaqoqlardan biridir. O, Bakı Dövlət Universitetində illərlə "Orta əsrlər tarixi", "Xalqların böyük köçü və Azərbaycan" kimi fənləri tədris edərək yüzlərlə tələbənin elmi dünyagörüşünə təsir göstərmişdir. 

Tofiq Nəcəflinin elmi yaradıcılığında Azərbaycan Səfəvi dövləti anlayışının mərkəzi yer tutduğunu qeyd edən M.Ağalarlı onun tədqiqatlarında həm də bu dövlətin Azərbaycanın siyasi və mədəni dövlətçilik ənənələrinin zirvəsi; etnik və mənəvi kökləri ilə milli dövlətçilik xəttinin daşıyıcısı; dil, mədəniyyət və ideologiya baxımından türk-islam sintezinin nümunəsi; beynəlxalq münasibətlər sistemində Avrasiya miqyaslı güc mərkəzi kimi təqdim olunduğunu vurğulayır.

Tofiq Nəcəflinin tədqiqatlarında Azərbaycan Səfəvi dövləti XVI-XVII əsrlər Avrasiyasının geosiyasi tarazlıq elementi - Osmanlı imperiyası, şimalda Moskva dövləti, cənubda Hindistan və Dekan sultanlıqları ilə aparılan diplomatik əlaqələr səfəvilərin regional balans siyasətinin göstəricisi kimi təqdim olunur. Səfəvi hökmdarlarının diplomatik missiyaları və beynəlxalq müqavilələri Azərbaycanın dövlətçilik mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir. Bu baxımdan Nəcəfliyə görə, Səfəvi dövləti Azərbaycan diplomatiyasının ilk imperiya modeli kimi dəyərləndirilməlidir. Onun Səfəvi dövlətinin tarixi ilə bağlı yazdığı monoqrafiyalar həm də böyük bir tarixi sərhədin - Azərbaycan və türk dünyasının keçmişinin, biri-birinə bağlı olan tarixi hadisələrinin aydınlaşdırılmasına xidmət edir.

Tofiq müəllim həm də Türkiyə, Polşa, Rusiya, İran, İraq və digər ölkələrdə keçirilən elmi konfranslarda iştirak edərək Azərbaycan tarixinin beynəlxalq elmi mühitdə təqdiminə xüsusi önəm verir. Onun məqalələri türk, rus, ingilis və fars dillərində nəşr olunaraq Azərbaycan tarix elmini dünya elmi müstəvisində təmsil etmişdir. 

Tofiq müəllimlə 20 ildən artıq bir müddətdə eyni şöbədə çalışan tədqiqatçı-alim tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev, "Azərbaycanın XV-XVIII əsrlər tarixi" şöbəsi nəzdində "Tarixi coğrafiya" elmi qrupunun rəhbəri kimi fəaliyyət göstərən  tarix üzrə fəlsəfə doktoru, dosent Sahibə Budaqova Tofiq müəllimin tarixi hadisələrə elmi baxışı, münasibəti, məsuliyyəti və şöbəyə rəhbərlik bacarığı ilə həm kollektivə, həm də gənc nəslə gözəl nümunə olduğunu xüsusi qeyd edirlər. 

Tofiq müəllimin bütün uğur və nailiyyətlərinin bünövrəsində gərgin zəhmət və zəhmətə qarışan böyük istedadı durur. T.Nəcəfli öncə peşəkar tədqiqatçı kimi tanınan tarixçi alimlərimizdəndir. Onun ən mühüm cəhətlərindən biri yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması sahəsindəki fəaliyyətidir. Alimin qayğıkeş və xeyirxah insan kimi işinin mühüm istiqamətlərindən biri də müxətlif mövzularda müdafiə olunan çoxsaylı fəlsəfə doktoru və doktorluq dissertasiyaları üzrə opponent kimi çıxış etməsidir. 

Tofiq müəllim həm də başqalarının elmi inkişafına ədalətli, qayğıkeş münasibəti və köməyi ilə seçilir. Alimlərimizin əsərlərinin müzakirəsində yaxından iştirak edir.

Köksündə əsl vətəndaş-alim ürəyi döyünən tədqiqatçı alim dostumuz Tofiq Nəcəfliyə fəaliyyətində uğurlar arzulayırıq. 

Elçin VƏLİYEV,

tarix üzrə fəlsəfə doktoru

Seçilən
101
azerbaijan-news.az

1Mənbələr