AZ

50-ci paralel xətti: Qədim dənizçilərin keçmədiyi sərhəd tapılıb...

Tədqiqatçılar Cənub yarımkürəsində qədim səyahətlərin sərhədlərini araşdırıblar...

Poliqon xəbər verir ki, arxeoloqlar Cənub yarımkürəsində yaşamış qədim xalqların dəniz səyahətlərinin coğrafi sərhədlərini müəyyənləşdirmək üçün yeni araşdırma aparıblar. Tədqiqatın nəticələri göstərib ki, həmin xalqlar, o cümlədən yüksək səviyyəli dənizçilik biliklərinə malik olan maorilər, 50-ci cənub paralelindən o tərəfə, yəni daha ucqar enliklərə səyahət etməyiblər.

Bu nəticələr Journal of Coastal and Island Archaeology jurnalında professor Tomas Leppardın rəhbərlik etdiyi elmi qrup tərəfindən dərc olunub. Alimlərin qənaətinə görə, bunun səbəbi qədim xalqların bacarıqsızlığı deyil, Cənub dənizlərinin son dərəcə sərt iqlim şəraitidir. Həmin ərazilərdə buzlu sular, aysberqlər və davamlı fırtınalar hökm sürüb, bu isə müasir naviqasiya alətləri olmadan dəniz səyahətlərini demək olar ki, mümkünsüz edib.

Tədqiqat zamanı arxeoloqlar 50-ci paralel yaxınlığında yerləşən adalar və arxipelaqları — Cənubi Corciya, Orkney və Sandviç adalarını araşdırıblar. Orada aşkar edilən bütün maddi tapıntılar XIX əsr Avropa balina ovçularına məxsus olub. Qədim dövrlərə aid yaşayış yerləri, dayanacaqlar və ya gəmi qalıqları isə tapılmayıb.

Alimlər bildirirlər ki, bu, qədim dənizçilərin uzaq məsafələrə səyahət etməyə qadir olmadıqları anlamına gəlmir. Əksinə, onlar küləkləri, axınları və ulduzları yaxşı tanıyır, okeanla ustalıqla davranırdılar. Sadəcə, hələlik elmi sübut yoxdur ki, onlardan kimsə “buz və külək səltənətinə” qədər irəliləməyə cəsarət edib.

Tədqiqatçılar istisna etmirlər ki, gələcək arxeoloji tapıntılar bu barədə təsəvvürləri dəyişə bilər, çünki tarixdə bir çox böyük kəşflər məhz əvvəlcə mümkünsüz görünən səfərlərdən başlayıb.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr