Antik dövr mütəfəkkirləri insanın təbiətə təsirini və iqlim dəyişikliyini minilliklər əvvəl anlayıblar...
Alimlərin fikrincə, artıq qədim yunan və Roma dövrlərində insanlar iqlimin sabit olmadığını və zamanla dəyişə biləcəyini dərk edirdilər. Onlar həmçinin insan fəaliyyətinin təbiətə, hava şəraitinə və məhsuldarlığa təsir göstərə biləcəyini anlayırdılar.
Poliqon xəbər verir ki, bu barədə The Conversation nəşri yazır.
Məsələn, eramızdan əvvəl IV–III əsrlərdə yaşamış yunan filosofu Eresli Teofrast qeyd edirdi ki, Krit adasında bir zamanlar qış və qar olmurdu, torpaq asan becərilirdi, lakin indi qışlar uzanıb və qar tez-tez yağır.
Roma təbiətşünası Pliniy Qoca isə eramızın I əsrində yazırdı ki, Fessaliyada (müasir Larisə bölgəsi) gölün qurudulması nəticəsində iqlim soyuyub, zeytun ağacları məhv olub, üzüm bağları isə şaxtadan əziyyət çəkib.
Təxminən eyni dövrdə yaşamış başqa bir Roma müəllifi, Kolumella, eramızın 50-ci illərində yazırdı: “Bir çox mütəfəkkirlər artıq deyirlər ki, zamanla hava və iqlim dəyişir”.
Qədim müəlliflər həmçinin çayların çirklənməsindən, havanın ağırlaşmasından və təbiətin tənəzzülündən şikayətlənirdilər. Onlar başa düşürdülər ki, əgər insan təbiətə zərər verirsə, bu zərər sonda özünə də dönəcək.
O dövrdə “qlobal iqlim dəyişikliyi” anlayışı olmasa da, antik dövrün mütəfəkkirləri insanın təbiətə müdaxiləsinin, göllərin qurudulması, meşələrin qırılması, çay məcralarının dəyişdirilməsi kimi proseslərin yerli iqlim şəraitinə ciddi təsir göstərdiyini aydın görürdülər.
Beləliklə, təbiətə qayğı və ekoloji tarazlığın qorunması ideyası müasir dövrün kəşfi deyil. İki min il əvvəl də insanlar anlayırdılar ki, hər şey bir-biri ilə bağlıdır: təbiəti məhv edən insan, əslində, öz dünyasını məhv edir.
Poliqon.info