AZ

MDU da sənayeyönümlü və rəqəmsal tədris mühiti formalaşır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) turizm sahəsində tədrisin praktiki və rəqəmsal əsaslar üzərində qurulması istiqamətində ardıcıl addımlar atılır.

AZƏRTAC xəbər verir ki, yeni yaradılmış “Tourism Skills Lab” laboratoriyası turizm yönümlü ixtisaslarda təhsil alan tələbələrin praktiki bacarıqlarını inkişaf etdirmək, onların real otelçilik sistemlərində iş təcrübəsini formalaşdırmaq məqsədilə qurulub. Laboratoriyada “ElektraWeb”, “Opera”, “HBO” və digər sahəvi proqramlar əsasında dərslərin təşkili nəzərdə tutulur. Bu, tələbələrə qonaqların qəbulu, rezervasiyanın idarə olunması, analitik hesabat və PMS inteqrasiyası kimi real prosesləri praktik şəkildə öyrənmək imkanı yaradır.

Təşəbbüsün davamı olaraq, noyabrın 5-də MDU-nun müəllimləri Vəfa Mustafazadə və Taleh Hüseynov Türkiyənin Tayla şirkəti tərəfindən təşkil olunan “Turizmin Gələcəyini Rəqəmsallaşdırırıq” adlı onlayn təlim proqramında iştirak ediblər. Təlimin əsas məqsədi turizm və hotelçilik sahəsində geniş tətbiq olunan “Elektra Web” proqramının funksional imkanlarının öyrənilməsi olub.

Proqram çərçivəsində iştirakçılar rezervasiya, qonaqlama, folio, proqnozlaşdırma (forecast) və vəzifə idarəetməsi (task management) modulları üzrə həm nəzəri, həm də praktik biliklərini təkmilləşdiriblər.

“Tourism Skills Lab” laboratoriyasının istifadəyə verilməsi MDU-nun turizm sahəsində tədris prosesini müasir texnologiyalarla sinxronlaşdırmaq məqsədini daşıyır. Laboratoriyanın fəaliyyəti gələcəkdə tələbələrin turizm sənayesində daha rəqabətqabiliyyətli və peşəkar kadr kimi yetişməsinə mühüm töhfə verəcək.

Bu təşəbbüslər Mingəçevir Dövlət Universitetində turizm tədrisinin rəqəmsallaşdırılması, innovativ mühitin yaradılması və akademik heyətin müasir turizm texnologiyalarına inteqrasiyası istiqamətində atılmış mühüm addımlar kimi dəyərləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
azertag.az

2Mənbələr