Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Berlin, 6 noyabr, AZƏRTAC
Polad emalı hər zaman olduğu kimi, bu gün də sənaye sahəsində açar rolunu oynayır. Həm Almaniya, həm də Avropada onun təhlükəsiz və dayanıqlı gələcəyini təmin etməliyik. Bunun üçün bazarları və istehsalçıları daha yaxşı qorumaq, onların rəqabət qabiliyyətini dəstəkləmək və enerji qiymətlərini aşağı salmaq istəyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts polad istehsal edən federal əyalətlərin rəhbərləri, sənaye və həmkarlar ittifaqlarının nümayəndələri ilə birlikdə keçirdiyi Polad Sammitindən sonra açıqlamasında deyib.
Kansler qeyd edib ki, Almaniyanın polad sənayesi öz varlığını qorumaq uğrunda mübarizə aparır və hazırkı böhran bu sənaye üçün mövcudluq baxımından təhlükəlidir. Fridrix Mers Almaniyanın və Avropanın polad sənayesinin qorunmasının milli və iqtisadi prioritet olduğunu vurğulayaraq, bunun üçün enerji qiymətlərinin azaldılması, yerli istehsalın qorunması və Avropa poladına üstünlük verilməsi kimi tədbirlərin təcili həyata keçirilməsinin vacibliyini bildirib.
Fridrix Merts ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları ilə əlaqədar Çin mallarının Avropaya yönəldilməsi nəticəsində bazarlarda məhsul bolluğuna qarşı xarici ticarətin səmərəli şəkildə müdafiəsinə ehtiyac yarandığını qeyd edib.
O, polad sənayesinin fəaliyyəti üçün elektrik enerjisinin qiymətlərinin effektiv şəkildə azaldılması istiqamətində Avropa İttifaqı ilə aylardır danışıqlar aparıldığını və nəticələrin perspektivli olduğunu vurğulayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.