Yunanıstan və Albaniya sərhədində yerləşən “Sulfura” adlı kükürdlü mağarada dünyanın ən böyük hörümçək toru aşkar edilib.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Alimlərin hesablamalarına görə, torun ümumi sahəsi 106 kvadratmetrdir. Bioloq İştvan Yurakın (Transilvaniyada yerləşən Sapientia Universiteti, Macarıstan) sözlərinə görə, bu nəhəng quruluş minlərlə ayrıca hörümçək torunun birləşməsindən ibarət “yamaqlı yorğan”a bənzəyir.
Yurak qeyd edib ki, bu kəşf “Tegenaria domestica” (ev hörümçəyi) və “Prinerigone vagans” növlərində kolonial davranışın ilk elmi sübutu sayılır. Adətən bu iki növ bir-biri ilə rəqabət aparır və eyni toru paylaşmır.
Tədqiqat nəticəsində məlum olub ki, ümumilikdə 69 minə yaxın ev hörümçəyi və 42 mindən çox “Prinerigone vagans” eyni nəhəng strukturda məskunlaşıb. Hər iki növ ağcaqanadlarla qidalanır, ağcaqanadlar isə mağaradakı mikrobioloji biotəbəqələrlə bəslənir.
Alimlərin sözlərinə görə, tor o qədər ağırdır ki, bəzi yerlərdə öz çəkisinə görə mağara divarından qopub düşə bilər.
Samir