ain.az bildirir, 525.az saytına əsaslanaraq.
"Artıq bir neçə ildir ki, Bakıda yerləşən ali məktəblərin kənar əraziyə və ya ölkənin digər bölgələrinə köçürülməsi məsələsi barədə müzakirələr aparılır. Hesab edirəm ki, ilk növbədə tələbə kontingenti çox olan təhsil müəssisələri şəhərdən kənara köçürülməlidir".
Bunu "525"ə təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, tələbə kontingenti çox olan universitetlər sırasında Bakı Dövlət, Texniki, Memarlıq və İnşaat Universiteti və s. daxildir. Lakin öncə köçürülmə prosesinin icrası ilə əlaqədar layihə işlənib hazırlanmalıdır: "Universitet tələbələrinin çoxunun gündəlik olaraq ictimai nəqliyyat, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir. Sıxlıqı aradan qaldırmaq və tıxac problemini həll etmək üçün sözügedən universitetlərin Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər. Təbii ki, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa edilməlidir.
Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Onların təcrübəsindən yararlanmaqda fayda var. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradıldıqdan sonra köçürülmə prosesini həyata keçirmək olar".
Sevinc QARAYEVA
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.