AZ

Rusiya neft və qaz gəlirlərində kəskin azalma — büdcə kəsiri rekord səviyyədə

Rusiya neft-qaz sektorundan əldə etdiyi gəlirləri 2025-ci ilin oktyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 27% azalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Bell saytının Maliyyə Nazirliyinin statistikasına əsasən apardığı təhlil bunu göstərir.

Əsas səbəblər arasında neftin dünya bazarında ucuzlaşması və Urals markalı Rusiya neftinə olan tələbin azalması göstərilir. Məlumata görə, oktyabrda Urals neftinin orta qiyməti təxminən 54 dollar olub — bu isə rubl ifadəsində ötən illə müqayisədə təxminən üçdə bir az deməkdir.

Yanvar–oktyabr dövründə Rusiya neft və qaz gəlirlərindən 7,5 trilyon rubl qazanıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21% azdır.

Maliyyə Nazirliyinin proqnozuna əsasən, noyabrda neft-qaz gəlirləri planlaşdırılandan 48 milyard rubl az olacaq.

Oktyabrın sonunda ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməsi vəziyyəti daha da ağırlaşdırıb. Bu addımın fonunda:

  • Çin şirkətləri Rusiya nefti ilə bağlı müqavilələri tədricən dayandırmağa başlayıb;
  • Hindistan rus nefti üzrə müqavilə şərtlərinə yenidən baxır;
  • Türkiyədə isə rus dizel yanacağının qiyməti sürətlə bahalaşır.

Ekspertlərə görə, Rusiya 2025-ci ildə 2020-dən bəri ən yüksək büdcə kəsiri ilə üzləşib — kəsirin həcmi 5,7 trilyon rubl təşkil edib. Federal büdcəyə edilmiş düzəlişlərə əsasən, neft və qaz gəlirlərinin ümumi həcmi planlaşdırılandan 2,2 trilyon rubl az olacaq.

İqtisadçılar xəbərdarlıq edirlər ki, bu dinamika davam edərsə, Moskva növbəti ildə enerji ixracına əsaslanan büdcə modelini saxlaya bilməyəcək. Eyni zamanda, sanksiyalar və Asiya bazarlarında etimad itkisi Rusiyanın “enerji diplomatiyasını” əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Musavat.com

 

Seçilən
29
musavat.com

1Mənbələr