Qazaxıstanın Xəzər dənizi sahillərində 112 ölü suiti cəsədi tapılıb. Bu, son illərdə ilk belə hadisə deyil. Xəzərin müxtəlif bölgələrində, o cümlədən Azərbaycan sahillərində də oxşar hallar tez-tez müşahidə olunur. Bu il isə suitlərin kütləvi ölümü daha da artıb.
Bəs Xəzər dənizində canlıların bu cür kütləvi şəkildə məhv olmasının əsas səbəbi nədir?
NOCOMMENT.az xəbər verir ki, bu barədə ekoloq Sadiq Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, son illər Xəzər dənizində suitlərin kütləvi şəkildə məhv olması ekosistemdə narahatedici dəyişikliklərin göstəricisidir:
“Xəzər dənizində suitlərin bu cür ölüm halları son dövrlərdə, xüsusilə də Qazaxıstan, Türkmənistan və Azərbaycan sahillərində tez-tez müşahidə olunur. Suitlərin sayı kütləvi şəkildə azalmaqda davam edir. Məsələn, 1900-cü illərdə onların sayı təxminən 1 milyon başa qədər hesablanmışdı. 1980–1990-cı illərdə bu rəqəm sürətlə azalaraq 350–400 minə düşdü. Hazırda isə qazaxıstanlı alimlərin qiymətləndirməsinə görə, Xəzər dənizində təxminən 100 minə yaxın su iti qalıb. Yəni, onların sayı getdikcə azalır. Qeyd edim ki, suitlər Xəzər dənizinin “sanitarları” adlandırılır. Çünki onlar dənizdəki xəstə balıqları və bu tipli digər canlıları yeyərək xəstəliklərin yayılmasının qarşısını alan heyvanlardır”.

S.Həsənov Xəzər dənizində neft və qaz hasilatı nəticəsində yaranan çirklənmə suitlərin kütləvi ölümünün əsas səbəblərindən biri olduğunu vurğulayıb:
“Suitlərin kütləvi ölümünün bir neçə səbəbi ilə izah olunması mümkündür.İlk olaraq, uzun müddətdir ki, Xəzər dənizinin həm Azərbaycan, həm Qazaxıstan, həm də Türkmənistan sektorlarında neft və qaz hasilatı aparılır. Bu isə çirklənmənin əsas səbəblərindən biridir. Çünki neftin çıxarılması və nəqli zamanı bir çox texnoloji proseslər həyata keçirilir və bu proseslərdə müxtəlif kimyəvi reagentlərdən istifadə olunur. Sonradan həmin reagentlərin müəyyən hissəsi utilizasiyaya göndərilsə də, böyük bir qismi Xəzər dənizinə axıdılır. Bu da balıqların və digər dəniz canlılarının kütləvi şəkildə ölümünə səbəb olur.Neft hasilatı nəticəsində dənizdə müxtəlif canlıların azalması və suitlərin qidalanmasının çətinləşməsi də mühüm səbəblərdəndir. Çünki hasilat zamanı lay suları da üzə çıxır. Lay sularının tərkibində gil, qum və müxtəlif kimyəvi elementlər olur. Hətta Mendeleyev cədvəlindəki bir çox elementlərin həmin suların tərkibində olması müəyyən zəhərlənmələr və çirklənmələr yaradır, bu da canlıların sayının azalmasına gətirib çıxarır”.
Ekspertlərin fikrincə, suitlərin ölümünə kütləvi xəstəliklər və dənizə axıdılan çirkab sular səbəb ola bilər:
“İkinci səbəb kimi suitlər arasında kütləvi xəstəliklərin müşahidə olunmasını göstərmək olar. Qazaxıstan alimlərinin verdiyi məlumata görə, suitlər ölü vəziyyətdə tapıldıqda artıq bir neçə gün keçmiş olur və bu səbəbdən onların orqanizmlərində laborator analiz aparmaq mümkün olmur. Nəticədə ölümün dəqiq səbəbləri müəyyən edilə bilmir.Üçüncü səbəb isə suitlərin çox zaman balıqların kütləvi hərəkət etdiyi ərazilərdə olması ilə bağlıdır. Bu zaman onlar arasında toqquşma və təzyiq halları baş verir. Həmçinin Xəzər dənizinə Azərbaycan, Qazaxıstan və Rusiyadan axıdılan çirkab sular nəticəsində dənizdə müxtəlif xəstəliklərin yayılması da suitlərin ölümünə səbəb ola bilər”.