AZ

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq - ŞƏRH

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşəcək.

ABŞ və Suriya liderlərinin görüşünün əsas məqsədi nə ola bilər?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan politoloq Həşim Səhrablı bildirdi ki, ABŞ və Suriya liderləri arasında keçiriləcək görüş Yaxın Şərqdə yaşanan hazırkı gərginlik fonunda həm ikitərəfli münasibətlərin bərpasına, həm də tərəflərin regional maraqlarını qorumaq məqsədilə bir-birinə qarşı addımlardan çəkinməsinə və müxtəlif məsələlərin hərtərəfli müzakirəsinə yönələcək:

"Donald Tramp çalışacaq öyrənsin ki, Əhməd Əl Şaraa Moskvaya niyə getmişdi, orada nələr müzakirə olundu, hansı razılaşmalar əldə edildi. Məncə, bu, Amerika Birləşmiş Ştatları üçün vacib olacaq. Çünki Əhməd Əl Şaraanın Rusiyaya səfərdən sonra bir sıra hərbi məsələlərdə Moskva ilə ortaq mövqeyə gəldiklərini bildirməsi və mediada yayılan məlumatlara əsasən, Rusiyanın yenidən Əsəd dövründə olduğu kimi Suriyanın hərbi modernizasiyasına və digər istiqamətlərdə Dəməşqə dəstək verməyə hazır olması ABŞ-nin diqqətindən yayınmır. Bütün bunlar, təbii ki, Amerika Birləşmiş Ştatlarını narahat etməyə bilməz. ABŞ çalışacaq öyrənsin ki, bu razılaşmaların mahiyyəti nədir, onlar Amerikanın və onun bölgədəki müttəfiqlərinin maraqlarına nə dərəcədə təsir göstərə bilər.

Bütün bu məsələlərin yekunu kimi Donald Tramp Əhməd Əl Şaraa ilə müzakirələr aparacaq və çalışacaq ki, Suriya yenidən Bəşər Əsəd dövründə olduğu kimi Rusiyadan asılı vəziyyətə düşməsin. Çünki Suriyanın yenidən Rusiyanın təsiri altına keçməsi və bir sıra məsələlərdə Moskvadan asılı hala gəlməsi İsrail üçün təhlükə yarada bilər. İsrailin druzlar məsələsi ilə bağlı son addımları və strateji hədəfləri vurması Suriyanın yeni hakimiyyətinin işini çətinləşdirdi. Bu da ölkədə vahid idarəetmənin və mərkəzləşdirilmiş hakimiyyətin formalaşdırılmasını çətinləşdirdi. Məhz buna görə Əl Şaraa hakimiyyəti yeni müttəfiqlər axtarışına çıxıb və Rusiyaya müraciət etməsi də bununla bağlı ola bilər".

Müsahibimiz vurğuladı ki, görüşdə bölgənin strateji üstünlükləri də müzakirə oluna bilər:

"Xüsusilə Yaxın Şərqdən keçməsi planlaşdırılan tranzit layihələri, Suriyanın enerji resurslarının və mineral ehtiyatlarının işlənməsi və bazarlara çıxarılması məsələləri, eləcə də ikitərəfli iqtisadi və siyasi əməkdaşlıq istiqamətləri gündəmdə olacaq. Qısası, Amerika Birləşmiş Ştatları çalışacaq ki, Suriyanın yeni hakimiyyəti bir çox məsələlərdə onlarla birgə addımlar atsın və əməkdaşlıq etsin".

Nuriyyə NATİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr