AZ

İlk dəfə Ermənistana yük daşımaları Azərbaycan üzərindən həyata keçirilirsə, bu o deməkdir ki... AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Son bir neçə ayda Azərbaycan və Ermənistan arasında kifayət qədər pozitiv normallaşma prosesi müşahidə olunur.Xüsusilə də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış yekun sülh sazişinin mətninin paraflanması həm iki ölkə arasındakı münasibətlərin, həm də Cənubi Qafqazdakı vəziyyətin ciddi şəkildə dəyişməsinə səbəb olub".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. "Bu paraflanma sənədi Cənubi Qafqazda sülhün və sabitliyin artıq geriyə dönməz prosesə çevrildiyini təsdiqləyib. Buna görə də indi hər iki dövlət qarşılıqlı olaraq bir-birinə doğru addımlar atır.Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına icazə verilməsi ilə bağlı bəyanat yaymışdı. Ardınca isə Ermənistan istiqamətində yük qatarları Azərbaycan üzərindən hərəkət etməyə başlayıb. Bu da Ermənistanın uzun illərdən sonra ilk dəfə olaraq blokadadan çıxma prosesinin başlanğıcı kimi qiymətləndirilə bilər".O bildirib ki, Paşinyan hakimiyyətinin təmsilçiləri, o cümlədən Baş nazir Nikol Paşinyan da bu xoşməramlı addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan dövlətinə təşəkkür ediblər:"Bu isə onu göstərir ki, iki ölkə arasında kifayət qədər pozitiv proses başlayıb və bu proses inkişaf istiqamətində davam edir.Əgər uzun müddətdən sonra ilk dəfə Ermənistana yük daşımaları Azərbaycan üzərindən həyata keçirilirsə, bu o deməkdir ki, həm Azərbaycan, həm də Ermənistan sülhə artıq hazırdır. Azərbaycanda Ermənistanla sülhün əldə olunması və münasibətlərin normallaşdırılması üçün demək olar ki, ciddi bir maneə yoxdur.İndi Ermənistan da adekvat davranmalı, sülh və sabitlik naminə daha qətiyyətli addımlar atmalıdır. Xüsusilə də Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar çıxarılmalıdır".Politoloq deyib ki, bundan sonra yekun sülh sazişi imzalanmalı və Cənubi Qafqazda uzun illər davam edən münaqişə vəziyyətinə həm siyasi, həm də hüquqi baxımdan beynəlxalq təminatlar əsasında son qoyulmalıdır:"Proseslər də məhz bu istiqamətdə inkişaf edir. Əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində mövqeyini qoruya bilsə, böyük ehtimalla bu proses pozitiv nəticə ilə başa çatacaq.Hazırda Ermənistan cəmiyyəti də Azərbaycanla sülhə hazır olmalıdır. Paşinyan hakimiyyəti erməni ictimaiyyətini sülhə hazırlamaq üçün müəyyən təbliğat xarakterli addımlar atır və bu da təqdirəlayiqdir.Yəqin ki, yaxın gələcəkdə kənar müdaxilələr, xüsusən də Ermənistana yönəlik xarici təsirlər olmazsa, Cənubi Qafqazda sülh və sabitlik üçün geriyə dönməz bir prosesin başlanacağı qətiyyətlə söylənilə bilər".Qeyd edək ki, Azərbaycan ərazisindən Ermənistana yükdaşımalara başlanılıb.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
demokrat.az

2Mənbələr