525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Orta məktəb dərsliklərində olan materiallarla qəbul imtahanlarında verilən suallar üst-üstə düşmür. Ali məktəbə hazırlaşan abituriyentlər testlər və digər materiallardan istifadə edir. Məktəbdə verilən təhsil imtahanlarda istənilən nəticə əldə etmək üçün yetərli deyil. Bu səbəbdən də repetitorlara müraciət olunur".
Bunu təhsil ekspert Kamran Əsədov "525"ə bildirib.
O qeyd edib ki, orta məktəb proqramı ilə şagirdlər qəbul imtahanına tam hazırlaşa bilmədikləri üçün repetitorlara üz tutanların sayı artır. Repetitor indi təhsil sistemində boşluğu dolduran əsas vasitəyə çevrilib.
Ekspertin sözlərinə görə, repetitorluğun belə geniş yayılması məktəbin nüfuzuna zərbə vurur: "Şagirdlər repetitorlara üz tuturlar. Belə olan halda da məktəb öz əsas funksiyasını itirir. Ali məktəbə qəbul olmaq üçün şagirdlərin əsas diqqəti məktəbə yox, repetitora yönəlir. Nəticədə də məktəb, orada keçirilən dərslərə maraq azalır. Hesab edirəm ki, məktəb proqramı qəbul imtahanlarına uyğunlaşdırılmalıdır. Şagirdlərin məktəb proqramı əsasında imtahanlara hazırlaşması təmin edilməlidir. Əks halda repetitorluq daha da geniş yayılacaq".
Sevinc QARAYEVA
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.