AZ

"Avropa Rusiyaya qarşı viza qaydalarını sərtləşdirir: çoxgirişli Şengen vizalarına məhdudiyyət planı" - "Politico"

"Məqsəd - Kremlə Ukrayna müharibəsinə görə siyasi təzyiqi artırmaqdır..."

Brüsseldən təsdiq: yeni viza qaydaları hazırlanır

"Politico" nəşrinin məlumatına görə, Avropa Komissiyası rusiyalı vətəndaşlara vizaların verilməsi qaydalarının sərtləşdirilməsi üzərində iş apardığını rəsmi şəkildə təsdiqləyib. Komissiyanın nümayəndəsi Markus Lammert bildirib ki, hazırda üzv ölkələrlə birlikdə yeni tədbirlər müzakirə olunur.

O, detalların hələ açıqlanmadığını, məlumatın qərar rəsmiləşdikdən sonra paylaşılacağını qeyd edib. Lammert həmçinin vurğulayıb ki, Avropa Komissiyasının vizaları tam qadağan etmək səlahiyyəti yoxdur. Vizaların verilməsi hər bir üzv dövlətin öz səlahiyyətindədir. Komissiya yalnız ümumi qaydaları sərtləşdirə və konsulluqlar üçün vahid tələblər müəyyən edə bilər.

Çoxgirişli vizalar məhdudlaşdırılır

Nəşrin yazdığına görə, Avropa İttifaqı çoxgirişli Şengen vizalarının verilməsini dayandırmağı planlaşdırır. Belə qərar qəbul olunarsa, rusiyalılar yalnız bir dəfə giriş imkanı təmin edən vizalar ala biləcəklər. Bu qaydadan yalnız humanitar səbəblərlə Avropaya gələnlər və ya həm Rusiya, həm də Avropa İttifaqı vətəndaşlığına malik olan şəxslər istisna ediləcək. Bu addım Ukraynada davam edən müharibəyə görə Rusiyaya qarşı əlavə təzyiq vasitəsi kimi nəzərdə tutulub.

Vizalar artıq bahalaşıb və proses sərtləşdirilib

Avropa İttifaqı rusiyalılar üçün viza prosedurlarını ilk dəfə 2022-ci ilin sentyabrında sərtləşdirib. Sadələşdirilmiş viza rejimi ləğv edilib, rüsum 35 avrodan 90 avroya qaldırılıb və müraciətlərin baxılma müddəti uzadılıb. Bir sıra ölkələr, xüsusən Polşa, Litva, Latviya, Estoniya və Çexiya rusiyalılara turist vizası verməyi tamamilə dayandırıb.

Bu dəyişikliklərin nəticəsi statistikada açıq görünür. Müharibədən əvvəl,  2019-cu ildə 4 milyonadan çox rusiyalı Şengen vizası alıb. 2023-cü ildə bu rəqəm 517 minə düşüb. 2024-cü ildə isə 541 min viza verilib, lakin bu hələ də müharibədən əvvəlki göstəricidən dəfələrlə aşağıdır. 2024-cü ildə ən çox vizanı İtaliya, Fransa, İspaniya, Yunanıstan və Macarıstan verib.

Avropa İttifaqı vizaları tam qadağan edə bilməsə də, çoxgirişli vizaların məhdudlaşdırılması ilə rusiyalıların Avropaya giriş imkanlarını ciddi şəkildə azaldır. Bu, Brüsselin Ukrayna müharibəsinə görə Moskvanı təzyiq altında saxlamaq üçün atdığı əlavə siyasi addımdır.

Seçilən
26
1
moderator.az

2Mənbələr