Fransa millisinin baş məşqçisi Didier Deşamps noyabrda keçiriləcək beynəlxalq oyunlar üçün yığmanın heyətini elan edib.

Offsideplus.az xəbər verir ki, “Les Bleus” bu toplanışda 2026 dünya çempionatına vəsiqəni təmin etməyə çalışacaq.

Ötən ay Fransa Azərbaycan üzərində 3:0 hesablı qələbə qazanmış, İslandiya ilə isə 2:2 hesablı bərabərlik əldə etmişdi. Noyabrın 13-də Ukrayna ilə qarşılaşacaq fransızlar, bir neçə gün sonra Bakıda Azərbaycanla üz-üzə gələcəklər.

Deşamps komandasını bir sıra itkilərlə formalaşdırmalı olub — Orelien Çuameni, Adrian Rabiot, Ousman Dembele və Dezire Due zədəlidirlər. Onların əvəzləyiciləri kimi təcrübəli yarımmüdafiəçi Nqolo Kante (“Əl-İttihad”) və gənc istedad Varren Zair-Emeri (PSJ) yığmaya çağırılıb.

Həmçinin, Randal Kolo Muani (“Tottenhem”) uzun fasilədən sonra yenidən komandaya dönüb. Kristal Palasın hücumçusu Jan-Filipp Mateta isə yerini qoruyub. Fransa Ukraynaya qalib gələcəyi təqdirdə, mundiala ən erkən vəsiqə qazanan komandalardan biri olacaq.

Fransa millisinin noyabr toplanışı üçün heyəti

- Qapıçılar:

Lukas Şevalye (PSJ), Mayk Manyan (Milan), Bris Samba (Renn)

- Müdafiəçilər:

Lukas Din (Aston Villa), Malo Qusto (Çelsi), Lukas Ernandes (PSJ), Teo Ernandes (Əl-Hilal), İbrahima Konate (Liverpul), Jyul Kunde (Barselona), Uilyam Saliba (Arsenal), Dayo Upamekano (Bavariya)

- Yarımmüdafiəçilər:

Eduardo Kamavinqa (Real Madrid), Nqolo Kante (Əl-İttihad), Manu Kone (Roma), Maykl Olise (Bavariya), Varren Zair-Emeri (PSJ)

- Hücumçular:

Mağnes Akliuș (Monako), Bredli Barkola (PSJ), Rayan Şerki (Mançester Siti), Uqo Ekitike (Liverpul), Randal Kolo Muani (Tottenhem), Jan-Filipp Mateta (Kristal Palas), Kilian Mbappe (Real Madrid), Kristofer Nkunku (Milan)