BAKI, 6 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və hökumətin digər yüksək vəzifəli nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər ikitərəfli və regional əməkdaşlığın əsas aspektlərini, iqtisadi qarşılıqlı fəaliyyət, məşğulluğun təşviqi və sənayenin inkişafı üzrə tədbirləri müzakirə ediblər.
Tokayev Qazaxıstanın çoxtərəfli əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
Qazaxıstan və ABŞ əsas faydalı qazıntılar üzrə əməkdaşlıq memorandumu da imzalayıblar.
Qeyd edək ki, sabah Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında sammit keçiriləcək.