AZ

İlham Əhmədov: Azərbaycan təhsil büdcəsinin səmərəlilik problemləri...

"Son illər  təhsil  büdcəsinin   həcmi dinamik artsa da, onun  səmərəsiz icrası ölkə təhsilinin inkişafına təkan vermir.  Bu amil  təhsilimizin ciddi problemlərindən biridir, yəni, təhsilin büdcəsi artır, amma nəticə dəyişmir. Son illər  Azərbaycanın dövlət büdcəsindən  təhsilə ayrılan maliyyə vəsaiti  ümumi xərclərin 10 %-ni təşkil edir. Rəqəmlər artım tendensiyasını  göstərsə də,  bu vəsaitlərin xərclənmə səmərəsi, məqsədyönlülüyü və təhsilin  nəticələrinə təsiri (şagird nailiyyəti, müəllim keyfiyyəti, infrastruktur davamlılığı, beynəlxalq qiymətləndirmələr, beynəlxalq olimpiada  və reytinqlərdə zəif  nəticələr v.s.) aşağıdır". 

Bu fikirləri Hit.az-a dosent, təhsil eksperti İlham Əhmədov deyib.

O bildirib ki, təhsildə  uğursuz  maliyyə siyasətinin bir səbəbi də bu  sistemin  keyfiyyətli  strategiyaya malik olmamasıdır. 

Bu səbəblərdən maliyyə resurslarının  bölgüsündə  real ehtiyaclar, perspektiv inkişaf  məsələləri  təhlili edilmir,  paralel xərclər olur (yəni, eyni istiqamətə iki dəfə vəsait ayrılır), layihələrin nəticəyönümlülüyü  qiymətləndirilmir: "Eyni vaxtda  büdcə icrasına nəzarət mexanizmləri də zəifdir. Son illər qrantlara müəyyən məbləğ ayrılsa da, bu layihələrin səmərəsi hiss edilmir. Düzdür bunun başqa səbəbləri də var, amma hər halda səmərəsiz layihələrin maliyyələşməsi israfçılıqdır. Digər tərəfdən “Hesablama Palatası”nın mütəmadi olaraq təhsil sistemində iri məbləğdə maliyyə pozuntularını  üzə çıxarması, idarəetməsdə və nəzarətdə ciddi boşluqların olduğunu göstərir. 

Təhsildə maliyyə azlığı daim hiss edilir, amma bu problem  təkcə “məbləğ” azlığı ilə əlaqəli  deyil, həm də  “məntiq” yoxluğu problemi var. Yəni, zəruri layihələrə  və ideyalara heç vaxt pul tapılmır, eyni zamanda  mənasız layihələr gen-bol maliyyələşir (məsələn, “Məktəblinin dostu”  kimi mənasız layihəyə  ildə 10 milyon israf edilir).  

Hazırkı büdcə modelində təhsil büdcəsi çox vaxt  “büdcə artımı”  prinsipi ilə planlaşdırılır, səmərəlilik indeksi ilə yox. Məsələn: məktəblərin təmiri üçün ayrılan milyonlarla manat tədrisin  keyfiyyətinə  az təsir göstərir, müəllimin  maaş artımı ölçüləbilən tədris nəticələri ilə əlaqələndirilmir, vəsaitlərin bölgüsü  real ehtiyaclara və dərin təhlilə  əsasən deyil,  bir qayda olaraq  inzibati qərarlarla formalaşır.

Son illər ölkədə 4 mindən çox məktəb tikilib və ya əsaslı təmir edilib. İndi nazirin yaxın illərdə 1500 məktəbin bağlanması ilə əlaqədar verdiyi “müjdə”  göstərir ki, bağlanacaq 1500 məktəbin içərisində ən azı  1000 məktəb yeni  tikilən və ya əsaslı təmir olunan məktəb olacaqdır. Bəs bu 1000 məktəbin   tikilməsinə və ya əsaslı təmir olunmasına  sərf edilən maliyyəyə heyfləri gəlmirmi? Belə  vəziyyət ölkədə təhsil strategiyasıının yoxluğu səbəbi ilə yaranır. 
Digər tərəfdən, ali təhsildə investisiya dedikdə, bizim universitetlər  əsasən təmir-tikinti işlərini nəzərdə tutur. Halbu ki, əsas investisiya informasiya resurslarına, elmi tədqiqatlara, yeni laboratoriyaların açılmasına  və tədris-metodik təminata yönlənməli idi.  

İndi tez-tez  universitetlərin şəhərdən çıxarılması, regionlara köçürülməsi  məsələləri müzakirə edilir.  Əgər bu baş tutarsa, deməli universitetlərin son 20 ildə etdikləri “investisiya”nın (bu toplam olaraq ali təhsil sistemi üçün milyard manatdan çoxdur),  onlara heç bir xeyri olmayacaq.  Halbuki, bu maliyyənin heç olmasa 50 % təhsilin inkişafına yönəlsəydi, universitetlərun məkan dəyişməsinin  onlara ciddi   itki olmayacaqdı.   Bu vəziyyət də ölkə təhsilinin strategiyasızlığı səbəbi ilədir. Sanki, təhsildə yalnız operativ idarəetmə var (əgər o da varsa), amma təhsildə  heç bir strateji idarəetmə və menecerlərdə strateji düşüncə  hiss edilmir. Bu səbəbdən də təhsilə ayrılan maliyyə tam səmərəsiz olur. Təhsilimizin indiki real durumuna baxmaq kifayətdir.  Problemin  həlli kimi ilk növbədə ölkə təhsilinin  elmi əsslara söykənən  strategiyası hazırlanmalıdır.  

Mühüm problem  ali  təhsilin, universitetlərin inkişafı  üçün  maliyyə vəsaitlərinin azlığıdır.  Universitetlərimizin bütün  aspektlərdə  qlobal  inkişafdan geridə qalması  səbəblərindən biri  onlara  25 il ərzində investisiya  edilməməsidir.  Ali təhsildə inkişafyönlü və təmiryönlü investisiyalar müqayisə edilsə,  bu nisbətin 1: 10 (bəlkə də 1:20)  olduğunu görərik. Bu müqayisəni  ETN etməli idi, bu illər ərzində, amm  etmədi.   

AMEA-nın 80 illik yubileyi ilə əlaqədar tədbirdə ölkə prezidenti İlham Əliyevin məruzəsində elm və təhsil sistemi qarşısında bir sıra  ciddi məsələlər qaldırılıb. Bu məsələlərin 90%-i  AMEA-ya  yox, ETN-nə aiddir.  Bu problemləri səmərəli həll etmək üçün  isə elm və təhsilə ayrılan maliyyə resurslarını səmrəli və şəffaf xərclənməli, ictimai nəzarət təmin edilməlidir, hansı ki, bizim təhsildə bu heç vaxt olmayıb".

Sevinc

Seçilən
41
hit.az

1Mənbələr