Kamran Əsədov: “Valideynin belə bir sənədi imzalamaqdan imtina etməsi onun hüquqlarını pozmur”
Son vaxtlar bir çox məktəblərdə valideynlərdən “İltizam” adlı sənədi imzalamaq tələb olunur. Sənədə əsasən, valideynlər övladlarının məktəbdəki davranış və nizam-intizam qaydalarına əməl etməsinə görə tam məsuliyyəti üzərlərinə götürürlər. Sənəddə geyim forması, dərsə davamiyyət, məktəb əmlakına zərər vurmaq, dərsdən qaçma, həmçinin pedaqoji heyətə qarşı hörmətsizlik kimi hallara görə valideynin məsuliyyət daşıdığı qeyd olunur.
Bu sənəd valideynlər arasında ciddi müzakirələrə və narazılığa səbəb olub. Bəziləri sənədi məktəbdə intizamın qorunması üçün zəruri hesab etsə də, digərləri bunun hüquqi əsasının olmadığını və valideynlərin təzyiq altında imza atmağa məcbur qaldığını bildirir.
“Valideynin məktəb qaydalarından xəbərdar olması zəruridir, lakin bunun üçün ayrıca “İltizam” sənədinin imzalanması qanuni tələbat deyil”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “İltizam” sənədlərinin tətbiqi niyyətcə düzgün, lakin hüquqi cəhətdən məhdud sənəddir: “Bunu etməkdə məqsəd valideynləri maarifləndirmək, uşağın məktəbdəki davranışı və inkişafı üçün ortaq məsuliyyət yaratmaq olmalıdır. Elm və Təhsil Nazirliyi bu prosesə nəzarəti sistemləşdirməklə, məktəblərə vahid “məsuliyyət razılaşması” forması təqdim etməklə, həm hüquqi, həm də pedaqoji balansı qoruya bilər. Bu, məktəbin intizamını təmin etməklə yanaşı, valideynin hüquqlarını da qoruyar. Beləliklə, “İltizam” mexanizmi cəza və nəzarət vasitəsi kimi deyil, əməkdaşlıq və qarşılıqlı inamın formalaşdırılmasına yönəlmiş bir maarifləndirici mexanizmə çevrildiyi halda təhsildə məsuliyyət bölgüsünün sağlam modelinə gətirib çıxara bilər. Ancaq onu da deyim ki, “İltizam” sənədinin imzalanması qanuni tələbat deyil. Bu cür sənədlərin hüquqi əsası, pedaqoji səmərəliliyi və praktik nəticələri fərqli tərəflərdən qiymətləndirilməlidir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 34.1-ci maddəsinə əsasən, valideyn (və ya qanuni nümayəndə) uşağın təhsil alması, onun məktəbə davamiyyəti, tədris prosesində iştirakı və davranışı ilə bağlı məsuliyyət daşıyır. Bu məsuliyyət qanunvericiliklə artıq müəyyən olunub və əlavə sənədlərlə təsdiqlənməsinə hüquqi ehtiyac yoxdur. Yəni “İltizam” sənədi hüquqi baxımdan yeni bir öhdəlik yaratmır, sadəcə mövcud qanunvericilikdəki məsuliyyətləri yazılı şəkildə xatırladır və konkretləşdirir. Bu baxımdan o, formallaşdırılmış xatırlatma sənədi funksiyasını daşıya bilər. Onu da deyim ki, valideynin belə bir sənədi imzalamaqdan imtina etməsi onun hüquqlarını pozmur və uşağın təhsil almaq hüququna heç bir məhdudiyyət gətirə bilməz. “İltizam” yalnız tövsiyəvi və etik razılaşma xarakteri daşıya bilər, lakin məcburi inzibati sənəd hesab edilə bilməz. Məlumat üçün deyim ki, Elm və Təhsil Nazirliyi 2022-ci ildən etibarən “Məktəb daxili intizam qaydaları” model sənədini təsdiq edib. Həmin sənəddə qeyd olunur ki, məktəbin nizam-intizam qaydaları pedaqoji şurada müzakirə olunaraq direktorun əmri ilə təsdiqlənir və valideynlər bu qaydalarla tanış edilməlidir. Yəni valideynin məktəb qaydalarından xəbərdar olması zəruridir, lakin bunun üçün ayrıca “İltizam” sənədinin imzalanması qanuni tələbat deyil”.
Günel CƏLİLOVA