Hibrid avtomobillərin idxalına tətbiq olunan gömrük rüsumu və vergi güzəştləri bu ilin sonuna qədər qüvvədədir. Yanvarın 1-dən etibarən bu güzəştlərin bitməsi gözlənilir. Hazırda bazarda həm satıcılar, həm də alıcılar vəziyyəti diqqətlə izləyirlər. Ekspertlər bildirir ki, güzəştlərin başa çatması avtomobil bazarında qiymət artımı və tələbatda dəyişiklik yarada bilər.
Bəs Güzəştlərin başa çatması hibrid avtomobillərin qiymətlərinə necə təsir edəcək? Hazırda alıcılar bu vəziyyətə necə reaksiya verir? Satışlarda artım müşahidə olunurmu?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, insanlar elektromobil almağa tələsirlər.
O vurğulayıb ki, hazırda bazarda əsas tendensiya budur və güzəşt müddətinin başa çatması ilə əlaqədardır.
Ekspertin sözlərinə görə, rəsmi idxalçılar və dilerlər tərəfindən avtomobil qiymətlərində artım müşahidə olunmur:
“Lakin qeyri-rəsmi idxalçılar - fərdi şəxslər və kiçik avtosalon sahibləri - vəziyyətdən istifadə edərək qiymətləri qaldırırlar. Onlar avtomobilləri pərakəndə şəkildə gətirərək satışa çıxarır və bu səbəbdən müəyyən qiymət artımı yaranır”.
E.Əliyev hibrid avtomobillərlə bağlı gələcək proqnozlardan da danışıb: “Bazarın gələcək vəziyyətinə gəldikdə isə, ekspertlərin fikrincə, yanvar ayından sonra avtomobil satışlarında artım gözlənilir. Xüsusilə daxili yanma mühərrikli yeni avtomobillərin satış həcmi yüksələcək. Bununla yanaşı, elektrik avtomobillərinə olan tələbatın da artacağı proqnozlaşdırılır”.
Ekspert qeyd edib ki, hibrid avtomobillər üçün güzəşt müddəti uzadılmış olsaydı belə, bu, elektrik avtomobillərinin satış dinamikasına ciddi təsir göstərməzdi:
“Çünki hazırda həm dövlət, həm də özəl sektor tərəfindən elektrik nəqliyyat vasitələri üçün infrastrukturun genişləndirilməsi istiqamətində ciddi işlər görülür. Artıq təkcə Bakı və ətraf bölgələrdə deyil, həm də işğaldan azad olunmuş ərazilərdə şarj məntəqələri qurulub və onların sayının artırılması istiqamətində fəaliyyət davam etdirilir”.
Aytac Əliyeva
Telegram kanalımız