AZ

Bu şəxslər pensiyaya tez çıxa biləcəklər?

Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub.

Bununla bağlı təklifi deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında verib.O qeyd edib ki, vətəndaşlar pensiyaya tez çıxmaqla bağlı xeyli suallar ünvanlayırlar:

"Son illər yaxşı addımlar atılır. Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir”.Deputat əlavə edib ki, Azərbaycanda pensiyaya 5 il tez çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib:

"Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".

Qeyd edək ki, hazırda ölkədə 5 və daha çox uşağı olan ailələrin sayı azdır. Buna görə də pensiyaya tez çıxan qadınların sayı çox azdır.

Ümumiyyətlə, 3 və daha çox uşağı olan ailələrin daha tez pensiyaya çıxması reallaşa bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, qanunvericilikdə müvafiq dəyişikliklər olduqdan sonra burada bir problem yoxdur, məhz doğru olan da budur: 

“Sadəcə burada bir məsələ var ki, işsiz insanların vaxtından öncə təqaüdə çıxmasına onlar daha rahat baxırlar. Yəni razı olarlar ki, onlar 65 yox, 60 yaşda təqaüdə çıxsınlar. Ancaq işləyən insanlarla bağlı problem yaşanır.

Onlar anlayırlar ki, təqaüdlər həmişə maaşlardan daha azdır. Nəticə etibarı ilə təqaüd az olduğuna görə, istəyirlər ki, axıra qədər işləsinlər. Ona görə də bizdə yaş məsələsi tez-tez müzakirə olunur, bu, çox vacib məsələdir.

Ancaq daha vacib məsələ bizdə təqaüdlərin həcminin az olmasıdır. İlk növbədə bu məsələ ciddi müzakirə olunub həll edilməlidir ki, vətəndaşın təqaüdə çıxmağa marağı olsun. Bizdə əsasən dövlət orqanlarında, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların təqaüdə çıxmağa həvəsi yoxdur. Çünki onlar fikirləşir ki, 1000 manat maaş alırlarsa, təqaüdə çıxanda 450-500 manat təqaüd alacaqlar. Bu məsələ də tezliklə həllini tapmalıdır.

Bu gün Azərbaycanda xüsusilə də qadınların təqaüd yaşının azaldılması üçün müxtəif təkliflər irəli sürülüb, qəbul edilməlidir. Bizdə ümumiyyətlə, çoxuşaqlı ailələrin sayı, doğuş sayı getdikcə azalır, bu ciddi problemdir. Azərbaycanda  1991-ci ildə əhalinin sayı 7 milyon yarım idi və həmin dövrdə 192 min uşaq doğulmuşdu. İndi 10 milyonu keçmişik, ancaq doğulanların sayı cəmi 102 min nəfərdir. Yəni doğuş sayı kəskin azalır ki, bu da ayrı bir problemdir”.

Seçilən
70
cebheinfo.az

1Mənbələr