AZ

AİJA-nın yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin informasiya agentliyi” mükafatına layiq görülüb

Bakı, 6 noyabr, AZƏRTAC

Bakıda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AİJA prezidenti Eldar İsmayılov bildirib ki, bu illər ərzində Azərbaycan idman jurnalistləri böyük məsuliyyət və peşəkarlıqla çalışıblar. O, AİJA-nın idman mediasının inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlərdən də danışıb.

Daha sonra qurumun 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev vurğulayıb ki, jurnalistlər Azərbaycan idmanının güzgüsüdür. Onun sözlərinə görə, jurnalistlər idmanımızda əldə olunan nailiyyətlərin təbliğatını apararaq, bütün dünyaya çatdırırlar.

Rəsmi çıxışlardan sonra il ərzində fərqlənən idmançıları, media qurumları və onların nümayəndələrini mükafatlandırıb. Laureatlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də yer alıb. Belə ki, AZƏRTAC “İlin informasiya agentliyi” adına layiq görülüb.

Qeyd edək ki, AİJA Azərbaycan idman mediasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

Yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına (AİPS) müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik təşkilata müvəqqəti üzv statusu alıb. 1997-ci ilin mayında isə AİJA dünya idman mediası yaradıcı birliyinin, yəni AİPS-in tam hüquqlu üzvü seçilib.

Seçilən
65
1
azertag.az

2Mənbələr