AZ

"Sumqayıt-Bakı ekspres marşrut avtobusu müəyyən edilmiş dayanacaqlarda dayanmır" - Sərnişinlərdən ŞİKAYƏT

Sərnişinlər 594 və 595 nömrəli marşrutlar üzrə işləyən "Neoplan" markalı sərnişin avtobuslarının müəyyən edilmiş dayanacaqlarda saxlamamasından şikayətçidirlər.
 
Moderator.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət ünvanlayan sərnişinlər bildiriblər ki, səhər saatlarında Sumqayıt Avtovağzalından yola çıxan avtobuslar tam dolduqdan sonra Bakı istiqamətində hərəkətə başlayır.
 
Sərnişinlərin sözlərinə görə, sürücülər sözügedən nəqliyyat vasitəsində ayaq üstə getməyə icazə vermədikləri üçün insanlar yolda qalırlar:
 
"Bu avtobuslar dolduğu üçün də müəyyən edilmiş dayanacaqlarda saxlamır. Nəticədə yollarda qalırıq. Ya bu avtobuslar Sumqayıt Avtovağzalından tam dolmamış çıxsınlar, ya da ayaq üstə getməyə icazə verilsin. Avtobusa minən sərnişinin sayını sürücü ekranda görür, heç olmasa, hər avtobus yola 10 boş yer saxlayaraq çıxsa, marşrut üzrə müəyyən edilmiş dörd dayanacaqda sərnişinlər yolda qalmazlar. Lakin belə edilmir. Sürücülər avtobus dolandan sonra yola çıxır, dayanacaqlarda isə saxlamırlar. Ayaq üstə getməyə razı olanlara da: "Bizim buna icazəmiz yoxdur", - deyirlər".
 
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Oxu.az-a açıqlamasında bildirib ki, ekspres avtobuslarda ayaq üstə sərnişin daşınması üçün konstruktiv şərait nəzərdə tutulmayıb:
 
 
"Bakı-Sumqayıt istiqamətində artan sərnişin tələbatı nəzərə alınaraq, "BakuBus" MMC tərəfindən Sumqayıt Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt Avtovağzalını metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilir. Hazırda 594 nömrəli xətt üzrə 28, 595 nömrəli xətt üzrə isə 11 avtobus istismara cəlb olunub. Ümumilikdə, 40-a yaxın avtobus qeyd olunan xətlərdə 7-10 dəqiqə, pik saatlarda isə 5-8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.
 
Ekspres avtobuslarda ayaq üstə sərnişin daşınması üçün konstruktiv şərait nəzərdə tutulmayıb. Buna görə də salonda boş oturacaq olmadığı halda avtobus aralıq dayanacaqlarda dayanmır. Ayaq üstə sərnişin daşınması təhlükəsizlik qaydalarının pozulması hesab olunur.
 
Sərnişin tələbatının artması nəzərə alınaraq, "BakuBus" MMC tərəfindən əlavə olaraq üç avtobus Ceyranbatan qəsəbəsi sakinlərinin metronun "20 Yanvar" stansiyasına daşınmasını təmin etmək məqsədilə xəttə cəlb edilib", - deyə o qeyd edib.
Seçilən
32
1
moderator.az

2Mənbələr