AZ

"Vətən müharibəsi – 5 il: Birliyin zəfəri" adlı tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Vətən müharibəsi - 5 il: Birliyin zəfəri" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, dövlət və hökumət nümayəndələri, din xadimləri, Vətən müharibəsi iştirakçıları, eləcə də qazilər və veteranlar iştirak ediblər.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, bu zəfərin əsasında Azərbaycan xalqının birliyi, inancı, Vətən sevgisi və fədakarlığı dayanır.

O qeyd edib ki, dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları, ölkəmizin çoxəsrlik tolerantlıq ənənələrinin, multikultural dəyərlərinin canlı sübutu olaraq bir amal uğrunda birləşiblər.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, Azərbaycan tarixində bir çox böyük qələbələr olsa da, 2020-ci ildə qazanılan Zəfər xüsusi əhəmiyyətə malikdir.

Vətən müharibəsi şəhidi mayor Şahlar Cəfərovun atası Fəzail Cəfərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin müdrik siyasətinin, xalqın birliyinin, dövlətin gücünün və əzminin təntənəsi olub:

"Bu Zəfər bütün xalqın bir araya gələrək yazdığı qəhrəmanlıq dastanıdır. Ön cəbhədə döyüşən əsgərlərimiz, arxa cəbhədə çalışan, yardım edən hər bir vətəndaşımız bu Qələbənin qazanılmasında pay sahibidir".

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev çıxışında Zəfər Bayramının Azərbaycan xalqının üçün böyük mənəvi əhəmiyyət daşıdığını qeyd edib. O deyib ki, müxtəlif dini konfessiyaların nümayəndələri çiyin-çiyinə döyüşüb, bir bayraq altında mübarizə aparıblar:

"Bu, Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərlərin canlı təzahürüdür".

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, Vətən müharibəsindəki zəfər ilə Azərbaycan xalqının məğrurluğu bir daha öz təsdiqini tapıb və dövlətin nələrə qadir olduğunu bütün dünyaya göstərib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin Ali Baş Komandanın ətrafında sıx birləşərək doğma Azərbaycanın müdafiəsinə qalxmasının önəmi barədə danışıb.

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əzizləri ilə həmrəy olduqlarına diqqət çəkib. Müasir Azərbaycanın milli və dini dəyərlərə dərin hörmətlə yanaşıldığı, dini sahənin dövlət səviyyəsində qayğı və himayə ilə əhatə olunduğu nümunəvi bir ölkə olduğunu deyib.

Seçilən
28
ikisahil.az

1Mənbələr