AZ

Zəfər dolu yol...

ain.az bildirir, 525.az portalına istinadən.

Xalisə MƏMMƏDOVA

Beş il!

Artıq beş ildir Zəfərin zirvəsindəyik!

Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq olan, xalqımızın taleyində dönüş yaradan, millətimizin ruhunun, birliyinin və qürurunun təntənəsinə çevrilən möhtəşəm Zəfərin!

Sovet imperiyasının tərkibindən yenicə çıxmış, müstəqilliyini yeni qazanan bir xalqın azadlığı toxunulmaz olmalı idi - elə qürurumuz, mənliyimiz, sevgimiz, şəxsiyyətimiz kimi. Mənəvi dəyərləri hər şeydən üstün tutan bir xalq üçün torpağının bir hissəsinin işğalı yalnız ərazi itkisi deyil, varlığının parçalanması demək idi. Düşmənin isə bunu anlamağa, dərk etməyə nə ağlı, nə də ömrü çatardı.

Torpağını, yurd-yuvasını, doğmalarını itirən, qaçqın və köçkün adını qazanan qəzəbli, yorğun, kədərli xalqın intiqam hissinin, vətən sevgisinin, yurd həsrətinin meyarını düşmən heç vaxt ölçə bilməzdi. Çünki vətəni "ana" adlandıran, keçmişinə, soy-kökünə bağlı olan, torpağını və xalqını müqəddəs sayan yeganə bir millətdir Azərbaycan.

Ona görə də biz işğalla barışa bilməzdik!

Zaman-zaman baş verən Horadiz əməliyyatı, Aprel döyüşləri, Tovuz hadisələri bugünkü Qələbənin ilk qığılcımları oldu. Nəhayət, həmin qığılcımlar 44 günlük Vətən müharibəsi ilə alovlanaraq bütün Azərbaycanı işıqlandırdı. Və 8 Noyabrda - Şuşanın azad edildiyi o möhtəşəm gündə Azərbaycan Zəfərin zirvəsinə ucaldı...

Bəli, ucaldıq Zəfərin zirvəsinə, çatdıq ən böyük, ən əlçatmaz arzumuza. Biz qovuşduq Qarabağımıza, Qarabağın incisi olan Şuşamıza. Düşmənin 30 ildə hiylə ilə qurduğu keçilməz istehkamları yardı igid oğullarımız; canlar, qanlar, bahasına Ərgünəşin sinəsində üç rəngli al bayrağı dalğalandırdıq. İnsan ayağı dəyməyən sıldırım qayaları aşaraq fəth etdik CIDIR DÜZÜNÜ...

Bu beş illik Zəfər yolu xalqımız üçün heç vaxt olmadığı qədər dolu keçdi...

Hər mənada dolu:

Yenə şəhid qarşıladıq - hüzn dolu!

Şəhidlərimizin anım günləri qeyd edilir - həsrət dolu!

Kimlərsə quruda bilmədi qəlbinin leysanını - gözlər dolu!

Kimlərsə hələ də unuda bilmədi yaşadıqlarını - ürəklər dolu!

Kimlərsə ağrısına, kədərinə qalib gəldi, ayaqda durmağı öyrəndi - əzm dolu!

Xalqımız yenidən dirçəldi, bir yumruq kimi birləşdi - həyat dolu!

Yenidən quruldu o yerlər, can verildi o torpaqlara - zəhmət dolu!

Yurd-yuvalarına qayıdan insanlar - sevinc dolu!

Bayrama döndü torpaqlarımızın azadlıq günləri - qürur dolu!

Canının bir hissəsini Vətənə qurban verib həyatla mübarizə aparan qazilərimiz - ümid dolu!

Vətənə xidmət ruhuna hopmuş hərbçilərimiz yenə Vətənin keşiyində dayandı - qürur dolu!

Sülhə imza atdıq - Zəfər dolu!

Hər kəsin dilində bir nida səsləndi: "Qarabağ Azərbaycandır!" - sevgi dolu!

Zəfəriniz mübarək, qəhrəman şəhidlərimiz!

Zəfərin mübarək, Azərbaycan!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
525.az

1Mənbələr