AZ

Fransada təqaüdçülər hökumətin sosial siyasətinə qarşı aksiyaya çıxırlar

Paris, 6 noyabr, AZƏRTAC

Fransada təqaüdçülər və onların assosiasiyaları noyabrın 6-da hökumətin sosial və maliyyə siyasətinə qarşı ölkə miqyasında etiraz aksiyaları keçirməyi planlaşdırıblar. Aksiyalar 2026-cı ilin dövlət və sosial müdafiə büdcə layihələrinə etiraz olaraq təşkil edilir.

AZƏRTAC xəbər verir ki, Fransanın bir neçə aparıcı həmkarlar ittifaqı – CGT, CFTC, CFE-CGC, “Solidaires”, FSU təşkilatları, həmçinin Milli Təqaüdçülər və Yaşlılar İttifaqı bu aksiyaya çağırış edib.

Parisdə nümayişçilərin Senat yaxınlığından hərəkətə başlayaraq “Les İnvalides” meydanına yürüş etmələri planlaşdırılıb. CGT-nin məlumatına görə, əsasən prefekturaların və bələdiyyələrin qarşısında ölkə üzrə 80-ə yaxın aksiya keçiriləcək.

Təşkilatçılar yayımladıqları bəyanatda hökumətin təqaüdçülərə qarşı amansız siyasət apardığını bildiriblər. Onlar vurğulayıblar ki, 2026-cı il üçün təqaüd və sosial minimumların dondurulması, təqaüdçülərə tətbiq edilən 10 faizlik vergi güzəştinin ləğvi və tibbi ödənişlərin (franşizlərin) iki dəfə artırılması qəbuledilməzdir.

Bununla belə, Baş nazir Sebastyən Lökornü bir neçə gün əvvəl bəyan edib ki, hökumət pensiyaların və sosial müavinətlərin dondurulmasından imtina etməyə hazırdır. Lakin digər məsələlər hələ də açıq qalır.

Pensiya islahatının dayandırılması 2026-cı ildə 100 milyon, 2027-ci ildə isə 1,4 milyard avro xərc tələb edəcək. Hökumətin təklif etdiyi əlavə vergi və təqaüdlərin indeksləşdirilməsinin məhdudlaşdırılması variantları parlament komissiyaları tərəfindən rədd edilib.

Qeyd edək ki, bu aksiyalar hökumətin sosial siyasətinə qarşı artan narazılığın göstəricisidir. Təqaüdçülər həm alıcılıq qabiliyyətlərinin azalmasından, həm də ədalətsiz vergi tədbirlərindən narazıdırlar. Hökumət isə büdcə kəsirini azaltmaqla sosial ədalət arasında tarazlıq tapmağa çalışır.

Seçilən
28
1
azertag.az

2Mənbələr