AZ

Azərbaycan qonşu ölkəni problemdən xilas edir - Foto

Azərbaycan

“Qazaxıstandan Ermənistana daşınan 15 vaqon taxıl ilk dəfə dolayı yollardan istifadə edilmədən, birbaşa Azərbaycan üzərindən bu ölkəyə çatdırılıb. Bu, Azərbaycanın Ermənistanla bağlı atdığı müsbət addımlardan biridir və gələcək üçün mühüm əhəmiyyət daşıyır. Burada Azərbaycanın da öz maraqları var. Yəni Zəngəzur dəhlizi açıldıqdan sonra bizim tranzit mallarımızdan da vergi tutulmamalıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini, professor Cümşüd Nuriyev Qazaxıstandan Ermənistana daşınan taxılın Azərbaycan üzərindən dəmiryolu vasitəsilə təyinat ölkəsinə çatdırılmasını şərh edərkən bildirib.

Cümşüd Nuriyev xatırladıb ki, dövlət başçısı İlham Əliyev Qazaxıstana səfəri zamanı Ermənistana daşınan malların Azərbaycan ərazisindən keçəcəyini və bunun üçün rüsum tutulmayacağını bəyan etmişdi.


C. Nuriyev

Professor qeyd edib ki, bu, çox düzgün addımdır:

“Düşünürəm ki, bu, tamamilə doğru qərardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan, ABŞ və Ermənistan avqustun 8-də Vaşinqtonda razılaşma əldə ediblər. Bu kimi addımlar Azərbaycan tərəfinin sülhə sadiqliyini bir daha göstərir. Etiraf etmək lazımdır ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan da bəzi həqiqətləri qəbul etməyə çalışır. Doğrudur, Ermənistanda hələ də bir qrup insan vəziyyəti gərginləşdirməyə, toponimlər məsələsini qabartmağa, Göyçə gölünü Sevan gölü kimi təqdim etməyə cəhd edir. Lakin cənab Prezident Azərbaycan Milli Elmlər Akademiyasında bu məsələyə də aydınlıq gətirib və faktlarla əsaslandırıb”.

C. Nuriyevin fikrincə, əvvəllər Ermənistana mallar dolayı yollarla daşındığı üçün xərclər çox yüksək idi, lakin Azərbaycan üzərindən daşınmalar bu problemi aradan qaldırır:

“Çox güman ki, indi Ermənistanda Azərbaycanın bu jestinin qədrini biləcəklər. Çünki yüklərin bu marşrutla daşınması Ermənistana daha ucuz başa gələcək. Türkiyə ilə sərhədlər açıldıqdan və Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bundan həm Azərbaycan, həm də Ermənistan faydalanacaq. Bu baxımdan, Azərbaycanın bu gün atdığı addımlar gələcəyə hesablanmış strateji qərarlardır”.

Nemət ORUCOV
Reyting.az
Seçilən
41
1
reyting.az

2Mənbələr