Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Ermənistanın Zəngəzur dəhlizinin açılmasını ləngitməsi ilk növbədə onun regional proseslərdə qeyri-sabit və qeyri-müstəqil siyasət yürütməsinin göstəricisidir. Bu, Paşinyan hökumətinin daxili təzyiqlər qarşısında balansı saxlaya bilməməsinin nəticəsidir. Əslində, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün iqtisadi və kommunikasiya baxımından yeni nəfəsdir”.
Bu sözləri xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.
O qeyd edib ki, Ermənistan bu layihədən qorxur, çünki iqtisadi inteqrasiya onun uzun illər boyu qurduğu blokada siyasətini tam dağıdacaq: “İrəvan başa düşür ki, dəhlizin açılması ilə Azərbaycan və Türkiyə regional nəqliyyat arteriyalarına tam nəzarət əldə edəcək. Lakin bu, eyni zamanda, Ermənistan üçün də inkişaf imkanları yaradır. Sadəcə bu reallığı qəbul etməyə siyasi iradə çatmır. Ermənistanın bu məsələdə Rusiya və Qərb arasında tərəddüd etməsi prosesi daha da uzadır. Bakı isə bu məsələdə aydın və prinsipial mövqe sərgiləyir: bütün kommunikasiyalar qarşılıqlı və beynəlxalq hüquqa uyğun şəkildə açılmalıdır”.
T.İsmayılovun sözlərinə görə, Azərbaycanın məqsədi təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və sülh mühitinin təminidir: “Paşinyan hökuməti isə bunu ya anlamır, ya da bilərəkdən ləngidir. Bu davranış sülh gündəliyinə zərbə vurur və etimad mühitini sarsıdır. Regionda proseslər artıq Ermənistansız da formalaşmağa başlayıb. Zəngəzur dəhlizi açılmasa belə, Azərbaycan alternativ yollarla öz strateji məqsədlərinə çatacaq. Bu, Ermənistan üçün tarixi fürsətin əldən verilməsi deməkdir. Qısası, gecikmə Ermənistanı geriyə, Azərbaycanı isə daha da irəli aparır”.
Röya İsrafilova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.