Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, əgər “Electric Networks of Armenia” (ENA) şirkətinin satışı ilə bağlı təklif daxil olsa və qiymət məntiqli olarsa, hökumət bu variantı nəzərdən keçirəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki,o, 6 noyabrda jurnalistlərlə söhbətində deyib ki, hökumətin bu istiqamətdə iki mümkün ssenarisi var.
Birinci ssenariyə əsasən, dövlət şirkəti satın ala bilər. Lakin əgər bu mümkün olmazsa, Paşinyanın sözlərinə görə, ikinci ssenari işə düşəcək — “beynəlxalq nüfuzlu təşkilatın iştirakı ilə özəlləşmə və hökumətin prosesdə müəyyən payı”. Baş nazir qeyd edib: “Şirkət hər halda ödənməlidir. Sual budur — kim ödəyəcək? Bir halda bu, hökumət olacaq, digərində isə alacaq tərəf.”
Paşinyan vurğulayıb ki, bütün qərarlar Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının (PSRC) qərarından asılı olacaq: “Gəlin əvvəlcə bu qərarı gözləyək, sonra hökumət öz yanaşmasını formalaşdıracaq.”
Bu açıqlama fonunda “Electric Networks of Armenia”nın keçmiş sahibinin kimliyi yenidən gündəmə gəlib. Xatırladaq ki, şirkət 2015-ci ildə rusiyalı-erməni milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Tashir Group” tərəfindən Rusiyanın dövlətə məxsus “Inter RAO UES” şirkətindən satın alınmışdı. Həmin dövrdə bu alqı-satqı Ermənistanda energetika sektorunun ən böyük özəlləşmə əməliyyatı kimi qiymətləndirilmişdi.
Hazırda Paşinyan hökumətinin ENA-nın satışı və ya yenidən özəlləşdirilməsi məsələsini gündəmə gətirməsi, siyasi baxımdan diqqətçəkicidir. Çünki Samvel Karapetyan Ermənistanın iqtisadi elitasında mühüm yer tutur və onun biznes strukturları uzun illərdir ölkənin enerji sektorunda əsas oyunçulardan biri hesab olunur.
Bu səbəbdən müşahidəçilər Paşinyanın açıqlamasını təkcə iqtisadi addım kimi deyil, həm də siyasi balansın dəyişməsi istiqamətində mesaj kimi qiymətləndirirlər. Əgər hökumət şirkətin satışı ssenarisini reallaşdırarsa, bu, həm Ermənistanın enerji bazarının, həm də onun Rusiya kapitalı ilə münasibətlərinin gələcəyinə təsir göstərə bilər.
Musavat.com