AZ

Böyük Britaniyada hər həftə bir neçə məhbus səhvən azadlığa buraxılır

London, 6 noyabr, AZƏRTAC

Böyük Britaniyada hökumət iki məhbusun, o cümlədən xarici vətəndaş olan bir cinsi cinayətkarın səhvən azadlığa buraxılmasından sonra artan təzyiqlərlə üzləşib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu hadisədən sonra İngiltərədəki həbsxana rəisləri təcili olaraq görüşə çağırılıb. Ədalət naziri Aleks Devis Cones açıqlamasında bildirib ki, İngiltərə və Uelsdə hər ay orta hesabla 22 nəfərin səhvən azadlığa buraxılması qəbuledilməz və qəzəb doğuran haldır. Onun sözlərinə görə, bu vəziyyətə səbəb penitensiar xidmətin köhnəlmiş kağız üzərində işləmə sistemi olub. Nazir əlavə edib ki, hökumət artıq bu problemi aradan qaldırmaq üçün rəqəmsal texnologiya üzrə ixtisaslaşmış mütəxəssislərdən ibarət xüsusi bir operativ komanda yaradır.

Aleks Devis Cones, həmçinin qeyd edib ki, sənədlərin çoxluğu və çaşqınlığa səbəb olan ad və ləqəb oxşarlıqları belə səhvlərə gətirib çıxarır. Nazir bu problemlərin uzun illər davam edən büdcə ixtisarlarının nəticəsi olduğunu da vurğulayıb. Keçmiş polis rəisi Lin Ovensin rəhbərliyi ilə bu məsələ üzrə sürətli araşdırma aparılır və nəticələrin bir neçə həftə ərzində açıqlanacağı gözlənilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
79
2
azertag.az

3Mənbələr