AZ

Narkotikdə adları hallanan məşhurlarla bağlı qərar verildi

Narkotik araşdırması çərçivəsində aparılan istintaqın nəticələrinə əsasən, test nəticələri mənfi çıxan bir sıra tanınmış türkiyəli sənətçilərlə bağlı yeni qərar verilib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur adlar — Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyqu Özaslan haqqında cinayət təqibinin dayandırılması barədə qərar qəbul edilib.

İstanbul Baş Prokurorluğunun qərarına əsasən, bu şəxslərin narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı adlarının hallandığı araşdırmada laborator analizlər və tibbi testlər mənfi nəticə göstərib. Yəni, həmin şəxslərin narkotik maddə istifadə etdiklərinə dair heç bir sübut aşkarlanmayıb.

Məlumata görə, araşdırma çərçivəsində müğənnilər və aktyorlar ifadə vermək üçün prokurorluğa çağırılıb, lakin onların qan analizləri və digər test nəticələri təmiz çıxıb. Bu səbəbdən, prokurorluq “cinayət tərkibi olmadığı üçün təqibin dayandırılmasına” qərar verib.

Qeyd edək ki, bu iş Türkiyə ictimaiyyətində böyük rezonans doğurmuş, xüsusilə tanınmış şəxslərin adlarının araşdırmaya daxil olması media gündəmini uzun müddət məşğul etmişdi.

Könül,
Musavat.com 

Seçilən
15
musavat.com

1Mənbələr