“Qarabağ” bütün Azərbaycana sevinc bəxş etdi”.

Bu sözləri “Offsideplus.az” saytına açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Millət vəkili Ağdam təmsilçisinin dünən İngiltərənin “Çelsi” klubu ilə heç-heçə (2:2) etdiyi matç haqqında fikirlərini bölüşüb:

“Qarabağ”ın əldə etdiyi elə bir nəticədir ki, yazıçı olsam da, bunu bir sözlə ifadə edə bilmirəm. Oyun boyu özümdə deyildim, ancaq inanırdım ki, “Qarabağ” uduzmayacaq.

Bu gün kənddəki qardaşıma zəng edib deyəcəyəm ki, qurban kəsib paylasın. “Çelsi” ilə oynayırdı e, “Səbail”lə yox. Bir milyarddan artıq büdcəsi olan bir komandadan söhbət gedir. Uşaqlar dünən canını qoydu. Elvin Cəfərquliyevi harada görsəm, öpəcəyəm. Dünən Elvin elə oyun göstərdi ki, Mbappe filan yanında boş şeydir.

Bu nəticəyə “Qarabağ”ı sevməyənlər də sevindi. Çünki bu, Azərbaycanın qələbəsidir. Qurban Qurbanov artıq ulduzdur. Bütün dünya bizdən danışır. “Qarabağ”a “köhlən atlar” deyirlər, ancaq dünən onlar ayğır atlar kimi oynadılar”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.