"Əmək bazarının tələbinə uyğun ixtisasların formalaşdırılması bu gün Azərbaycanın təhsil sisteminin qarşısında duran ən vacib məsələlərdən biridir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və onlardan 7-si hərbiləşmiş universitetlərdir. Lakin bu hərbi təhsil müəssisələrini kənara qoyduqda, qalan universitetlərdə tədris olunan ixtisasların böyük bir hissəsinin əmək bazarının real tələbatını ödəmədiyini görmək mümkündür". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Onun sözlərinə görə, universitetlərdə hazırlanan kadrlar çox zaman müasir iqtisadiyyatın, texnologiyanın və sənayenin ehtiyaclarına cavab vermir:
"Əslində, bu gün əsas hədəf həm tədris prosesini, həm də ixtisas seçimlərini əmək bazarının real ehtiyacları ilə uzlaşdırmaq olmalıdır. Biz artıq 21-ci əsrin texnoloji inqilab dövründə yaşayırıq və bu dövrün çağırışları da tamamilə fərqlidir. Süni intellektin, avtomatlaşdırmanın, kibertəhlükəsizliyin, məlumat elminin və etik idarəetmənin sürətli inkişafı bütün dünyada yeni peşə və ixtisas sahələrinin yaranmasına səbəb olub. Buna uyğun olaraq, təhsil sistemi də çevik şəkildə bu dəyişikliklərə reaksiya verməli, gələcəyin bacarıqlarını tələb edən istiqamətlər üzrə mütəxəssislər yetişdirməlidir. Bu baxımdan, süni intellekt mühəndisliyi, proqramlaşdırma, robot texnikası, data analitikası, kibertəhlükəsizlik, rəqəmsal marketinq, bioinformatika, texnoloji etik idarəetmə kimi ixtisasların sayının artırılması vacibdir. Eyni zamanda, ənənəvi ixtisasların da yenilənməsi, onların məzmununa rəqəmsal bacarıqların, innovativ düşüncə tərzinin və yaradıcı problemlərin həlli bacarıqlarının inteqrasiyası zəruridir.
Əgər biz təhsil sistemimizi əmək bazarının real tələblərinə uyğunlaşdırmasaq, gənclərimiz universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkəcək, bazar isə ehtiyacı olan müasir bilik və bacarıqlara malik kadr çatışmazlığı ilə üzləşəcək. Bu səbəbdən, təhsil siyasəti uzunmüddətli strateji planlaşdırmaya əsaslanmalı, dövlət, özəl sektor və universitetlər arasında əməkdaşlıq gücləndirilməlidir. 21-ci əsrin tələblərinə cavab verən bir təhsil sistemi qurmaq, yalnız müasir texnologiya və süni intellektlə bağlı ixtisaslar yaratmaqla deyil, həm də bu ixtisasların praktik yönümlü, innovativ və yaradıcı məzmunla zənginləşdirilməsi ilə mümkündür. Belə olduğu halda, Azərbaycan gəncləri qlobal əmək bazarında rəqabətədavamlı olacaq və ölkənin texnoloji inkişafına əhəmiyyətli töhfə verə biləcəklər".