AZ

Erməni məsələsi qapandı, cənablar!.. Elmira Axundova yazır

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elmira AXUNDOVA Xalq yazıçısı

Heydər Əliyev günün 24 saatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul idi. Bir dəfə Prezident qeyri-rəsmi söhbət zamanı bizə, jurnalistlər qrupuna etiraf etdi: "İlahi, nə qədər çətindir! Mən gecələr yata bilmirəm, elə hey düşünürəm, düşünürəm. ABŞ-yə uçursan, Klintondan xahiş edirsən, o, söz verir ki, nizamlanma məsələsində fəallıq göstərəcək, Moskvaya uçursan, Yeltsinlə danışırsan, vəd edir ki, münaqişə ilə daha yaxından məşğul olacaq. Amma sonra ikisinin də əli işdən soyuyur və məsələ yenə uzanır..."

Yəqin ki, onu səfərlərdə müşayiət edən varisi də jurnalistlərə təxminən eyni sözləri deyə bilərdi. İlham Əliyev Qarabağ münaqişəsinin siyasi baxımdan nizamlanması ilə Heydər Əliyevdən heç də az məşğul olmayıb.

İlham Əliyev böyük siyasətçi üçün lazım olan ən dəyərli keyfiyyətlərə sahibdir: səbir və mətanət. Düşünürəm ki, uzun-uzadı davam edən nəticəsiz danışıqlar zamanı qəzəbdən və məyusluqdan o, yumruqlarını dəfələrlə sıxmalı olub...

Hansısa məqamda İlham Əliyevin intonasiyasında yeni notlar səsləndi - biz dövlət başçısının dilindən eşitdik ki, Azərbaycanın səbri sərhədsiz deyil, onun münaqişəni beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə öz gücünə həll etmək hüququ var. Və beynəlxalq ictimaiyyət təcavüzkarı yola gətirməkdə aciz qalarsa, biz, şübhəsiz ki, belə də edəcəyik. Qulağı olan eşitsin! Amma onlar eşitmədilər və ya eşitmək istəmədilər. Əksinə, daha da həyasızlaşdılar və bizim torpaqlarımızda özlərini bir az da tərbiyəsiz aparmağa başladılar...

Sonra - dəqiq desək, 2016-cı ilin aprelində "kəşfiyyat döyüşü" oldu. O zaman bizim Prezident vasitəçilərin və ilk növbədə, Rusiyanın təzyiqləri qarşısında güzəştə getdi. Zarafat deyil: Rusiya Federasiyasının hökumət başçısı Dmitri Medvedev başda olmaqla "desant qrupu" tələskənliklə Azərbaycanın hava limanına endi və həmin Medvedev and-aman etdi ki, Moskva Qarabağ münaqişəsinin nizamlanmasında fəal vasitəçilik rolunu oynayacaq. İstər-istəməz, razılaşmaq lazım gəldi...

İlham Əliyev perspektiv üçün siyasi gedişləri dahiyanə şəkildə qiymətləndirməyi bacarır: bu gün hələ tezdir, amma sabah gec olacaq. Yalnız bu gün...

"Həqiqət anı" 2020-ci ilin sentyabrında yetişdi. Bu dəfə dərhal aydın oldu ki, Prezident və onun cəsur Silahlı Qüvvələri haqq mübarizəsi uğrunda qələbəyədək gedəcəklər və bu yolda onları heç bir qüvvə dayandıra bilməz.

...Bu qəhrəmanlıq dolu hərbi kampaniyanın hər günü xatirimdədir. Azərbaycanın Ukraynadakı səfiri qismində həmin müharibənin ideoloji cəbhəsində fəal şəkildə iştirak etməyimlə qürur duyuram. Ukraynanın bütün ümummilli kanallarında 17 çıxış, Ukrayna xəbər kanallarının Azərbaycana göndərilən onlarla briqadası (dəstək üçün Prezidentin köməkçisi Hikmət Hacıyevə təşəkkür edirəm)! Yadımdadır ki, "Pryamıy" telekanalında aparıcı Valeri Kalnış məndən soruşdu ki (hərbi əməliyyatların qızğın çağı idi), bu müharibənin nəticəsi necə olacaq. Cavab verdim: "Biz mütləq qalib gələcəyik". Aparıcı ikinci sualı ünvanladı: bu əminlik haradandır? - Axı biz öz torpaqlarımızı azad edirik, başqasının ərazisi ilə işimiz yoxdur.

Müharibədən sonra mən yenidən həmin aparıcının verilişində qonaq oldum və bu dialoqu ona xatırlatdım...

Doğma torpaqlarımızın azad olunmasında ordumuzun rolunu azaltmağa çalışan əcnəbi jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən Azərbaycan Prezidenti təkrarlamaqdan yorulmurdu ki, başlıca və yeganə nailiyyət Azərbaycan əsgər və zabitlərinə məxsusdur. Üstəlik, o, bütün bu taleyüklü məsələlərdə öz rolunu heç zaman vurğulamırdı. Prezidentin nitqində "mən" əvəzliyi heç vaxt üstünlük təşkil etməyib. Onun üçün "biz" əvəzliyi həmişə vacib və əhəmiyyətli olub...

...Düşünürəm ki, 2020-2023-cü illərdə Azərbaycanda baş verən və etiraf edək ki, bir çox məqamlarda Ali Baş Komandanın siyasi iradəsi, cəsarəti, məqsədyönlülüyü və əlbəttə ki, onun beynəlxalq arenadakı şəksiz nüfuzu və təsiri sayəsində həyata keçən bu inanılmaz, ağlasığmaz, möcüzəyə bənzər hadisələrin bütünlükdə tarixi əhəmiyyətini qiymətləndirmək bizim, İlham Əliyevlə eyni dövrdə yaşayan adamların deyil, gələcək nəsillərin üzərinə düşəcək.

...Əvvəlcə Rusiya, daha sonra Sovet İmperiyasının orbitində olduğumuz 200 ildən artıq müddətdə, müstəqilliyimizin son 30 ili də daxil olmaqla, biz dünya ermənilərinin gücü və təsiri qarşısında geri çəkilmişdik. XIX əsrin əvvəllərində ən yaxşı torpaqlarımızı gəlmələrə güzəştə getdik, bir müddət sonra isə onlar burada özlərinə yurd-yuva salıb möhkəmləndilər və heç bir vicdan əzabı çəkmədən bu ərazilərin əsl sahiblərini doğma ocaqlarından didərgin saldılar; XX əsrin əvvəllərində bolşevik-daşnak hakimiyyətinin himayəsindən istifadə edərək, təkcə bizim kəndlərimizi deyil, şəhərlərimizi, hətta bütöv vilayətlərimizi əlimizdən aldılar, sonradan həmin bölgələrdə türk toponimləri kütləvi şəkildə dəyişdirildi, türk mədəni-tarixi irsi məhv edildi, etnik təmizləmələrə və yerli sakinlərin köçürülməsinə başlanıldı. XX əsrin sonunda dünya erməniləri açıq təcavüzə keçdilər və  çoxdan həsrətində olduqları gözəl Qarabağımızı işğal etmək üçün qanlı müharibəyə başlamağa qərar verdilər. Elə görünürdü ki, hər şey bitib, xoşbəxt sonluq gəlib çatıb, tarix sonlanıb. Onlar bütün istədiklərinə nail oldular...

Amma sonra işlər nəsə arzuladıqları kimi getmədi. Nə əhalinin "qarabağlılar" adı altında artımı (onların hər biri Ermənistan Respublikasının pasportunu daşıyırdı), nə yeni məhsuldar torpaqlar, nə Qarabağın zəngin su ehtiyatları və qızıl mədənləri bizim qonşularımıza rifah gətirdi, nə də onların vəziyyətini, heç olmasa, bir balaca yaxşılaşdırdı. Halbuki həmin ərəfədə "məğlubiyyətə uğramış" Azərbaycan Səməndər quşu kimi külündən törəyir, inkişafına sürətlə davam edirdi. Özü də dirçəliş və sonrakı inkişaf bütün sahələr üzrə (iqtisadiyyat, sosial sahə, təhsil və mədəniyyət və əlbəttə ki, hərbi quruculuq) gedirdi...

"Azərbaycan möcüzəsi"nin əsas sirri çox sadəydi - əvvəlcə dövlət laynerinin sükanı arxasına dünya səviyyəsində qəbul olunmuş dahi siyasətçi keçmişdi. Zamanı gələndə isə o, sükanı özü qədər inandığı, siyasət şahmatındakı qrossmeyster oyununun bütün sirr və təcrübələrini bölüşdüyü şəxsə ötürdü.

...Qısa müddət ərzində Heydər Əliyev ölkəsi üçün çoxlu işlər gördü. Amma zamanın seytnotu və bir sıra obyektiv səbəblər üzündən Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsini həll edə bilmədi. İki onillik sonra bu taleyüklü işi onun varisi İlham Əliyev gerçəkləşdirdi, özü də o, Qarabağın dağlıq hissəsindəki separatçılar yığınına və onların Ermənistandakı ziddiyyətlər içərisində parçalanmaqda olan zəif havadarlarına qalib gəlmədi, gəlin, nəhayət məsələni tam aydınlaşdıraq: İlham Əliyev qlobal Qərbin ən güclü və inkişaf etmiş ölkələrinin ictimai və siyasi strukturlarında xərçəng şişi kimi kök atmış qüdrətli və zəngin erməni diasporunu, dünya ermənilərini məğlub etdi! Belə ağlasığmaz və gözlənilməz siyasi gediş dünya dövlətlərini şoka saldı. Bəziləri hələ də bu fikrə alışa bilmirlər ki, 200 yaşı olan "erməni məsələsi" qapanıb. Və nəhayət, sonu az qala görünməyən bu hadisəyə nöqtə qoyan ermənilər deyil, İlham Əliyev olub. Deyirlər, qaliblər mühakimə olunmur. Amma bir qayda olaraq, qaliblərin başına sığal da çəkmirlər. Xüsusən 30 ildə ən müxtəlif növ adamlara - əsasən də sözün hərfi mənasında xalqımızın qanı və əzablarından qidalanan beynəlxalq təşkilatlardakı böyük və kiçik məmurlara yem yeri olan belə uzun konfliktlər zamanı. Qəfildən onların hamısı üçün kranın ağzı birdən bağlanır: nə ATƏT-ə ehtiyac var, nə onun faydasız qətnamələrinə, nə gərəksiz Minsk qrupuna. Onlar nəyə sevinib toy-bayram eləsinlər ki? Budur, ağızlarının suyunu axıdırlar, Azərbaycan əleyhinə müxtəlif cür mənasız qətnamələr qəbul edirlər, Papadan (sözügedən halda Ermənistandan - hərçənd, görünür ki, oradakı vətəndaşların əksəriyyəti 30 ildir uzanan qanlı "Qarabağ marafonu"nun bitməsindən sonra rahat nəfəs almağa başlayıb) daha müqəddəs görünmək istəyirlər. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ətrafında qurulmuş absurd komediya ikili standartlara parlaq nümunədir...

Əvəzində, bu tarixi zəfər dünyadakı hər bir azərbaycanlı üçün "həqiqət anı" oldu. Bu qələbə 40 milyonluq xalqa qürurunu, onun milli ləyaqətini, şərəfini qaytardı. Heydər Əliyevin çıxışındakı məşhur sətirləri xatırlayırsınız? "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bu gün Odlar Diyarının bütün sakinləri bu sözləri təkrarlaya bilər. Biz həqiqətən də bu xalqa məxsus olmağımızdan qürur hissi keçiririk. Bu gün Azərbaycan vətəndaşı olmaq xüsusi imtiyazdır. Axı biz qalib-xalqıq.

lll

...Bu gün bizim onlliklərlə davam edən mübarizə və əzablardan yorulmuş torpağımızın, uzun müddət əziyyətlərə dözmüş xalqımızın sülhə, dincliyə, nikbinliyə çox ehtiyacı var. Biz də, postsovet məkanındakı bir çox digər xalqlar kimi, 70 illik Sovet hakimiyyəti, sonra isə 30 illik müstəqillik illərində yaşamamışıq, mübarizə aparmışıq - daxili və xarici düşmənlərlə, işıqlı gələcək, kommunizmin qələbəsi, bütün dünyada sülh uğrunda... Nəhayət ki, biz sadəcə olaraq YAŞAMAĞI, yaşayıb-yaratmağı, öz gözəl torpağımızı abadlaşdırmağı, uşaqlarımızı tərbiyə etməyi, ahıllarımıza qayğı göstərməyi öyrənməliyik...

Bizim Prezidentimiz də Qafqazda dayanıqlı sülhü və mehriban qonşuluğu bərqərar etməyə çağıran ümummilli ideya qismində məhz bunu təklif edib. Mürəkkəb görünür? Bəli. Psixoloji cəhətdən çətindir? Olduqca. Amma başqa yolumuz yoxdur. Qonşularımızın nümunəsində biz qəti əmin olduq ki, nifrət və düşmənçilik yolu dalana, çıxılmazlığa aparır. 8 avqust 2025-ci ildə imzalanmış Vaşinqton deklarasiyası İlham Əliyevin yeni strateji məqsədinə sadiqliyini əminliklə nümayiş etdirdi. Təsadüfi deyil ki, Vaşinqton deklarasiyasının imzalanmasından sonra ictimai rəydə səslənən fikirlərdə 5 il əvvəl savaşda müharibəni qazanan Azərbaycan Prezidentinin bu dəfə danışıqlar masasında sülhü qazandığı barədə birmənalı mülahizələr səsləndirilməyə başlandı. 

Bu səbəbdən də, bizə vurulan heç bir zərəri unutmayacağıq, yeni tariximizdən dərs çıxaracağıq, amma eyni zamanda özümüzdə yaşamaq və irəli addımlamaq üçün güc tapacağıq. Üstəlik, Azərbaycan xalqının İlham Heydər oğlu Əliyev kimi gözəl dövlət başçısı var. O, çətin müharibədə zəfər çaldı. Əminəm ki, İlham Əliyev sülhün yaradılmasında da fatehliyini nümayiş etdirəcək...

Rəbiqə NAZİMQIZI tərcümə edib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
525.az

1Mənbələr