AZ

“Qarabağ”ı növbəti mərhələdə nə gözləyir? Tanınmış futbol mütəxəssisinin proqnozu

“Bu nəticənin qazanılmasında başda Qurban Qurbanov olmaqla, məşqçilər heyətinin çox böyük rolu var. Futbol dili ilə desək, burada rəqibi düzgün analiz etmək, onun zəif və güclü tərəflərini nəzərə alıb, ona uyğun oyun planı qurmaq olduqca vacibdir. “Qarabağ”ın özünəməxsus oyun stili var ki, rəqibin adından, gücündən asılı olmayaraq, öz oyun stilindən vaz keçmir. Bunu biz dünən də gördük”.

Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış futbol mütəxəssisi Arif Əsədov “Qarabağ” - “Çelsi” matçını şərh edərkən deyib.

O bildirib ki, “Qarabağ” rəqibi qarşısında ən uyğun taktikanı seçmişdi:

“Amma bəzi məqamlarda rəqibin hücum potensialı və heyətin gücü nəzərə alınmışdı ki, oyunun tempinə dözmək mümkün olsun. Təmsilçimiz “Çelsi” qarşısında düzgün və kompakt oyun sərgiləyərək, rəqibə qələbə üçün ciddi imkanlar yaratmadı. “Qarabağ”ın əks-hücumları daha güclü olduğu üçün, taktika məhz bunun üzərində qurulmuşdu”.

Məşqçi qeyd edib ki, “Qarabağ” ilk 24-lüyü yüksək ehtimalla təmin edib:

“Vacib amillərdən biri o idi ki, təmsilçimiz mütəmadi ingilislərin meydançasında pressinq edirdi. “Çelsi” müdafiəsinə təzyiq göstərərək, onların səhvlərini gözləyirdi. İlk 2 oyunun qələbəsindən sonra bizdə növbəti mərhələ üçün ciddi inam var idi. “Çelsi” matçından sonra rahatlıqla deyə bilərik ki, “Qarabağ” hər bir komanda ilə başa-baş mübarizə apara bilər. İlk 8-liyə də düşə bilər, amma məncə 80-90 faiz ehtimalla 24-lüyü təmin edib”.

Sabiq futbolçu həmçinin vurğulayıb ki, “köhlən atlar” meydan sahibi olduğu oyunlarda daha əzmkar çıxış edir:

“Qarabağ” meydan sahibi olduğu matçlarda daha güclü və əzmkar çıxış edir. Burada azarkeşlərin dəstək və coşğusunu xüsusi qeyd etmək lazımdır. Fikrimcə, qalan oyunlarda təmsilçimiz minimum 4 xal götürərək, növbəti mərhələyə vəsiqə qazana bilər”.

A.Əsədov deyib ki, “Qarabağ” bəzəm güclü rəqiblərinin oyun tərzinə uyğunlaşmaqda çətinlik çəkir:

“Mən futbolçuları bölmək istəmirəm, sadəcə “Çelsi” tipli komandalara qarşı bəzi oyunçular 70-ci dəqiqədən müəyyən çətinlik çəkirlər. Bu da onu göstərir ki, “Qarabağ” futbolçularının öyrəşdiyi templə onların tempi arasında xeyli fərq var. Bunu aradan götürmək vacibdir”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” Bakıda İngiltərənin “Çelsi” klubu ilə 2-2 hesablı heç-heçə edib.

Ağdam təmsilçisi keçirdiyi 4 qarşılaşmadan topladığı 7 xalla 36 komanda siyahısında 15-ci pillədə qərarlaşıb. “Köhlən atlar” növbəti tur çərçivəsində noyabrın 26-da Bakıda İtaliyanın “Napoli” klubunu qəbul edəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
36
1
yenisabah.az

2Mənbələr