"Möhtəşəm bir oyun keçdi. Hətta Marko Yankoviçin səhvi olmasaydı, qalib gələ bilərdik. Çünki ikinci qolun təməl səhvi Yankoviçin idi".
Bu sözləri Redaktor.az-a idman jurnalisti Ağa Dadaşzadə UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda dünən gecə baş tutan "Qarabağ" - "Çelsi" oyununun 2:2 yekunlaşmasından danışarkən bildirdi.
"Biz hücuma atılarkən, arxada boşluqda rəqib bizi yaxaladı və onların sürətli, cüssəli, yüksək fiziki göstəricilərə malik futbolçuları bu fürsətdən yararlanaraq hesabı bərabərləşdirdilər. Düzdür, rəqib ağılasığmaz dərəcədə güclüdür. Onların təcrübəsi və dünya çempionu olmaları da bir növ onlara motivasiya verirdi. Amma dünən də qeyd etmişdim ki, əzmkarlıq önəmlidir", - deyə o xatırlatdı.

Müsahibimiz vurğuladı ki, Zəfər Günü ərəfəsində futbolçularımız da çox əzmkar, inanclı idilər:
"Bu bir daha onu göstərdi ki, həyatda əzmkar yanaşmaqla uğur qazanmaq olar. Bu, möhtəşəm göstəricidir. İlk 24-lüyə düşmək üçün əlavə bir stimul yaranıb. “Çelsi” ilə oyundakı bərabərlik o deməkdir ki, biz “Napoli”dən də, “Ayaks”dan da, “Ayntraxt”dan da xal almağa borcluyuq. Əzmkarlıq möhtəşəm idi. Yəni Azərbaycan futbolçuları belə davam etsə, biz daha çox uğurlara nail ola biləcəyik".
Aytəkin TOFİQQIZI