AZ

Sadiq Qurbanov: Elektromobillərin stimullaşdırılması prioritet olmalıdır

BAKI, 6 noyabr. TELEQRAF

“Azərbaycan son əsrdə orta illik temperaturun 0,4–1,3°C artması, quraqlıq dövrlərinin 34 faiz çoxalması və tozlu hava hadisələrinin beş dəfə artması ilə xarakterizə olunan iqlim transformasiyası ilə üzləşib. Bakı və Sumqayıt kimi sənaye şəhərlərində hava çirklənməsinin 70–75 faizinin nəqliyyat emissiyalarından qaynaqlanması ekoloji idarəetmədə yeni yanaşmaların tətbiqini zəruri edir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə 2026-cı ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bu baxımdan elektrikli nəqliyyat vasitələrinin stimullaşdırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və regional hava monitorinq sistemlərinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir.

“İqlim dəyişikliyinə uyğunlaşma siyasəti çərçivəsində “quraqlıq indeksi”nin bölgə üzrə izlənməsi və səhralaşma risk xəritələrinin hazırlanması elmi əsaslı qərarların qəbulunu asanlaşdıracaq”, - o qeyd edib.

Tullantıların idarə edilməsi və dövri iqtisadiyyatın inkişafına toxunan komitə sədri deyib ki, 2024-cü ildə ölkədə 4,365 milyon ton tullantı yaranıb və bunun 69 faizi bərk məişət tullantılarından ibarət olub: “Həmin resurslardan 232,5 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Bu göstərici dövri iqtisadiyyat modelinə keçidin ilkin nəticələrini əks etdirir.

Lakin tullantıların cəmi 19 faizi enerji istehsalında və ya təkrar istifadədə iştirak edir ki, bu da Avropa İttifaqı və həmçinin qardaş Türkiyənin göstəricilərindən əhəmiyyətli dərəcədə aşağıdır.

Belə şəraitdə ölkədə tullantıların idarə olunmasına sistemli yanaşmanın tətbiqi, regional emal müəssisələrinin yaradılması və mövcud infrastrukturun müasirləşdirilməsi, bərpa texnologiyalarının tətbiqi , maliyyə və investisiya modellərinin, o cümlədən dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmlərinin genişləndirilməsi, ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur”.

Seçilən
46
teleqraf.com

1Mənbələr