AZ

Deputat: “Azərbaycanda futbol yoxdur” ifadəsi doğru deyil, "Qarabağ" necə var bəs?!”

“Ölkədə niyə futbol yoxdur? Futbolçu var, sadəcə, futbolun idarəetməsi arzuolunan səviyyədə deyil. Azərbaycanda o qədər istedadlı futbolçu var ki... İdarəetmə normal qurulmalı, ədalətli bölgü aparılmalı, vəsaitin daha çox infrastruktura, futbolçulara yatırılması təmin olunmalıdır. Sayımız da, imkanımız da Gürcüstandan çoxdur. Necə olur, orda futbolçu yetişir, burda yetişmir? Məktəb məsələsi deyil. Azərbaycanda yüzlərlə futbolçu uşaqlar hazır vəziyyətdədirlər. Limitə baxmaq lazımdır. Niyə xaricilər limitsiz oynamalıdır? Çempionatlarda Azərbaycan futbolçularına üstünlük verilməlidir. Süni meydançalar, futbol bazaların olmaması problem yaradır. Hamısı böyük məsələlərdir. Bütün bunlar yetişməkdə olan bir nəslə öz təsirini göstərir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

““Azərbaycanda futbol yoxdur" ifadəsi doğru deyil. "Qarabağ" necə var bəs?” Bir nəfər bir klubda bunu yarada bilirsə, necə olur ki, başqalarını yarada bilmirlər? Deməli, səbəb başqa yerdə - futbolçunun olmamasında yox, futbolun doğru idarə olunmamasında axtarılmalıdır. Azərbaycanda kifayət qədər perspektivli futbolçular var. Sadəcə, heç veteranları saya salan yoxdur. Onları yığıb yollar axtarmaq, optimal qərarlar qəbul etmək, alt yaş qruplarını stimullaşdırmaq lazımdır. Hətta müəyyən futbol komandaları stimullaşdırılmadıqlarına görə alt yaş qruplarından imtina edirlər. Belə şey olar? Alt qrupu olmasa, sabah ehtiyat rezerv haradan gələcək? Məsələyə bu kontekstdə baxılmalıdır”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 6 Noyabr 2025, 13:22   
Seçilən
27
pravda.az

1Mənbələr