AZ

44 günlük Vətən müharibəsi: diplomatiyadan Zəfərə

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər hərbi-strateji qüdrətin, siyasi iradənin, diplomatik məharətin və milli həmrəyliyin parlaq təcəssümü kimi tarixə düşdü. Bu qələbənin kökləri təkcə cəbhə meydanında deyil, onilliklər boyu ardıcıl aparılan diplomatiyada, siyasi qərarlarda və beynəlxalq platformalarda yürüdülən prinsipial mövqedə formalaşıb. XX əsrin 90-cı illərində Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi yalnız hərbi aspektlərlə deyil, həmçinin böyük geosiyasi proseslərlə, beynəlxalq təşkilatların fəaliyyətsizliyi və bəzən də tərəfkeş mövqeləri ilə şərtlənib. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan yeni dünyagörüşə əsaslanan dövlətçilik modelini formalaşdırmaq və mürəkkəb siyasi şəraitdə regionda suveren mövqeyini təmin etmək kimi çətin vəzifə qarşısında qalmışdı. Həmin dövrdə Ermənistan tərəfindən Qarabağın böyük hissəsinin işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, iqtisadi böhran və siyasi qeyri-sabitlik dövlətçiliyi təhlükə altına almışdı. Belə bir şəraitdə Azərbaycan üçün ən vacib hədəf yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, beynəlxalq aləmdə tanınan hüquqi-siyasi prinsiplərin formalaşdırılması və gələcək strateji qələbənin ideya-siyasi konturunun çəkilməsi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlının “44 günlük Vətən müharibəsi: diplomatiyadan Zəfərə” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin daxili sabitliyi və diplomatik fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Onun siyasi iradəsi sayəsində Azərbaycan müstəqil dövlət kimi özünü beynəlxalq aləmdə təsdiq etdi və Qarabağ problemi qlobal müzakirələrin mərkəzinə çıxarıldı. O dövrdə Azərbaycanın mövqeyini şərtləndirən əsas prinsiplərdən biri ərazi bütövlüyü prinsipinin toxunulmazlığı idi.

1994-cü ildə Budapeşt Sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun formatı təsdiqləndi. Lakin formatın təsdiqlənməsi danışıqların effektivliyi ilə müşayiət olunmadı. Ermənistanın destruktiv mövqeyi və vasitəçilərin qeyri-obyektiv yanaşması nəticəsində proses formal xarakter aldı.

Məhz bu kontekstdə 1996-cı ildə ATƏT-in Lissabon Sammiti Azərbaycan üçün tarixi dönüş nöqtəsi oldu. Sammitdə qəbul edilən və Ermənistan istisna olmaqla bütün iştirakçı dövlətlər (53 dövlət) tərəfindən dəstəklənən üç prinsip münaqişənin həllinin beynəlxalq hüquqi arxitekturasını müəyyənləşdirirdi. Bu prinsiplər Azərbaycanın ərazi bütövlüyünün tanınmasını, Qarabağın dağlıq hissəsinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini və regionda bütün tərəflərin təhlükəsizliyinin təmin olunmasını nəzərdə tuturdu. Ermənistanın bu sənədə veto qoymaq cəhdi isə əslində onun beynəlxalq hüquq müstəvisində mövqeyinin zəifliyini bir daha göstərmişdi. Azərbaycan diplomatiyası həmin gündən etibarən Lissabon prinsiplərini yalnız danışıqların texniki bazası yox, gələcək Zəfərin siyasi-hüquqi təməli kimi qəbul etdi. Lissabon uğuru Heydər Əliyevin diplomatik iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi idi.

1996-cı ildən başlayaraq Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ formalaşdı. Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan diplomatik xətt Azərbaycanın beynəlxalq arenada etibarlı, proqnozlaşdırıla bilən və öz sözünün sahibi olan aktora çevrilməsinə gətirib çıxardı. Həmin dövrdə xarici siyasətin çoxvektorlu strategiyası həyata keçirildi, mərhələli şəkildə enerji layihələri işə salındı, region ölkələri ilə balanslı əlaqələr formalaşdırıldı və ən əsası, müstəqil hərbi sistemin əsası qoyuldu.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etsə də, beynəlxalq təşkilatlar bu müddəaların yerinə yetirilməsi üçün real mexanizm tətbiq etmədilər. ATƏT-in fəaliyyətsizliyi, Minsk qrupunun danışıqları imitasiya edən fəaliyyəti və dünyanın geosiyasi güclərinin ikili standartları münaqişənin dondurulmasına xidmət edirdi. Məhz belə şəraitdə Prezident İlham Əliyevin apardığı uğurlu diplomatiya Azərbaycanın strateji üstünlüyünü təmin etdi. Prezident İlham Əliyev bir tərəfdən Azərbaycanın hərbi-siyasi qüdrətini sistemli şəkildə gücləndirdi, digər tərəfdən isə qlobal güclər arasında balanslaşdırılmış siyasət yürütməklə ölkəni regionun əsas aktoruna çevirdi. Prezidentin diplomatik xətti enerji təhlükəsizliyi layihələrindən tutmuş beynəlxalq təşkilatlarda fəallığa qədər müxtəlif istiqamətləri ehtiva edirdi. “Cənub Qaz Dəhlizi”, TAP və TANAP kimi layihələr Azərbaycanı Avropanın enerji xəritəsində aparıcı dövlətə çevirdi və ölkənin strateji əhəmiyyətini yüksəltdi. Bu, Azərbaycanın mövqeyini təkcə hərbi-siyasi deyil, həm də iqtisadi müstəvidə gücləndirdi.

Azərbaycanın Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olması və 2019-cu ildə sədrliyi ölkənin diplomatik təsir imkanlarını genişləndirdi. Münaqişənin ədalətli həllinin qlobal tribunadan müdafiəsi üçün geniş platforma yarandı. 44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin böyük əksəriyyəti Azərbaycanın mövqeyini dəstəklədi və bu, informasiya-diplomatik müstəvidə mühüm üstünlük təmin etdi.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Soçidə Valday Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi Azərbaycan dövlətinin mövqeyinin ən dəqiq, qəti və hüquqi əsaslara söykənən siyasi formulu kimi tarixə düşüb. “Qarabağ Azərbaycandır!” ifadəsi yalnız emosional şüar deyil, beynəlxalq hüquq, tarixi həqiqət, etnomədəni varislik və siyasi legitimlik kimi çoxlaylı əsaslara malik elmi-siyasi konsepsiyadır. Bu bəyanat Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” iddiasına verilmiş aydın və arqumentli cavab idi. Paşinyanın bu bəyanatı beynəlxalq hüququ, BMT qətnamələrini və danışıqlar prosesini tam şəkildə pozan təxribat xarakterli çağırış idi. Prezident İlham Əliyevin cavabı isə göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyündən heç vaxt geri çəkilməyəcək və Qarabağın statusu məsələsi müzakirə predmeti deyil.

2020-ci ilin iyul ayında Ermənistanın hərbi-siyasi avantürası və Tovuz istiqamətində başlatdığı təxribatlar münaqişəni hərbi mərhələyə keçməyə məcbur etdi. Ordunun modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, kəşfiyyat üstünlüyü və milli ruhun gücü qələbənin əsas amilləri oldu. Həmin il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamaqla BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu həyata keçirdi. Əməliyyatın strateji mahiyyəti “sülhə məcbur etmə” konsepsiyasına əsaslanırdı ki, bu da əslində beynəlxalq hüquqda təcavüzkar tərəfi zor tətbiqini dayandırmağa məcbur etmə vasitəsi kimi qəbul olunur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində nəinki torpaqlarımız işğaldan azad edildi, həm də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin icra olunmamış 4 qətnamənin icrası təmin edildi və bununla da Azərbaycan dövləti BMT-nin üzərinə düşən sülh missiyasını faktiki olaraq özü həyata keçirdi.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi təkcə hərbi əməliyyat deyildi, eyni zamanda, diplomatik mübarizə idi. Müharibə dövründə Prezident İlham Əliyevin qlobal media qarşısında verdiyi müsahibələr, beynəlxalq auditoriyaya ünvanlanan arqumentli mesajlar informasiya cəbhəsinin tam şəkildə nəzarətə alınmasını təmin etdi. Ermənistanın illərlə apardığı dezinformasiya siyasəti ifşa olundu, Azərbaycan həqiqəti qlobal miqyasda bərqərar olundu.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun göstərdiyi igidlik 44 günlük Vətən müharibəsinin strateji və mənəvi mahiyyətini müəyyən edən əsas amillərdən biri oldu. Xüsusilə Şuşa əməliyyatı müasir hərb tarixində düşünülmüş planlama, yüksək taktiki çeviklik və sarsılmaz döyüş iradəsinin nümunəsi kimi dəyərləndirilir. Sıldırım qayalıqlardan səssiz şəkildə irəliləyərək şəhərə daxil olan Azərbaycan hərbçilərinin qətiyyəti bir daha göstərdi ki, müharibələrdə təkcə texnoloji üstünlük deyil, həm də mənəvi ruh, tarixi yaddaş və milli kimlik həlledici rol oynayır.

Qarabağ zəfəri təkcə hərbi qələbə deyil, Azərbaycan dövlətinin siyasi suverenliyinin möhkəmlənməsi, milli kimlik ənənəsinin bərpası və Türk dünyasının tarixi yaddaşının yeni mərhələdə davamlılığının təsdiqidir. Bu qələbə həm regionda güc balansını dəyişdirdi, həm də Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq əzmini daha da möhkəmləndirdi.

2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni beynəlxalq müstəvidə rəsmiləşdirdi. Ermənistanın imzaladığı bu sənəd faktiki olaraq kapitulyasiya aktı xarakteri daşıyırdı. Çünki sənəd Ermənistan ordusunun Azərbaycan ərazilərindən tam çıxarılmasını, hərbi təhdidlərin dayandırılmasını və regionda yeni təhlükəsizlik arxitekturasının Azərbaycanın maraqları əsasında formalaşdırılmasını şərtləndirirdi. Ermənistanın siyasi rəhbərliyi bu sənədi hərbi məğlubiyyətin qaçılmaz nəticəsi kimi imzalamağa məcbur olmuşdu.

Üçtərəfli Bəyanatın mühüm müddəalarından biri də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında maneəsiz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası idi. Siyasi leksikonda Zəngəzur dəhlizi kimi tanınan nəqliyyat-kommunikasiya xətti Azərbaycan üçün təkcə logistik xətt deyil, həm də tarixi coğrafi bütövlüyün bərpası, Türk dünyası ilə fasiləsiz quru bağlantısının yaradılması və regional güc balansının yenidən formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Dəhlizin reallaşması Cənubi Qafqazda yeni iqtisadi nəqliyyat xəritəsinin yaranmasına, Azərbaycanın tranzit imkanlarının genişlənməsinə və regionda uzunmüddətli sabitlik mexanizminin möhkəmlənməsinə xidmət edir.

10 Noyabr kapitulyasiya aktının siyasi nəticələrinin davamı olaraq, 2023-cü ildə Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərin reinteqrasiyası həyata keçirildi, separatçı rejimin mövcudluğu tamamilə aradan qaldırıldı və Azərbaycan dövlətinin suveren hakimiyyəti bölgənin bütün ərazilərində bərpa edildi. Beləliklə, 30 illik işğal dövrü başa çatdı və tarixi ədalət, hüquqi legitimlik və milli suverenlik tam şəkildə təmin olundu.

Vətən müharibəsi yalnız torpaqlarımızın azad edilməsi uğrunda döyüşün tarixi deyil, eyni zamanda, 30 illik diplomatiyanın, milli iradənin və dövlətçilik strategiyasının məntiqi nəticəsidir. Bu qələbə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolun, Ali Baş Komandan İlham Əliyevin isə onu müdrikliklə davam etdirdiyi dövlətçilik xəttinin parlaq təntənəsidir. Bu gün Qarabağda üçrəngli bayrağımız dalğalanırsa, bu, xalqımızın öz dövlətinə, ordusuna və liderinə inamının ən ali göstəricisidir. Zəfər Azərbaycan xalqının vəhdəti, iradəsi və tarixi haqqının bərpası kimi əbədi yaşayacaq.

Qarabağ Zəfəri Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbə deyil, dövlətçilik iradəsinin, milli suverenliyin və tarixi ədalətin bərpasını təsdiq edən strateji-siyasi nəticə kimi yaşayır; bu qələbə milli həmrəyliyin, liderlik məharətinin və Azərbaycan diplomatiyasının uzunmüddətli konseptual xəttinin parlaq təcəssümüdür. Bir sözlə, 1991-ci ildə müstəqillik, 1996-cı ildə beynəlxalq hüquqi əsas, 2020-ci ildə isə tarixi ədalət bərpa olundu.

Seçilən
19
azertag.az

1Mənbələr