AZ

Qurban Qurbanov adına stadion…

BAKI, 6 noyabr. TELEQRAF

2014-cü ildə İstanbulda Başakşəhər stadionunun açılışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılır. O, kürsüdə çıxışı zamanı Fatih Terimi yanına çağıraraq, “İmperator”a sürpriz edir və stadiona Fatih Terimin adının verildiyini açıqlayır. Ömrünün 45 ilini futbola həsr edən Fatih Terim kövrələrək bunu ona sağlığında verilən ən böyük dəyər kimi qiymətləndirir. O zamandan Türkiyə və İdman Nazirliyininin balansında olan, 17 300 azarkeş tutumuna malik stadion Fatih Terimin adını daşıyır.

“İmperator”un karyerasında ən böyük uğur isə “Qalatasaray”la UEFA kubokunu qazanmaqdır. Bəlkə də Avropanın top klubları, məsələn “Sevilya” üçün adi nəticə sayıla bilər. Amma Türkiyə klubları ötən 25 ildə hələ ki, bu uğuru təkrarlamağı bacarmayıb.

İndi gələk bizə. Dünən “Çelsi” ilə oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözələ sual ünvanlanıb ki, “Azərsun Arena”ya Qurban Qurbanovun adı verilə bilərmi? Klub rəhbəri də deyib ki, belə bir təşəbbüs olarsa, bunu dəstəkləyərəm.

Maraqlıdır, klub öz büdcəsinə sıfırdan tikdiyi stadion üçün kimdən təşəbbüs gözləməlidir? Bunu Tahir Gözəl etməyəcəksə, sinəsini önə verməyəcəksə, kim etməlidir?

Əmin olun ki, Qurban Qurbanova eyni sual ünvanlansa, o, təvəzökarlıqdan bu sualdan qaçmağa çalışacaq. Amma ömrünün 17 ilini bir kluba həsr edən, möcüzəvi nəticələrə imza atan bir adama bu dəyər vaxtında verilməlidir. Bu, Qurbanov üçün həm ağır məsuliyyət, həm də gözəl motivasiya olar.

Artıq aydındır ki, Qurban Qurbanov “Qarabağ”dan başqa heç bir kluba getmək istəmir. Çempionlar Liqasında uğurlu çıxış təcrübəli mütəxəssisə olan marağı bir qədər də artırıb. Bundan sonra ona Avropanın ciddi klublarından təklif gələcəyi də istisna deyil. Amma əminəm ki, bu, “Atletiko”, “Çelsi” kimi klublar da olsa, Qurbanov bu təkliflər qarşısında öz şəxsi maraqlarını bir kənara atıb “Qarabağ”da qalmağa üstünlük verəcək.

Çünki Ağdam klubu Qurban Qurbanova Allahverdi Bağırovun mənəvi mirasıdır. Özü də dünən təsdiqlədi ki, nə Mourinyo, nə də Qvardiola olmaq istəyir. Güləbatın ana onu Qurban Qurbanov kimi dünyaya gətirib. Onun adını əbədiləşdirmək isə “Qarabağ” rəhbərliyinin, bizim üzərimizə düşür.

Olmasın “Azərsun Arena”, olsun Qurban Qurbanov adına “Azərsun Arena”…

ABŞ-nin Mussuri ştatında 64 yaşlı süpürgəçi qadın səhər işə gələndə görür ki, məktəbə onun adı verilib. Ömrünün 30 ilini bu məktəbə həsr edən qadın həm süpürgəçidir, həm təhsil ocağının avtobusunu sürür,həm də santexnikdir. Bölgə rəhbərliyi qadının cəmiyyət və uşaqlar üçün nə qədər faydalı olduğunu görəndən sonra bu işi rəsmiləşdirmişdi.

İndi Azərbaycan futbolu üçün bu qədər ciddi işlər görən, bir çox uşaqların futbola yönəlməsinə səbəb olan, bu gün hər kəsin üzündə təbəssüm yaradan Qurban Qurbanov daha nə etməlidir? Çempionlar Liqasının qazanmasını gözləyirik?..

Seçilən
46
teleqraf.com

1Mənbələr