AZ

"Kıskanmak" serialının məşhuru: "Qısqanclığı şeytanın oyun meydançası kimi görürəm" - MÜSAHİBƏ

BAKI, 6 noyabr. TELEQRAF

Türkiyənin məşhur aktrisası İpək Tuzcuoğlu “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İpək xanım, həm Türkiyədə, həm də Azərbaycanda çox sevilirsiniz. Bu sevgini qazandıran əsas amillər nələrdir?

- Tamaşaçılar tərəfindən sevilmək möhtəşəm bir duyğudur. Mən tamaşaçıların sevgisini bir lütf, Allahın mənə bəxş etdiyi bir hədiyyə kimi görürəm. Çünki insanlar sizi şəxsi tanışlıq olmadan, qarşılıq gözləmədən, sadəcə ekrandan gördükləri üçün sevirlər. Bu, çox təsirli bir haldır.

Əlimdən gəldiyi qədər qarşılaşdığım insanlara diqqət ayırmağa, onlarla şəkil çəkdirməyə çalışıram. Sevənlərimə eyni səmimiyyətlə qarşılıq verirəm.

- Karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz serial hansıdır?

- Təbii ki, “Asmalı Konak” serialı. 2002-ci ildə çəkilmiş serialda canlandırdığım Diclə obrazı yaradıcılığımda dönüş nöqtəsi oldu. Bu, mənim 17-ci serialım idi, həm Türkiyədə, həm də başqa ölkələrdə mənə böyük məşhurluq qazandırdı. Yəni "Asmalı Konak" serialı tanınmağıma səbəb olan ən önəmli işlərdən biridir. Hətta desəm ki, bu layihə mənim üçün bir "milad" oldu, səhv olmaz.

Mənə məşhurluq gətirən seriallardan biri də 2010-cu ildə çəkildiyim “Dürriye’nin Düğümleri” oldu. Serial komediya janrında çəkilib, orada Dürriye obrazını canlandırmışam. Bu serial məni yeni bir tamaşaçı kütləsi ilə tanış etdi. Beləliklə, Türkiyədə və başqa ölkələrdə "Asmalı Konak" və "Dürriyenin Düğümleri" seriallarında oynadığım iki fərqli obraz mənə uğur gətirdi.


- Hazırda Türkiyədə reytinqdə ön sıralarda olan “Kıskanmak” serialına çəkilirsiniz. Serial psixoloji mövzusu ilə diqqət çəkir. Bu layihəyə sizi cəlb edən əsas səbəb nə idi?

- Məni bu layihəyə cəlb edən əsas səbəb rejissor Nadim Güçün peşəkar yanaşma tərzi oldu. Onunla çoxdan işləmək istəyirdim. Serialda çəkilmək üçün iş təklifi də Nadim Güç tərəfindən edildi və mənə bildirdi ki, bir layihə var, ssenarini oxuya bilərsənizmi? Mən də məmnuniyyətlə qəbul etdim.

Ssenarini oxuduqdan sonra birinci bölümdən heyran qaldım. Dərin, psixoloji cəhətdən güclü bir əsər idi. Rollarda da çox sevdiyim və işinə heyran olduğum aktyor dostlarım rol almışdı. Bu serialda çəkilmək mənim üçün əsl peşəkar təcrübə oldu.

- Serialda canlandırdığınız Şaziye obrazında sizi ən çox təsirləndirən nə idi? Bu obrazla sizin xarakteriniz arasında oxşar cəhətlər varmı?

- Şaziye mənə bənzəməyən bir qadındır, belə obrazları canlandırmağı sevirəm. Aktrisa kimi əsas hədəfim fərqli xarakterləri oynamaqdır. Çünki bu zaman araşdırma, müşahidə və üzərində işləmə prosesi başlayır.

Şaziye obrazı mənim üçün tamamilə yeni bir xarakter oldu. Mən sakit, tənhalığı sevən bir insanam. Şaziye isə əksinə, yüksək enerjili, daim gülən, amma çox vaxt saxta gülümsəyən, materialist bir qadındır. Bizim ortaq cəhətimiz yalnız həyatda rahat olmağımızdır. Mən də həyatı çox çətinləşdirməyən biriyəm. “Olmursa, olmur” deyirəm. Şaziye də elədir.

- Serial qısqanclığın insan ruhuna təsirini ön plana çıxarır. Sizcə, qısqanclıq münasibətlərə necə təsir edir?

- Qısqanclıq insani münasibətlərə çox mənfi təsir edir. Qısqanclıq insanın aşmalı olduğu neqativ duyğulardan biridir. Çünki bu hiss sizi yaxşıya deyil, pisliyə yönəldir, qaranlığa aparır. Mən qısqanclığı şeytanın oyun meydançası kimi görürəm.

- 2002-ci ildə Səlçuk Karakılıçın rəhbərlik etdiyi Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin dəstəyi ilə Türkiyə Filmləri Həftəsi çərçivəsində Bakıya səfərinizi və Azərbaycan tamaşaçısının marağını necə xatırlayırsınız?

- Azərbaycanlılar məni sevgiylə və böyük sevinclə qarşıladılar. Çox səmimi, qonaqpərvərdirlər. Biz "Bir millət, iki dövlətik". Ona görə də oxşar tərəfimiz çoxdur, fərq hiss etmədim. Onu da deyim ki, Azərbaycan yeməklərini çox sevirəm.

- Azərbaycanda geniş tamaşaçı auditoriyanız var. Azərbaycanlı pərəstişkarlarınıza nə demək istərdiniz?

- Azərbaycanlı izləyicilər məni çox sevirlər, mən də onları. "İnstaqram" vasitəsilə tez-tez yazışdığım azərbaycanlı pərəstişkarlarım var, hətta biri ilə Bakıda görüşmüşəm də. Mənə yazanlara cavab verməyə çalışıram, onlara vaxt ayırıram. İnşallah, yaxın zamanda Bakıya yenidən gəlməyi çox istəyirəm.

- Türkiyə və Azərbaycanın ortaq layihələrində yer almağı düşünürsünüzmü?

- Çox istərdim. Çünki adət-ənənələrimiz, mədəniyyətimiz çox yaxındır. Ortaq bir layihədə yer almaq mənim üçün böyük həyəcan olar.

- Sizcə, iki ölkənin incəsənət dünyasının daha çox ortaq yaradıcılıq işləri görməsinin qarşısındakı maneələr nələrdir?

- Bildiyim qədərilə ortaq istehsallar olub, bu sahədə ciddi maneələr yoxdur. Ölkələr arasında festivalların təşkil edilməsi bu sahədə maneələri aradan qaldırdı. Məncə, əsas məsələ maliyyədir. Güclü maliyyə dəstəyi olsa, çox gözəl layihələr ərsəyə gələ bilər. Təəssüf ki, son illər sponsorların və kino sahəsinə ayrılan büdcələrin azalması film istehsalını çətinləşdirib.

- Bir aktrisa kimi ssenaridə sizin üçün ən vacib məqam nədir?

- Obrazın gerçək və dərin olması. Mən oynamalı olduğum obrazın varlığına inanmalıyam. İnandığım xarakterləri canlandırmağı bacarıram. Ssenaridə ən çox buna diqqət edirəm. Obraz çoxqatlı, enişli-yoxuşlu, həyat kimi olmalıdır. Mən “ağ və ya qara” xarakterləri sevmirəm. İnsan göy qurşağı kimidir – həm yaxşı, həm də pis tərəfləri var. Mən obrazın duyğusal dünyasında rəqs etməyi xoşlayıram.

- Müsahibə üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm. Azərbaycana sevgilərimi göndərirəm. Ümid edirəm, ən qısa zamanda görüşərik. Sevgilərlə!

Seçilən
33
teleqraf.com

1Mənbələr