AZ

Muğanın tacı , ağ qızılın qara biləkli Fatması... Nadir Yalçın

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Nadir Yalçının "Ağ qızılın qara biləkli Fatması" yazısını təqdim edir.

Anası onu pambıq yığandan sonra dünyaya gətiribmiş. Deyiblər ki, yazıq Rza üç qızdan sonra yenə... Bu dördüncü qız – arzuolunmaz qonaq Rza kişinin evinin, həyətinin, sonra rayonunun, nəhayət, Muğan düzünün qara torpaqlarının üzünü ağ edən Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova idi.“Nə vaxt anadan olmusunuz?” sualını verəndə Fatma Hüseynova “pambıq fəslində” cavabını verirdi. Elə 86 yaşı tamam olandan iki gün sonra – oktybarın 16-ı “pambıq fəslində” vəfat etdi. ***Çatmaqaşlı, gün vurub yandırdığı üzünün qaralığını müxtəlif pudralarla ört-basdır edib özünü pambığa oxşatmaq istəyən Fatma Hüseynova Sabirabad rayonunun Qaratəpə kəndində yaşayırdı. Əlləri pambığa xidmət etsə də, xasiyyətində torpaq sərtliyi, torpaq zabitəsi var idi. Kənddə onu bəyənənlər də var idi, bəyənməyənlər də... Fatma Hüseynova 1972-ci ilə qədər ketman vururub, əllə 240 kiloqram pambıq yığıb. Burdan gələn gəlirlə özünə bir tikiş maşını, bir də “Moskviç” alıb. 1972-ci ildən sonra isə pambıq briqadiri kimi fəaliyyət göstərib. Dəfələrlə rekord nəticə göstərib. Elə olub ki, onun briqadası 500 min ton pambıq yığılıb. Həm SSRİ dövrandə, həm Azərbaycan müstəqillik qazanandan sonra müxtəlif orden, medallarla təltif edilib.“Muğanın tacı” ləqəbini qazanıb.Amma o ağ-ağ pambıqlar arasında gəzişən cadar-cadar əllərin sahibi öz taleyini ağarda bilmədi. Heç vaxt ailə qurmadı, oğul-uşağa qarışmadı. Təbii, bu mənim, ya bir başqasının qənaətidir. Bəlkə də, elə Fatmanın xoşbəxtliyi pambıqla yekunlaşırdı....Hərçənd “olacaqlar olacaqlar” məsələsinə müdaxilə mümkün deyil. Amma illər əvvəl “Azad Azərbaycan” Televiziyasında yayımlanan xəbərlər proqramından bir süjeti xatırlayıram. Kənddən kimsə Fatma Hüseynovanın evindən oğurluq etmişdi. Mətbəxin döşəməsindən özünə tunel düzəldən oğru evdə quraşdırılan kameralara tuş gəlmişdi. Həmişə torpaqdan, pambıqdan danışan Fatma Hüseynova bu dəfə ekran qarşısında bu xoşagəlməz hadisənin təfərrüatlarından bəhs edirdi.Bu reportaj sanki Fatma Hüseynovanın pambıq çöllərinin içində yoxa çıxmasına mane oldu, onun sirrini-sehrini qaçırdı. Kaş oğurluqdan əvvəl bütün proseslər yekunlaşardı.Fatmanın evinə girən oğrunun üzünü görəndə Vaqif Səmədoğlunun bu şeirini xatırladım:Əlin sınaydı, sanitar,

O qızı döydüyün yerdə,

Yumruğunla qız üzündə

Anamı söydüyün yerdə.O qız sənin gözlərinlə

O ağaca baxmamışdı,

O qız o gün o ağaca

Elə-belə çıxmamışdı...***Ana babam çox qəribə, maraqlı, sərt və hərdən... el dilində desək, yalnız yeyib-içəndən sonra məzəli kişi idi. Kefi kök olanda müxtəlif mahnılar mızıldanırdı, bəzilərinin sözlərini dəyişirdi. Fatmanın ölüm xəbərindən sonra babamın zümzümə etdiyi mahnı sətri yadıma düşdü:Fatma, Fatma, qardaşa bacı Fatma...O vaxtlar bilmirdim bu Fatma kimdir. Sonradan öyrəndim ki, məşhur pambıqçı Fatma Hüseynova barədə imiş bu nəğmə. Şamama Həsənova, Bəsti Bağırova, Sevil Qazıyeva, Qızqayıt Həsənova, Sürəyya Kərimova kimi qabaqcıl pambıqçıların, SSRİ-nin kollektivləşdirmə, zəhmətkeşliyə çağırış, təmənnasız xidmətin müqəddəsləşdirilməyi uğrunda belə populyarlaşdırdığı isimlərin çoxuna mahnı bəstələnib, şeir yazılıb. Fatma Hüseynova barədə hansısa bəstəkarın mahnısına rast gəlməmişəm. Amma illər əvvəl babamın zümzüməsində Sabirabadın zəhmətkeş qızı barədə xalqın – yerli camaatın düzüb-qoşduğu nəğməni dinləmişdim.İnternetdə “Fatma, Fatma, qardaşa bacı Fatma” sözlərini yazın, həqiqətən, belə bir mahnının olub-olmadığını dəqiqləşdirmək istədim. Məlum oldu ki, belə bir mahnı mövcuddur, mahnının mətni internet resuslarında var: “Muğanın tacı” (Yalçın Rzazadənin repertuarından)Yalçın Rzazadənin oğlu ilə danışıb arxivlərində bu səs yazısının mövcudluğunu xəbər aldım. “Yoxdur”, – dedi.AzTv-nin əməkdaşı Rüfət Seyidov “Qızıl fond”da belə bir mahnıya rast gəlinmədiyini desə də, bir neçə saat sonra Azərbaycan Radiosunun arxivindən səs yazısını tapıb mənə göndərdi və yutuba da yerləşdirdilər.Günün sonuna qədər APA-nın redaktoru Məhbubə Qasımbəyli öyrəndi ki, mahnının musiqisi Emin Sabitoğlu, sözləri isə Səyavuş Sərxanlıya aiddir.

Yer ulduzla bəzəndi,

Göylər yerə küsəndi.

Səhər sənə yaraşdı,

Sən səhərə bənzədin.

Sənsən şən elimin

Şöhrəti, bacım Fatma.

Neçə qız gəlinə

Qardaşa bacı Fatma.***Oktyabrın 28-də – Fatma Hüseynovanın vəfatından 12 gün sonra Prezident İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış oldu. Sabirabadda pambıq zavodu çoxdan var. İndi də lap müasirləşdirilib. Əllə pambıq yığmaq ənənəsi də tarixə qovuşub, texnika hər şeyi həll edir.Amma ən müasir avadanlıqlarla təchiz olunmuş pambıq zavodu xəbərini oxuyanda fikirləşdim ki, Fatma Hüseynova da Koroğlu misalı tüfəng çıxan kimi qılıncını yerə qoyub kənara çəkildi – əbədiyyətə qovuşdu.Ruhun şad olsun, qardaşa bacı Fatma, Muğanın tacı Fatma...

İntiqam - Qılman İlkinin hekayəsi

Əkbər Nəcəf: "Biz tarixə coğrafiya üzərindən, İran isə milli kimlik üzərindən baxır" - Açıqlama

"Netflix" ulduzu anasının 11 yaşı olarkən dünyaya gəlib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
kulis.az

1Mənbələr