AZ

Prezident Fərman verdi

Məhkəmə ekspertizası tarixində elektron xidmətlər dövrü...

Cinayətlərin görünən və görünməyən tərəfləri

Azərbaycanda məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsini və vətəndaş məmnunluğunun  artırılmasını hədəfləyən islahatlar davam etdirilir. Bu istiqamətdə yeni çağırışlar və texnoloji inkişaf nəzərə alınmaqla növbəti mühüm addım atılıb. Söhbət respublikamızda “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılmasından gedir. Bununla bağlı Prezident İlham Əliyev 4 noyabr 2025-ci il tarixində müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Fərmanla Nazirlər Kabinetinə, Ədliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə, eləcə də  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə  müvafiq tapşırıqlar verilib. Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi nəzərdə tutulub.

Tarixə qısa baxış

Baş verən oğurluq halları, qətl hadisələri, kiberdələduzluq, borcların qaytarılmamsı, məişət zorakılığı kimi müxtəlif xarakterli cinayət hadisələrini  sıravi vətəndaşlar yalnız vizual olaraq görürlər. Ancaq bu və ya digər cinayətlərin görünməyən, müəmmalı tərəfləri də var. Bir sıra hallarda cinayətkarlar iz azdırmaq, törətdikləri qanunazidd əməllərin məsuliyyətindən yaxa qurtarmaqdan ötrü ən ağlagəlməz vasitələrə əl atırlar. Burada isə peşəkarlar iş başına keçirlər. Hadisənin baş verdiyi ərazi tədqiq olunur, iştirakçıların ehtimal olunan əhatə dairəsi müəyyənləşdirilir, onlar soğu-suala tutulurlar. Təbii ki, bu zaman, necə deyərlər, əşyayi-dəlillər köməyə gəlir. Hadisə yerindən tapılan əşyalar, qapı, pəncərə üzərində qalan barmaq izləri, tük qalıqları, qan ləkələri, paltar cırıqları, hətta siqaret kötüyü belə izləri əsl cinayətkarların üzərinə apara bilər. Məhkəmə ekspertizalarını həyata keçirən mütxəssislər üçün DNT analizlərinin nəticələri də cinayətlərin müəyyənləşdirlməsində çox mühüm rol oynayır.

Respublikamızda müvafiq fəaliyyətlə məşğul olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaranma tarixi 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində təşkil edilən Kriminalistika kabineti ilə bağlıdır. Bu kabinet azsaylı personaldan ibarət olmaqla qrafoloji ekspertizalar aparmaqla fəaliyyətə başlayıb. Lakin 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilib, kabinetin əmlakı və Azərbaycanın hüquq-mühafizə orqanları üçün ekspertizaların aparılması vəzifəsi Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasına həvalə olunub. 1956-cı ilin iyununda isə Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılıb və bu laboratoriyada qrafoloji, ballistik, trasoloji ekspertizalar aparılıb. 1960-cı ilin dekabrında bu laboratoriyanın əsasında Azərbaycan Respublikası Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu formalaşdırılıb.

Cinayətkarlığın kompleks tədqiqini, hüquq pozuntularının qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış proqnozların və konstruktiv təkliflərin işlənib hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1991-ci ilin iyununda institutun adında və fəaliyyətində dəyişiklik edilərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutu adlandırılıb. Azərbaycan Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılıb və Mərkəz baş idarə səlahiyyətli qurum kimi təsdiqlənib. Hazırda Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar aparır;

-Elmi-tədqiqat işlərini aparır, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;

-Məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərir;

-Ekspert profilaktikasını həyata keçirir;

-Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Genişlənən beynəlxalq əməkdaşlıq

Məhkəmə ekspertizalarının yüksək səviyyədə həyata keçirlməsini təmin etmək üçün beynəlxalq əməkdaşlıq, bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Məhkəmə Ekspertizası Mərkəzinin beynəlxalq qurumlara inteqrasiyanı genişləndirməsi təqdirəlayiqdir.

Qurum 10 fevral 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (“European Network of Forensic Science Institutes - ENFSI”) üzvlüyünə qəbul edilib və onun 60-cı üzvü olub. “MEM-in ISO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə akreditasiya fəaliyyətinin nəticəsi olaraq 24 oktyabr 2012-ci il tarixdə müvafiq xahişlə Türk Akreditasyon Kurumuna (TÜRKAK-a) müraciət edilib, 5-8 fevral 2013-cü il tarixində TÜRKAK-ın audit heyəti sahə auditini həyata keçirib. Nəhayət, Türk Akreditasyon Kurumunun (TÜRKAK) İdarə Heyətinin 14 may 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ISO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” standartı üzrə akkreditə edilib. Akkreditasiya ballistik, trasoloji (o cümlədən daktiloskopik), əlyazmaların və sənədlərin texnik ekspertizaları sahəsində 6 ekspert ixtisası üzrə 16 tədqiqat metodunu əhatə edir.

Fəaliyyətin rəqəmsallaşdırılması

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində də elektron xidmətlər dövrü başlayıb. 2023-cü il dekabr ayının 26-da Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə Ekspertizası Mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə məhkəmə ekspertizası sahəsində fəaliyyətin rəqəmsallaşdırılması, ədliyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması məqsədilə hazırlanmış ekspertizaların icra vəziyyətini izləməyə və nəticələri barədə məlumatlar əldə etməyə imkan verən yeni elektron xidmətin təqdim olunub və onun funksionallığı əyani şəkildə nümayiş etdirilib.

Təqdim olunan e-xidmət vasitəsilə işin (materialın) nömrəsi, ekspertizanın növü, sənədin Mərkəzə daxil olma tarixi, onun icra vəziyyəti, əlavə material (sübutların) təqdim edilməsi və ya tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert tərəfindən vəsatət verildiyi halda onun tarixi, mahiyyəti və vəsatətə baxılması nəticəsi, habelə rəyin verilməsi tarixi, rəy verilmədiyi halda isə səbəbi və sənədin icra olunmadan geri qaytarılması tarixi barədə məlumatlar əldə etmək mümkündür.  Ekspertiza sahəsində tətbiq olunan rəqəmsal innovasiyalar ekspertiza fəaliyyətində şəffaflığın və operativliyin artırılmasına, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasına xidmət edir. Nazirlik tərəfindən yaradılan elektron resursların informasiya təminatı Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərinin müvafiq ekspertiza idarələrinin məlumatları əsasında formalaşıb.

Bəzi məhkəmə ekspertizası növləri elektron qaydada keçiriləcək

Dövlət başçısının imzaladığı Fərmana əsasən “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılmasında məqsəd dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsindən ibarətdir. Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

-məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

-məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

-istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

-məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

-məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

-məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

-məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

-məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

-bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.

Mübariz FEYİZLİ

Seçilən
53
yeniazerbaycan.com

1Mənbələr