AZ

8 Noyabr Zəfəri: Qalib Azərbaycanın yeni dövrünün başlanğıcı dəyirmi masa

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “8 Noyabr Zəfəri: Qalib Azərbaycanın yeni dövrünün başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

Tarix və Etnologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Zəfər Gününün tariximizdə yeri və əhəmiyyəti, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni bir dönəmin başlanğıcı olması haqqında müzakirələr aparılıb.

İnstitutun elmi katibi dosent Bəhmən Əliyev Vətən müharibəsində əldə olunan tarixi qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünü, tam suverenliyini bərpa etdiyini vurğulayıb. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət dövlətçilik tariximizdə əbədi iz buraxıb.

Tarix elmləri doktoru, professor Nazim Məmmədov “İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin səbəbləri və əhəmiyyəti” mövzusunda çıxış edib. Bildirib ki, Vətən müharibəsinin qalibiyyətlə nəticələnməsi hərbi uğur olmaqla yanaşı, milli birliyimizin, xalq-dövlət-ordu həmrəyliyinin təntənəsidir. Bu qələbə Azərbaycan tarixinin yeni mərhələsini, qalib ölkə statusunu formalaşdırıb və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu tarixi nailiyyətin davamı kimi dəyərləndirilməlidir.

Dəyirmi masada Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri dosent Ədalət Mustafayev, aparıcı elmi işçi dosent Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova, aparıcı elmi işçi İlham Həsənov, elmi işçi Aslan Şirəliyev, kiçik elmi işçilər Samirə Hadıyeva və Jalə Rəhimova çıxış ediblər. Məruzələrdə Zəfər Gününün tarixi, siyasi, ideoloji və mənəvi aspektləri, müharibədən sonrakı dövrdə Cənubi Qafqazda yaranan yeni reallıqlar, eləcə də milli kimliyin və dövlətçilik ideologiyasının möhkəmlənməsi məsələləri ətraflı təhlil olunub. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi Azərbaycan xalqının yenilməz iradəsinin, ordumuzun peşəkarlığının və xalqla dövlət arasındakı birliyin parlaq təzahürüdür. Bu qələbə Azərbaycanın taleyində siyasi, diplomatik və mənəvi sahələrdə tarixi dönüş nöqtəsidir, gələcək uğurlarımızın əsasıdır. Dəyirmi masada qələbənin psixoloji üstünlükləri, birinci və ikinci Qarabağ müharibələrinin tarixinin yazılması, bu istiqamətdə elmi tədqiqatlar aparılması, elmi konfrans və simpoziumların keçirilməsi məsələləri barədə müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azertag.az

1Mənbələr