Bakı, 6 noyabr, AZƏRTAC
Fransanın sabiq Prezidenti Nikola Sarkozinin keçmiş iqtisadi müşaviri Alen Mink hazırkı dövlət başçısı Emmanuel Makronu son 50 ilin ən pis prezidenti hesab edir.
AZƏRTAC xəbər verir ki, Alen Mink bunu “Politico” nəşrinə müsahibəsində deyib. “Emmanuel Makron ölkəni hakimiyyətə gəldiyi vaxtdan daha pis vəziyyətdə tərk edir. O, özündən sonra Fransanın siyasi landşaftını çox güman ki, həmişəlik qeyri-sabit qalacağı vəziyyətdə qoyacaq. Bu, bağışlanmazdır”, - deyə sabiq müşavir bildirib.
Siyasətçinin fikrincə, Makron səhvən “özünü istənilən problemi həll etməyə qadir olan ən ağıllı və hiyləgər insan hesab edir”. O, problemin özündən qaynaqlandığını və siyasi böhranı həll etmək üçün istefa verməli olduğunu başa düşmək istəmir.
Nəşrin məlumatına görə, Alen Mink 2017-ci il seçkiləri zamanı Emmanuel Makronun kampaniyasında məsləhətçi olub.
Qeyd edək ki, “Verian” şirkətinin “Le Figaro” jurnalı üçün keçirdiyi sorğuya əsasən, Emmanuel Makronun dəstək reytinqi 11 faizə enib, Bu, onun bütün prezidentliyi dövründə ən aşağı göstəricidir.