AZ

Prezidentin AMEA dan verdiyi mühüm mesajlar

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pərvanə SULTANOVA[email protected]

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyətə malik olan bir sıra istiqamətlər üzrə vacib mesajlar verdi, müasir dövrdə elmi-akademik dairələrin qarşısında duran vəzifələr barədə danışdı. Xüsusi diqqət Azərbaycan dilinin saflığının qorunmasına yönəldi.

Prezident bildirib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Dövlət başçısı bu məsələni 10 il bundan əvvəl də qaldırdığını bildirib: "Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm".

Dövlət başçısı 10 il əvvəl - AMEA-nın 70 illik yubiley tədbirindəki çıxışında bildirmişdi ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan onun mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti və başqa ənənələri olub: "Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir".

Yubiley tədbirində, həmçinin Akademiyanın 80 il ərzində böyük yol keçdiyi, Azərbaycanda elmin inkişafında aparıcı rol oynadığı vurğulanıb. Ulu öndər Heydər Əliyevin hər zaman Azərbaycan alimlərini dəstəklədiyi, ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyətinin təkmilləşdiyi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldığı, elmin inkişafına böyük vəsait ayrıldığı qeyd olunub.

Dövlət başçısının çıxışı zamanı süni intellekt, kibertəhlükəsizlik iqtisadiyyatın, sənayenin, o cümlədən hərbi sənayenin inkişafı, bərpa olunan enerji, geoloji kəşfiyyat, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə aparılan işlər, Azərbaycan tarixinin tədqiqi və təbliği, ermənilərin saxtalaşdırmalarına qarşı mübarizə, Qərbi Azərbaycanda toponimlərimiz, onların saxtalaşdırma və erməniləşdirilməsi problemi kimi önəmli məsələlər diqqətdə olub.

Prezident süni intellektin bu gün artıq ölkələrin gələcək inkişafının ayrılmaz hissəsinə çevrildiyini və bu istiqamətdə geri qalmamaq üçün lazımi addımlar atıldığını söyləyib. Azərbaycan alimlərini bu məsələdə fəal olmağa çağırıb.

Dövlət başçısı tariximizin tədqiqi və təbliğinin də vacibliyinə diqqət çəkib: "Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq... Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq".

Ölkə lideri çıxışında həmçinin Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu söyləyib: "O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var".

Milli Məclisin deputatı Fatma Yıldırım mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə başçısı İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlətimizin elmə, təhsilə və intellektual inkişaf strategiyasına yanaşması sistemli, uzaqgörən və milli dövlətçilik maraqlarına tam uyğundur. Prezident İlham Əliyev bu tarixi çıxışı ilə həm Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna qiymət verdi, həm də gələcəyə yönəlik konkret və strateji prioritetləri müəyyənləşdirdi.

Deputat bildirib ki, Azərbaycan elminin bugünkü səviyyəyə çatmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır:

"Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə elmi-tədqiqat institutlarının yaradılması, elmin maliyyələşdirilməsi və gənclərin Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilməsi siyasəti ölkəmizin intellektual potensialını köklü şəkildə gücləndirilib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrdə uğurla davam etdirilməsi elmi inkişafın dayanıqlı modelini formalaşdırıb. Azərbaycan elminin müstəqillik illərində əldə etdiyi nailiyyətlər məhz bu strateji xəttin davamının nəticəsidir".

F.Yıldırım bildirib ki, bu gün dünyada hər bir ölkənin gücü onun texnoloji potensialı ilə ölçülür: "Süni intellektin, rəqəmsal iqtisadiyyatın və müdafiə sənayesinin inkişafı istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr bu gün reallığa çevrilib. Təbii resurslar bir gün tükənə bilər, lakin elmi potensial, intellektual güc və insan kapitalı Azərbaycanın əbədi və tükənməz sərvətidir. Bu baxımdan, dövlətin elmə, gənclərin təhsilinə, innovasiyaya və texnologiyaya yatırdığı sərmayə əslində Azərbaycanın gələcəyinə, milli təhlükəsizliyinə qoyulan sərmayədir. Elm, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrində dövlətimizin atdığı addımlar göstərir ki, Azərbaycan artıq postneft dövrünün reallıqlarına tam hazırdır".

O, əlavə edib ki, Azərbaycan son 10 ildə inkişaf və zəfərlərlə dolu bir dövr yaşayıb. Torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və suverenliyin tam təmin olunması müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir: "Bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa və yenidənqurma işləri, həyata keçirilən enerji, sənaye və geoloji layihələr Azərbaycanın gələcək inkişafında mühüm yer tutur. Prezidentimizin Azərbaycan dili ilə bağlı dərin məzmunlu fikirləri hər birimizi düşündürməlidir. Bu çağırış hər bir ziyalının, jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın məsuliyyətini artırır. Ana dilimizin saflığının qorunması milli kimliyimizin əsas sütunudur və dövlət başçısının bu məsələni prioritet səviyyəsində qaldırması strateji əhəmiyyət daşıyır. Bugün ölkəmizin iqtisadi göstəriciləri bir daha təsdiqləyir ki, Azərbaycanın iqtisadiyyatı sağlam təməllər üzərində qurulub. Bu güc bizə həm təhlükəsizliyimizi qorumağa, həm də azad edilmiş torpaqlarda böyük miqyaslı bərpa və quruculuq işlərini sürətlə aparmağa imkan verir. Bu gün Azərbaycanın enerji siyasəti artıq yeni mərhələyə qədəm qoyub. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpaolunan enerji layihələri, su, külək və günəş stansiyalarının yaradılması ölkəmizi "yaşıl enerji" ixracatçısına çevirəcək. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı geoloji tədqiqatlar yeni iqtisadi imkanların əsasını qoyur. Bu istiqamətdə Azərbaycan alimlərinin iştirakı dövlətin onlara verdiyi yüksək etimadın təzahürüdür.

Prezidentin çıxışında vurğuladığı əsas məqamlardan biri də Azərbaycan xalqının tarixi həqiqətlərinin təhrifinə qarşı elmi əsaslı mübarizənin vacibliyi idi. Bu məsələdə alimlərimizin, tarixçilərimizin, ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşür. Biz öz tariximizi yalnız tədqiq etməməli, həm də dünyaya elmi əsaslarla təqdim etməliyik. Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxış təkcə elm bayramı münasibətilə deyilmiş sözlər deyil, bu, gələcək inkişafın strateji manifestidir. Elm, təhsil, texnologiya, milli tarix, dil və dövlətçilik məsələlərini vahid ideoloji xətdə birləşdirən bu nitq müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideya təməlini təşkil edir. Azərbaycan alimləri, ziyalıları və gəncləri bu çağırışlardan ruhlanaraq ölkəmizin dayanıqlı, texnoloji və intellektual inkişafı naminə daha əzmlə çalışmalıdırlar. Çünki bu gün biz təkcə müstəqil dövlətin deyil, həm də Zəfər qazanan, elmə və intellektə söykənən qalib millətin nümayəndələriyik".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
525.az

10Mənbələr