AZ

Özəl universitetlərdə ən yüksək və aşağı təhsil haqqı bu qədərdir - SORĞU

Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin təhsil haqqı siyasəti tədrisin keyfiyyəti, ixtisasların spesifikası və universitetlərin maliyyə resursları ilə sıx bağlıdır. Son illər ali təhsil sektorunda rəqabətin artması, tədris mühitinin beynəlxalq standartlara uyğunlaşdırılması və dövlət sifarişli yerlərin genişləndirilməsi nəticəsində təhsil haqlarında fərqli yanaşmalar müşahidə olunur.

Mövzu ilə bağlı AzEdu.az özəl ali məktəblərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Universiteti (AU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova qeyd edib ki, universitetdə ən aşağı illik təhsil haqqı Beynəlxalq ticarət və logistika ixtisasında müəyyən edilib və bu məbləğ 2000 manat təşkil edir. Ən yüksək təhsil haqqı isə 3000 manat məbləğindədir. Bu məbləğ Dövlət və ictimai münasibətlər, Beynəlxalq münasibətlər, Tərcümə (ingilis dili), Politologiya və Sosial iş ixtisaslarına aiddir.

Xəzər Universitetindən verilən məlumata görə, universitetdə illik təhsil haqqının minimum məbləği 4000 manat, maksimum məbləği isə 5000 manatdır. Müəllimlik ixtisaslarında təhsil haqqı 4000 manat, Maliyyə, Turizm və Kompüter mühəndisliyi ixtisaslarında isə 5000 manat olaraq müəyyənləşdirilib. Qeyd olunub ki, Xəzər Universitetində qəbul olunan tələbələrin təxminən 70 faizi dövlət sifarişi əsasında təhsil alır. Dövlət sifarişi çərçivəsində tələbələrin təhsil haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən təqdim edilən məlumata əsasən, bu ali təhsil müəssisəsində illik təhsil haqqının minimum məbləği 1500 manat, maksimum məbləği isə 2500 manat təşkil edir.

Beləliklə, aparılan müqayisə göstərir ki, qeyd olunan universitetlər arasında ən aşağı təhsil haqqı Bakı Avrasiya Universitetində, ən yüksək təhsil haqqı isə Xəzər Universitetində tətbiq olunur.

Seçilən
38
azedu.az

1Mənbələr