
Ləman Süleymanova
Məsələ ilə bağlı diyetoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışaraq bildirib ki, suyun bədən üçün rolu əvəzolunmaz olsa da, onun arıqlatma təsiri yalnız dolayı şəkildə mümkündür: “İlk növbədə su barədə danışmaq istərdim. Məlum olduğu kimi, insan orqanizminin hər zaman suya böyük ehtiyacı var. Dərimizin gözəl və sağlam görünməsi, bədənin gəncliyini qoruması, hüceyrələrin normal fəaliyyəti üçün su həyati əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, elmi araşdırmalara görə, insan orqanizminin təxminən 60-70 faizi sudan ibarətdir.
Su qəbulunun artması maddələr mübadiləsini aktivləşdirir, amma təkbaşına arıqlamağa səbəb ola bilməz. Orta hesabla bir insan gün ərzində 2-2,5 litr su qəbul etməlidir. Bu, yalnız susuzluğu yatırmaq üçün deyil, həm də orqanizmin daxili sistemlərinin düzgün işləməsi üçün vacibdir. Su çatışmadıqda maddələr mübadiləsi zəifləyir, hormon balansı pozulur, bağırsaq fəaliyyəti ləngiyir. Nəticədə bədəndə toksinlər toplanır və artıq çəki yaranır".
Ləman Süleymanovanın sözlərinə görə, suyun əsas rolu bədən sistemlərini balansda saxlamaq, toksinləri xaric etmək və hüceyrə yenilənməsini təmin etməkdir: “Bir dəqiqə ərzində orqanizmdə 4 milyon eritrosit, yəni qırmızı qan hüceyrəsi məhv olur və elə bu qədər də yenisi yaranır. Bu prosesin normal getməsi üçün su zəruridir. Amma suyun bu funksiyası onu yağ yandıran vasitəyə çevirmir. Sadəcə, düzgün su rejimi bədənin təbii enerji sərfini artırır.
Son illər Yaponiyada və Cənubi Koreyada funksional içkilər tendensiyası geniş yayılıb. Lakin bu cür məhsulların çoxu marketinq yönümlü olur və onların iddia edilən təsirləri elmi cəhətdən tam sübuta yetirilməyib. Əgər belə bir içkinin tərkibində maddələr mübadiləsini dəstəkləyən təbii komponentlər varsa, o zaman bu, orqanizmə müəyyən qədər kömək göstərə bilər. Lakin arıqlamaq üçün hər şeydən əvvəl düzgün qidalanma və hərəkət vacibdir. Yalnız su içməklə yağların əriməsi elmi baxımdan mümkün deyil. Su həm sağlamlıq, həm də gözəllik üçün ən təbii və ucuz vasitədir, lakin “möcüzə içki” adlandırmaq doğru deyil.
Bəzən insanlar çay, qəhvə və qazlı içkiləri suyun əvəzinə qəbul edirlər. Halbuki bu içkilər əksinə, bədəndən suyun itirilməsinə səbəb olur. Ən yaxşısı təmiz su içməkdir. Xüsusilə səhər oyanandan sonra bir stəkan ilıq su içmək bədəni oyadır və toksinlərin atılmasına kömək edir".